Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Pansionat qaçqınları


«İşığımız da var. Şəxsən mən özüm bununla maraqlanıram, işıq və su işçiləri ilə, nəqliyyat departamenti ilə də - yaxşı, səviyyəli işləyən insanlar var – aramızda xətir hörmət var, zəng edirəm bərpa edirlər».

«Nə kompüter otağımız var, nə kimya otağımız... amma dərslərin keyfiyyəti yaxşıdır»
Yusifovların evinə bitişik və artırma kimi görünən iki mərtəbəli, suvaqlı ev isə yaşayış yeri deyil. Ora məktəbdir. 9 saylı Şuşa orta ümumtəhsil məktəbində 147 nəfər təhsil alır. Əksəriyyəti qaçqın və məcburi köçkün uşaqlarıdır...

BİZ PREZİDENTİMİZLƏ FƏXR EDİRİK, AMMA...

Məktəbin ədəbiyyat müəllimi Aygün İsayeva deyir ki, məktəbin qabiliyyətli uşaqları çoxdur. Amma şərait yoxdur ki, istedadlarını göstərsinlər.

«Düzdür, biz prezidentimizin apardığı siyasəti – həm iqtisadi, həm siyasi cəhətdən – apardığı siyasəti dəstəkləyirik. Biz inanırıq, biz prezidentimizlə fəxr edirik, amma ta 20 il qaçqınlıq olmaz. Öz doğma torpaqlarımıza qayıtmaq istəyirik!»

İki mərtəbəli məktəb binasının yanında əlavə tikilmiş sinif otaqları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməkliyi ilə inşa edilib.

Şagirdlərlə söhbətimdən bəlli oldu ki, onlar dərslərin keyfiyyətindən razıdırlar. Amma...

BÜTÜN DƏRSLƏR BİR OTAQDA

«Nə kompüter otağımız var, nə kimya otağımız... amma dərslərin keyfiyyəti yaxşıdır. əlavə otaqlar olsa, yaxşı olar. Bütün dərsləri bir yerdə keçirik».

Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev şagirdlərin bu problemindən xəbərdar olduğunu bildirdi.

«Laboratoriya və kabinetlər indiki vəziyyətdə mümkün deyil. Sizin o gördüyünüz tədris üçün nəzərdə tutulmayan binadır. Lagerin otaqları uyğunlaşdırılıb, siniflər kimi müvəqqəti köçkünlük dövründə istifadə etməyə.Yavaş-yavaş onlar da öz yerini tapacaq, inşallah».

YOLPULU – ALİ TƏHSİL YOLUNDA ƏNGƏL

Ədəbiyyat müəllimi Aygün İsayevanın sözlərinə görə, məktəbin keçən ilki abituriyentlərindən ali məktəbə heç kəs daxil olmadı. Buna həm maddi, həm də mənəvi sıxıntıları təsir edib.

«Qabiliyyətli uşaqlarımız var ki, məsələn, texnikuma girə bilərlər. Amma bura ilə şəhərin arası bir az uzaq olduğu üçün, maddi sıxıntıları, elə yolpulu verə bilmədikləri üçün valideynlər deyir ki, yolpulunu verə bilməyəcəyəm, ona görə uşağımın təhsilini davam etdirmək istəmirəm».

9 saylı Şuşa orta məktəbinin 2 kompüteri var. Həm də Valideyn Şurasının sədri olan Şahlar Yusifov deyir ki, Rabitə və İnformasiya texnologiyaları nazirliyinə internetə çıxış yaratmaq üçün müraciət ediblər.

«Rabitəçi» pansionatı dənizdən təqribən 4-5 km aralıda yerləşir. Müəllimə Aygün İsayeva deyir ki, bu, uşaqların sağlamlığında özünü büruzə verir:

«Uşaqlarımızın demək olar ki, yarısı müalicələrlə doğulur. Buranın havasını tam götürmürük. İnanırsınız, burda birdən işıqlar sönür, həftələrlə işıqsız qalırıq. Qaz yox, sularımız kəsilir, camaatı qınamalı deyil».

