Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:33

«Eynulla Fətullayevin ailəsini hədələyənlər məsuliyyətə cəlb edilməlidir»


Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hökumətini Eynulla Fətullayevin ailəsinə ölüm təhdidini araşdırmağa çağırır.

Martın 17-də «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktorunun ailəsinə naməlum şəxs zəng edərək, ölümlə hədələyib.

Jurnalistin atası Emin Fətullayev AzadlıqRadiosuna bunları deyib:

«Günorta vaxtı idi, evə zəng olundu, məni hədələdilər. Dedilər ağzınızı yumun, oğlun da, özün də danışmayın. Sizi məhv edərik. Evdə qonaqlar var idi deyə mən cavab verə bilmədim. Getdim Yasamal rayon 26-cı polis bölməsində hədələnməyimlə bağlı ərizə yazdım”.

Jurnalistləri Müdafiə Komitəsi deyir ki, E. Fətullayevin ailəsinin hədələnməsi araşdırmalı və həmin adamlar məsuliyyətə cəlb edilməlidir.

Komitənin Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Oqnyanova: «Biz Eynulla Fətullayevin qurama ittihamlarla həbsdə olduğu vaxtda ailəsinin ölümlə hədələnməsindən hiddətlənmişik».

Eynulla Fətullayev 2007-ci ildə terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin dekabr ayında ona qarşı üzərindən geroin tapılması ilə bağlı ittiham irəli sürülüb və o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Jurnalist özü ittihamları qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycan hökumətinə qarşı iddiası üzrə iş yekunlaşmaq üzrədir.
XS
SM
MD
LG