Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 03:26

İsa Qəmbət mitinq keçirmək üçün yer istəyib


Martın 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər piket və mitinq keçirmək üçün qanuna uyğun yerlərin ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir ki, Müsavat Partiyası Azərbaycanın bir sıra ümummilli problemləri, torpaqlarının işğalı, korrupsiyanın və maliyyə böhranının nəticələri, 2010-cu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı kütləvi aksiyalar keçirmək niyyətindədir.

Daha sonra müraciətdə vurğulanır ki, son illərdə piketlərin, yürüşlərin, mitinqlərin keçirilməsi üçün məqbul yerlərin ayrılmaması, belə tədbirlərin keçirilməsi ilə əlaqədar müraciətlərin əksəriyyətinə rədd cavabı verilməsi, bəzi hallarda belə tədbirlərin keçirilməsi üçün məqbul olmayan ərazilərin göstərilməsi ölkədə sərbəst toplaşmaq hüququnun faktiki olaraq ləğvi ilə nəticələnib.

Müraciətində İ.Qəmbər Hacıbala Abutalıbovdan əvvəllər yürüş və mitiqlərin keçirildiyi yerlərdə (“Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan, “Təbriz” kinoteatrı qarşısındakı meydan və s.) yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını, eləcə də dövlət əhəmiyyətli qurumların (Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və s.) yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını xahiş edib.
XS
SM
MD
LG