3-CÜ KÖÇKÜNLÜK QORXUSU…

Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı – «Rabitəçi» pansionatının əksər sakinlərini özlərinin dili ilə desək, üçüncü dəfə köçkün sala biləcək səbəbdir. Onlar 20 ilə yaxın yaşadıqları yerdən köçmək istəmirlər.

Məktəbin ədəbiyyat müəllimi Aygün İsayeva deyir ki, məktəbin qabiliyyətli uşaqları çoxdur. Amma şərait yoxdur ki, istedadlarını göstərsinlər
71 yaşlı Şahmar Quliyev deyir ki, övladları, nəvələri ilə pansionatın 2 mərtəbəli evində yaşayırlar, pansionatın həyətində bu birotaqlı evdə isə cücələri saxlayır:

«20 ildir məskunlaşmışıq. Şərait yaratmışıq özümüzə, hərə bir iş tapıb. Təzə köçən yerə, nə bilim nətər olar?»

Şahlar Yusifov da söhbətə qoşulur:

«Biz yasımızı da yola verə bilirik, xeyir işimizi də. Bunun üçün prezidentimizə və Əli Abbasova minnətdarıq. Həqiqətən, səhər tezdən durub, axşamacan ailəmiz üçün çalışarıq. Amma bizi aparıb zdaniyaya kletka kimi qoymaq həqiqətən günahdır. Çünki bizim əlimiz-qolumuzun bağlanmağı deməkdir».

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun bildirdiyinə görə, Bakı şəhərində həyət evlərinin verilməsi mümkün deyil.

PANSİONATDAKI KÖÇKÜNLƏR GÜNDƏLİKDƏ YOXDUR

«Məcburi köçkünlər istəyirlərsə, siz ona deyin ki, rayonlarda biz sizə həyət evləri veririk, görün gedirlərmi? Təbii ki əvvəlki yaşayış məntəqəsi daxilində istəyirlər. Və orda da torpaq sahəsinə uyğun olaraq – torpaq sahələri ilə bağlı problemlər var bildiyimiz kimi. Ona görə də hündür mərtəbəli evlər tikiləcək».

Sənan Hüseynov deyir ki, məcburi köçkünlərin sanatoriya və pansionatlardan köçürülməsi hələ ki, nəzərdə tutulmayıb. Dövlət proqramına əsasən, Yevlax rayonunda 932 ailəlik on ədəd beşmərtəbəli bina inşa ediləcək. Və məcburi köçkünlərin Ağdam rayonu ərazisində qamışdan inşa edilən evlərdən, bəzi təhsil müəssisələrinin yataqxanalarından köçürülməsi nəzərdə tutulub.

DALĞA «DALĞA»YA ÇATIR

Dənizdə bir az güclü külək əssə, dalğa «Dalğa» pansionatındakı evlərə də gəlib çıxar: dənizlə evlərin məsafəsi o qədər qısadır!

Pansionatın ərazisi dənizə qədər hasarlanıb. İlk gözə dəyən hasarlanan ərazinin tən ortasında yarımçıq qalmış iki mərtəbəli, üstüaçıq binadır. Bu pansionatın ən böyük və ən hündür binasıdır.

«Rabitəçi»dən fərqli olaraq burda qollu – budaqlı ağaclara, əkin-biçin sahələrinə rast gəlmək qeyri-mümkündür. Çünki pansionatda məskunlaşmış məcburi köçkünlərin qışda yağıntı, yayda isə quraqlıq problemi həyətyanı sahələrinə diqqət yetirməyə də imkan verməyib.

VANNA-VEDRƏ SIRA-SIRA...

