Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:18

Türkiyəyə dayəliyə yoxsa?...


Ötən il 76 nəfər insan alverinə görə saxlanıb, onlardan 58-i məsuliyyətə cəlb olunub.
Ötən il 76 nəfər insan alverinə görə saxlanıb, onlardan 58-i məsuliyyətə cəlb olunub.
«Məni orada qapalı yerdə saxlayırdılar. Orada çoxlu azərbaycanlılar, başqa millətlərdən, əsasən keçmiş SSRİ-dən olan qadınlar vardı. Şəxsən mən hər gün azı 5-6 dəfə cinsi istismara məruz qalırdım. Bizi küçəyə çıxmağa qoymurdular. Bilmirdik, gecədir, gündüzdür, heç orda pəncərə də yox idi».

Sveta Əliyeva iki il əvvəl işləmək adı ilə Türkiyəyə aparılıb. Bakıda ona deyibmişlər ki, İstanbulda işləmək üçün tibb bacıları, dayələr, mağazada satıcılar tələb olunur. Özlərinə də yüksək maaş vəd ediblər. İstanbula çatanda iş yeri ilə tanış olmaq üçün şəhər kənarındakı bir evə aparıblar. Düz 8 ay o bu evdən çıxa bilməyib, cinsi istismara məruz qalıb. Sveta Türkiyə polisinin əməliyyatı nəticəsində oradan xilas ola bilib.

«DAYƏ AXTARILIR»

Son vaxtlar Türkiyə qəzetləri polisin «dadı operasyonu», yəni «dayə əməliyyatı» adı altında keçmiş SSRİ ölkələrindən cinsi istismara məruz qalan qadınların saxlandığı evlərdə keçirilən əməliyyatlar haqqında geniş məlumatlar yayır. Belə xəbərlərdən biri «Hürriyyət» qəzetinin 14 mart sayında yer alıb. Yazıda insan alveri ilə məşğul olan 3 nəfərlik qrupun saxlandığından, onların qurbanları arasında 4 aylıq hamilə olan azərbaycanlı qadının döyülərək fahişəliyə cəlb olunduğundan bəhs olunur. Xilas olan qurbanlar sonradan polisə Azərbaycan və Türkmənistanda çıxan qəzetlərdə «dayə axtarılır» elanı adıyla aldadılaraq Türkiyəyə gətirildiklərini bildiriblər.

Azərbaycandakı qəzetlərdə xaricdə işlə bağlı çoxlu elanlar dərc olunur. Bu elanlarda adətən yüksək maaş, xoş gələcək vəd olunur. Belə elanlarla bağlı bir neçə telefona zəng edib təklif olunan işlə maraqlananda iş təklif edənlər əməkdaşlarla üz-üzə görüşəndən sonra işlə bağlı danışdıqlarını dedilər.

İnsan alveri qurbanlarının müdafiəsi ilə məşğul olan hüquqşünas Ruslan Vəliyev deyir ki, iş təklif edənlər hətta ali məktəblərə oxumağa yardım adıyla da qurbanlarını aldada bilirlər:

«QURBANLAR ƏKSƏR HALLARDA TÜRKİYƏ, BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ, PAKİSTANA APARILIR»

Qurbanlar əksər hallarda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistana aparılır
«Qurbanlar əksər hallarda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistana aparılır. Təcrübədə qurbanların daha çox mağaza satıcıları, dayələr, tibb işçiləri adı altında aldadıldıqlarının şahidi olmuşam. Hətta magistraturaya qəbul olunmaq adı altında tələbəni, Türkiyədəki bir xəstəxana sənədlərini saxtalaşdırmaqla buradan bir həkimi aldadıb aparıb cinsi istismara məruz qoymuşdular».

Hüquqşünas deyir ki, qurbanları aldadanlar adətən onların yaxınları və tanışları olur. Elanlar vasitəsiylə aldananlar da çoxluq təşkil edir.

2009-CU İLDƏ İNSAN ALVERİ İLƏ BAĞLI 71 FAKT QEYDƏ ALINIB

Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsindən verilən məlumata görə, 2009-cu ildə insan alveri ilə bağlı 71 fakt qeydə alınıb. 18 qrup, 1 mütəşəkkil dəstə, ümumilikdə 65 cinayətkar həbs olunub. 82 nəfər qurban qeydə alınıb.

İdarənin bölmə rəisi Tahir Aslanov AzadlıqRadiosuna deyib ki, qurbanlar adətən tanışlar vasitəsi ilə aldananlar olur. Ancaq o iş adı ilə bağlı elanların da araşdırıldığını deyib.

Xilas olanlar isə Bakıda insan alveri qurbanları üçün nəzərdə tutulan sığınacaqlarda yerləşdirilir. Keçən il 82 qurbandan 47-i bu sığınacaqda yerləşdirilib, onlara tibbi-psixoloji yardımlar edilib. İsan Alveri ilə Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov:

«Qurban sığınacaqda reabilitasiya prosesi keçir, psixoloji-tibbi tərəfdən bərpa olur, başqa təhlükəsizliyi qorunur».

Hökumətin təşkil etdiyi sığınacaqdan başqa qeyri-hökumət təşkilatı olan «Təmiz Dünya» Təşkilatı da insan alveri qurbanlarına yardım göstərir. Təşkilatın rəhbəri Vəfa Saleh deyir ki, əvvəlki illərdə olduğu kimi, indi də onlar qurbanlara kömək edir:

«Dövlət səviyyəsində insan alveri qurbanları üçün sığınacaq var. Bu o demək deyil ki, təşkilata müraciət edən qadınları qəbul etmirik. Qəbul edib, problemlərinə kömək edirik».

Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı 2004-cü ildə prezident fərman imzalayıb. Bundan sonra Milli Fəaliyyət Planı qəbul olunub. Bunda əvvəlki illərdə isə hökumət Azərbaycanda insan alverinin olmasını cəfəngiyat adlandırırdı.

ABŞ Dövlət Departamentinin insan haqları hesabatında deyilir ki, ötən il 76 nəfər insan alverinə görə saxlanıb, onlardan 58-i məsuliyyətə cəlb olunub. Onlara 3 ildən 12 ilədək iş verilib. İrqi və cinsi zorakılığa görə maksimum 15 il verilib.
XS
SM
MD
LG