Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

«Meşə qardaşları»nın cəzası qüvvədə saxlanıldı


Bakı Apelyasiya Məhkəməsində «Meşə qardaşları» kimi tanınan silahlı birləşmənin üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə məhkum edilmiş dəstə üzvlərinin apelyasiya şikayətləri təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Elman Osmanov məlumat verib.

Apelyasiya məhkəməsi Elnur Bəşirovun, Kamran Bazorginin, Qüdrət Məlikovun, Ülfət Məlikovun, Rafiq Ağacanovun, Anar Vəlimətovun, Aleksandr Nurəliyevin, Rasim İsgəndərovun, Zabit Şıxbabayevin, Orxan Osmanovun, Fariz Məmmədovun, Ali Yamanın və Ergin Özdəmirin cəzasını qüvvədə saxlayıb. Həmin şəxslər ötən il noyabrın 5-də birinci instansiya məhkəməsinin hökmü ilə 2 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər. Onların bəziləri cəzalarının yüngülləşdirilməsini, bəziləri isə bəraət hökmü çıxarılmasını istəyirdilər.

Onların arasında Bakıdakı «Əbu-Bəkr» məscidində törədilmiş partlayışda təqsirləndirilənlər də var. Dəstə üzvləri Zaqatala rayonundan olan və Çeçenistanda döyüşən «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyevin və onun «Süleyman» ləqəbli yaxın qohumu Samir Mehdiyevin başçılıq etdiyi qanunsuz silahlı birləşmə tərkibində Azərbaycanda və Azərbaycandan kənarda hərbi təlimlər keçməkdə təqsirləndiriliblər. Təqsirləndirilən şəxslərin əksəriyyətinə bunlarla yanaşı, narkotik vasitələrdən istifadə və qanunsuz silah gəzdirmə ittihamları da verilib.
XS
SM
MD
LG