«Dalğa» pansionatında yaşayan məcburi köçkünlərin əksəriyyəti deyir ki, dövlətdən heç bir imtiyaz və yardım almırlar
Hər evin damını isə şiferləri saxlayan daşlar bəzəyir. Sakinlər deyir ki, şiferlər köhnə olduğundan onları mıxlaya bilmirlər. Amma Hicran İsmayılovagilin evini heç bu şiferlər də yağışdan qoruya bilmir. Evlərinin ortasında vedrə, vanna sıra ilə düzülüb. Hicranın anası Dilarə İsmayılova evin tavanındakı deşiyi göstərir:

«Bu yağan yağış bunların başına yağır. Damın üstü yoxdur. Sement-beton özümüz tökürük. Yağan yağışı sement çəkir canına. 3-4 gün yağış kəsəndən sonra damır, yer-yurd olur su. Uşaqlar hamısı xəstə düşür. əlimizdə imkan yox, iş yeri yox».

«Dalğa» pansionatında yaşayan məcburi köçkünlərin əksəriyyəti deyir ki, dövlətdən heç bir imtiyaz və yardım almırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun sözlərinə görə isə imtiyazlar olduğu kimi qalıb.

«Məcburi köçkünlər bütün kommunal xidmətlərdən azaddırlar. Aylıq yemək xərci alırlar bankomat vasitəsilə, necə yəni kömək göstərilmir?»

2 AİLƏNİ KARTON DİVAR AYIRIR

Ağdamdan məcburi köçkün olan Şakir Bayramovun ailəsi 6 nəfərdən ibarətdir. Otaqları karton arakəsmə ilə ayırıblar. Karton divarın bu tayında özü, o biri tayında isə oğlu iki körpə uşağı və yoldaşı ilə yaşayır.

«Niyə bizə baxan yoxdur? Niyə şərait yaradan yoxdur? Bizə baxırlar baxsınlar, baxmırlar, axan o dənizə gedək də! Gedək bizim evə bax, başımıza damır, divarlar sudur, salafan çəkirlər evin üstünə, çıxın baxın da...belə yaşamaq olmaz...»

54 yaşlı Şakir Bayramov deyir ki, çörəkpulu qazanmaq üçün fəhləlik edir, yer belləyir amma aldığı 40 manat pul ailəsini saxlamağa bəs etmir.

«Bayramdır, mənim bu dəqiqə evimdə turş alça yoxdur ki, qoyum stoluma. Gedib kreditə girib maşın almışam ki, fəhləlik edim. Yox ee, neyləməliyəm?»

QAÇQINLARIN SUYUNU HANSI ƏJDAHA KƏSİB?


«Dalğa» pansionatını əhatələyən iki-üç mərtəbəli villalardı. Kəlbəcərdən olan İlyas Əmrahov deyir ki, yayda bu villalar onların suyunun qarşısını kəsir. Lap nağıllardakı əjdaha kimi!

«Bu trasda hamısı imkanlı insanlardır. Bu imkanlı insanlar da o bizim boruya bir neçə yerdən qoşulublar, o suyu motor qoyub çəkirlər. Yəni su bu yoxuşu çıxmır ki, burda camaata gəlsin».

Qonşular da söhbətə qatılır:

Pansionatlardakı qaçqınların tezliklə yeni evlərə köçürülməsi məsələsi gündəmdə deyil
«Burda da yayda – aprel ayından düz sentyabra qədər su olmur. Gedirik bağ evlərindən su gətirməyə - bir gün verirlər, iki ün verirlər, sonra qapını açmırlar».

«Sudan çox əziyyət çəkirik. Elə bax bağlara, küçələrə düşə-düşə, zülmlə. Kondisionerin suyunu yığıb əlimizi yuyuruq. Vallah, desəm gülməlidir».

Sakinlər deyir ki, «Azərsu» Səhmdar Cəmiyyətinə bu problemlə bağlı dəfələrlə müraciət ediblər. «Azərsu» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Akşin Rüstəmov isə həmin məcburi köçkünlərin müraciətlərinə baxıldığını deyir:

«Onların müraciətindən sonra biz də müraciət etdik ki, yaxşı olar ki ora əlavə xətt çəkilsin. Və o villalarla bağlı olmasın».

