Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 15:40

«Cəlilabad rayonunda təhsil çox biabırçı vəziyyətdədir»


Təhsildə baş verən neqativ halların aradan qaldırılması üçün obyektiv yoxlamaların aparılması zəruridir
Təhsildə baş verən neqativ halların aradan qaldırılması üçün obyektiv yoxlamaların aparılması zəruridir
- Hazırda Cəlilabad rayonunda təhsil çox biabırçı vəziyyətdədir.

- Rayon təhsil şöbəsi kifayət qədər korrupsiyalaşmış bir şöbədir.

- Bəzi müəllimlər səslərini çıxarmırlar. Bu isə ümumilikdə təhsilin keyfiyyətinə zərər vurur.

Bunu Cəlilabad rayonunda çalışan müəllimlər deyir. Onlar iddia edirlər ki, rayonun təhsil sahəsində mövcud olan neqativ hallarla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etsələr də heç bir araşdırma aparılmayıb:

TƏHSİL ŞÖBƏSİ BAZARA DÖNÜB

- Cəlilabad təhsili tamamilə bərbad vəziyyətdir. Kompyuterlər ayrılıb məktəblərə, onların 90 faizi işləmir, məktəblərə ayrılan vəsaitlər məktəblərə verilmir.

- Sıravi müəllimlər işlərinin öhdəsindən yaxşı gəlirlər. Amma problemlərimiz çoxdur. Problemin həll olunmamasının əsas səbəblərindən biri madiyyatın güdülməsidir.

- Hansı müəllimlər ki, mübariz deyil, təzyiq altındadırlar, hər ay maaşlarından 30 faiz alınır. Məktəb üçün dövlətin pulu ilə keyfiyyətsiz partalar alırlar. 6 ay keçmir stollar, stullar qırılır.

- Hər bir məktəb direktoruna ayda müəllimlərdən 1000-1500 manat pul yığılması ilə bağlı tələb qoyulub. Attestatdan keçə bilməyən IX və XI sinif şagirdlərindən rüşvət alır. Məktəb direktorlarına təkidlə üzünü belə görməyən şagirdlərin adının jurnalda getməsi üçün tələb qoyur. Cəlilabad rayonunda 10 belə şagirdi mən özüm faktla göstərə bilərəm. Dəfələrlə bütün aidiyyəti qurumlara müraciət edilib. Bu məsələlərlə maraqlanan yoxdur. Demək olar ki, təhsil şöbəsi monopoliyaya çevrilib, bazara dönüb.

Cəlilabad rayon təhsil şöbəsinin rəisi Ədalət Əsgərov şikayət edən müəllimləri başqa məqsədlər güdməkdə qınayır. Onun sözlərinə görə, bu onun barəsində ilk şikayət deyil:

ONLARIN BAŞQA MƏQSƏDLƏRİ VAR


- Mən etiraz etmirəm, buyursunlar, faktları araşdırsınlar. Bu birinci yazı deyil. Onların başqa məqsədləri var. Mənim özümün 30 ildən artıq müəllim stajım var. Kiməsə qiymət yazdırmaqla və digər məsələlərlə bağlı onların faktları varsa, vaxtında gəlib mənə müraciət edərdilər. Mən də çox şey deyə bilərəm.

YALNIZ CİDDİ ƏSASI OLAN ŞİKAYƏTLƏR ARAŞDIRILA BİLƏR

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəisi Bayram Hüseynzadə isə deyir ki, yalnız ciddi əsası olan şikayətlər araşdırıla bilər:

Vurğun Əyyub
- Təhsil naziri bu fikirdədir ki, yoxlamaların özləri bəzən neqativ nəticələr verir. Ciddi əsaslı səbəblər olmadan yoxlamalar rəhbərlik tərəfindən qadağan olunub. Nazirlik tərəfindən heç bir yoxlama aparılmır. Nazirliyə gün ərzində minlərlə şikayətlər daxil olur. Hər bir adamın şikayəti əsasında yoxlama aparıla bilməz.

Keçmiş təhsil işçisi Vurğun Əyyub isə deyir ki, təhsildə baş verən neqativ halların aradan qaldırılması üçün obyektiv yoxlamaların aparılması zəruridir.

TƏHSİL NAZİRLİYİNİN BORCUDUR Kİ, ŞİKAYƏTİ ARAŞDIRSIN

- Ölkənin bir çox məktəblərində vəziyyət belədir. O ki, qaldı nazirlik rəsmisinin cavabına bu təbii ki, absurddur. Şikayəti bir nəfər də, 10 nəfər də 100 nəfər də edə bilər. İstənilən halda əgər şikayət varsa, Təhsil Nazirliyinin borcudur ki, şikayəti araşdırsın. Əgər araşdırmısa, Təhsil Nazirliyi öz işinin öhdəsindən gəlmir, məsuliyyətsizlik göstərir və məmuru müdafiə məqsədi güdür. Ona görə də bu cür şikayətlərə barmaqarası baxırlar.

Hüquqşünas Anar Ramazanov isə bildirir ki, şikayətçilərin söylədiklərini faktlarla sübuta yetirilməsi üçün müvafiq qurumlar yoxlamalara başlamalıdır:

- Burda səslənən fikirlər əslində çox ciddi ittihamlardır. Ciddi araşdırma aparılmasa, məsələ ilə bağlı konkret fikir söyləmək olmaz. Tutarlı fakt olmadan heç bir tərəfi ittiham etmək mümkün deyil. Xüsusilə də müəllimlərin dedikləri çox ciddi korrupsiya hallarıdır. Təhsil Nazirliyi, prokurorluq, vergi orqanları hətta lazım gələrsə polislər yoxlamalara başlamalıdır.

MÜSAHİBƏDƏN SONRA HƏDƏ-QORXU

Şikayətçi müəllimlərdən biri Murad Hüseynov yenidən bizimlə əlaqə yaradaq, ona müsahibəsindən sonra rayon təhsil şöbəsinin rəisi tərəfindən ona hədə-qorxu gəlindiyini bildirdi.

Şöbə rəisi Ədalət Əsgərov isə hər bir vətəndaşın şikayət etmək haqqını xatırladaraq, həmin müəllimlərin onu haqsız olaraq ittiham edəcəkləri təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi.
XS
SM
MD
LG