Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Rasət Pirisoyu: Nəriman Əbdürrəhmanlı özünə "səksəninci" deməsin!


Rasət Pirisoyu (Şəkil - Kultaz.com)
Rasət Pirisoyu (Şəkil - Kultaz.com)
RASƏT PİRİSOYU: "SƏKSƏNİNCİLƏR VƏ PSEVDOSƏKSƏNİNCİLƏR"

«Azadlıq» radiosu Nəriman Əbdürrəhmanlıyla müsahibə yayımlayıb. Müsahibə belə ədlanır: «Məndə həmişə belə bir hiss var ki, maşın qəzasında öləcəm»

Müsahibədə Nəriman Əbdürrəhəmanlı özünü səksənincilərin nümayəndəsi kimi təqdim etməyə çalışır.

Məsələyə yaş nöqteyi-nəzərindən yanaşsaq, təbii ki, bu belədir. Amma bu fikri ədəbi davranış baxımından qiymətləndirsək, bu, heç şübəhəsiz, belə deyil.

Ədəbi nəsil ilk növbədə ədəbi davranış məsələsidir.

QEYD: Rasət Pirisoyu "Oxu zalı"nın ünvanına yazıçı həmkarı Nəriman Əbdürrəhmanlının radiomuza müsahibəsində səsləndirdiyi bəzi fikirlərlə razı olmaması haqda yazı göndərib. Bütün baxış bucaqlarının ifadəsinə və müzakirələrə şərait yaradan "Oxu zalı" həmin yazını sizlərə təqdim edir. Mövzu ilə bağlı başqa mövqelərə də "Oxu zalı"nda yer ayırmağa hazırıq.
Bu davranış kiməsə sərt görünə bilər, kiməsə təmənnali, kiməsə təhqiramiz görünə bilər, kiməsə melanxolik... Necə görünməsindən asılı olmayaraq, hər bir sahədə olduğu kimi ədəbiyyatda da hər bir nəslin dünyaya, min illik mövzulara, gündəlik həyata öz yanaşmaları olur.

Bu yanaşma özünü ədəbi nəslin ümidlərində, qorxularında, ehtimallarında, nifrətlərində, sevgilərində, qəzəblərində… büruzə verir. Və hər şeydən əvvəl, belə bir davranış ılk növbədə aparıcı ictimai davranişla ziddiyyət təşkil etmir, əksinə ust-ustə düşür.

Bu gün Azərbaycanda orta əsrlərin şeirini yazan şairlərin sayı-hesabı yoxdur.
İndi bu şairlər 2000-cilərmi hesab olunmlıdır?

Nəriman Əbdürrəhmanlının özünü səksənincilərdən hesab etməsinin heç bir ədəbi əsası yoxdur.

Bunu niyə yazıram?

Ona görə ki, bu gün ya Yazıçılar Birliyində, ya da ondan qıraqda, bir allah bilir hansı prinsiplər əsasındasa, «təşkilatlanmış» bir qrup yazıçı özlərini cəmiyyətə səksənincilər kimi təqdim etməyə çalışır.

Hətta onlarla bağlı çox maraqlı tədbirlər də həyata keçirilir.

Halbuki səksənincilər faktik repressiyaya məruz qalıblar.

Mənə elə gəlir səksəninciləri bir ədəbi nəsil kimi yaş kriteriyası ilə təyin etmək mümkün deyil və ümid edirəm, bu, gələcəkdə də belə olacaq.

Səksənincilər ədəbi davranışıyla, mövzularıyla, mövzuya yanaşmalarıyla, ən nəhayət istinad etdikləri ədəbi texnologiyalarla 60-cılardan və 2000-cilərdən kifayət qədər fərqlənirdilər.

Səksənincilər az idilər, amma onlar öz ədəbi portretlərini yarada bildilər.

Səksənincilər, məsələn «Çeşmə» qəzetidir, Rafiq Tağıdır, Həmid Herisçidir.

Səksənincilərə öz mövzularını inkişaf etdirməyə imkan vermədilər, yaxud, başqa sözlə, bunun nəticəsində onlar öz fəaliyyətlərini səksəninci və doxsanıncı illərdə qura bilmədilər.

İndi səksənincilərin ictimai rəydə mövcud olan portreti çoxlarını narahat edir və bəzi adamlar bu portreti dəyişməyə çalışırlar.

Bununla da ikimininciləri «vurmaq üçün» zəmin hazırlayırlar. Guya ikiminincilərin meydana çıxması təsadüfi xarakter daşıyır. Bunun üçün ortada heç bir ədəbi və ictimai zərurət olmayıb. Guya bu proses ancaq Anarı, o cümlədən 60-cıları gözü götürməyənlərin əməllərinin nəticəsidir.

Nəriman Əbdürrəhmanlı da səksənincilərin uğursuz aqibətini zamanla, vaxtla bağlamağa, «keçid dövrü» ilə əlaqələndirməyə çalışır. Guya səksənincilər keçid dövrünün qurbanı olublar. Guya ölkənin bir sistemdən başqa sistemə keçməsi səksənincilərin taleyində həlledici rol oynayıb.

Səksənincilər sistemli bir siyasətin nəticəsində susduruldular.

Səksəninciləri gah təcridlə, gah türməylə, gah məhkəməylə, gah da çirkabla boğmağa çalışdılar.

Bunların hamısı konkret tarixi faktlarda öz əksini tapıb.

Qaldı Nəriman Əbürrəhmanlıya və psevdosəksənincilərə. Onlar ancaq 60-cıların və 70-cilərin əlavəsi kimi bir şeydilər.

Bu yazıçılar əsərlərinin gözünə adətən bir az «dünyadan yorğun narazılıq»» qatırlar, bir az «şərq müdrikliyi» əlavə edirlər, qəhrəmanlarını yazıq, tənha, yalqız göstərməklə oxucuda rəğbət doğurmaq istəyirlər. Özləri də yazdıqlarının Allah tərəfindən əta olunduğunu var qüvvələri ilə sübut etməyə çalışırlar.

Budur, psevdosəksənincilərin yazdıqları.

Səksənincilər isə başqa şeyləri yazırdılar.
XS
SM
MD
LG