«Azərsu» Səhmdar Cəmiyyətinin müraciət etdiyi Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Sənan Hüseynov isə bildirdi ki, indi əsas məsələ pansionat və sanatoriyalardan məcburi köçkünləri tədricən köçürməkdir. Müvəqqəti çətinlikləri isə onun dediyinə görə, rayon icra hakimiyyətləri yoluna qoyur.

AVTOBUSA QƏDƏR 20 DƏQİQƏ PİYADA

«Dalğa» pansionatı Fatmayı kəndinin sonunda yerləşir. Kəndin bu müvəqqəti sakinləri avtobus dayanacağına çatmaq üçün 2-3 km yolu piyada getməli olurlar:

«73-ün dayanacağına piyada gedib-gəlirik: əli zənbilli, uşaq qucağımızda piyada...»

«Hardasa piyada gedişi ilə 20 dəqiqəlik yol var da belə. Yoldaşım həmişə deyir ki, yarım saata gedib çıxır. 134-də də uzaq düşürük, 73 nömrəliyə də. Eyni istiqamətli yollardır».

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov da Dalğa pansionatından şikayət aldıqlarını deyir. Onun sözlərinə görə, artıq «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də danışıqlar aparılıb. İndi onun «Dalğa»çılara bir müjdəsi var.

«Yaxın vaxtlar deyəndə mən yay aylarını nəzərdə tuturam. Hər şey hərəkət sxeminin təsdiqlənməsindən asılıdır. Çünki bu, digər marşrutlarla paralellik təşkil etməməlidir. Nə də ki, ehtiyac olan yerlərdən avtobus alınıb ora verilməməlidir. İnşallah, yəqin ki, bir-iki ay ərzində bu məsələ öz həllini tapacaq».

İlyasın 70 yaşlı anası Kəlbəcərdəki ikimərtəbəli evlərinin şəklini çərçivəyə salıb saxlayır
«Dalğa» pansionatından köçmək və yeni evlərlə təmin olunmaq istəyən məcburi köçkünlər hələ gözləməli olacaq. Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Sənan Hüseynov:

«MƏRHƏLƏLİ ŞƏKİLDƏ KÖÇÜRÜLƏCƏK»

«Bu gün dövlətin o imkanı yoxdur ki, bütün qaçqın-köçkünün problemini həll etsin. Ondan ağır vəziyyət həll edilir. Siz çadır şəhərciyində yaşayanları görmüşdünüz? Bəs ordakı şəraitlə burdakı müqayisə olunasıdır? Məktəblərdə məcburi köçkünlər məskunlaşıb ki, bir tərəfdə tədris gedir, bir tərəfdə qaçqınlar qalır. 262 məktəb var ki, necə ağır vəziyyətdə. Yəni mərhələli şəkildə onlar hamısı həyata keçiriləcək».

İlyas Əmrahov isə yaşadıqları bütün çətin vəziyyətlərə baxmayaraq 3-cü dəfə köçkün olmaq istəmir. «Dalğa»dakıların çoxu birinci dəfə ya Ağdam, ya da Kəlbəcərdən, ikinci dəfə Bərdədən və ətraf rayonlardan köçkün düşüblər:

«Atam-anamın 70-71 yaşı var, indiyə kimi burda yaşayıb, əkib-becərib. Bilir ki, çəkicini, mismarını hara qoyub. Amma burdan başqa bir yerə köçsə, mənə elə gəlir ki, özü dözməyəcək, heç bir il çəkməz ki, rəhmətə gedər. Elə burdakı evimizi kömək etsinlər düzəldək, yaşayaq da, ta nə qalıb ki...»

..İlyasın 70 yaşlı anası Kəlbəcərdəki ikimərtəbəli evlərinin şəklini çərçivəyə salıb, gözünün qarşısında saxlayır və ümid edir ki, nə vaxtsa ora qayıdacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG