Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Ərdəbil zindanında azərbaycanlı fəallara işgəncələr artıb


Ərdəbil zindanının rəisi orda saxlanılan azərbaycanlı fəalları sıxışdırır
Ərdəbil zindanının rəisi orda saxlanılan azərbaycanlı fəalları sıxışdırır
«Ərdəbil zindanının rəisi orda saxlanılan azərbaycanlı fəalları sıxışdırır, qatilləri fəalların saxlandıqları yerlərə verirlər ki, onlar fəalları incitsinlər. Müxtəlif bəhanələrlə onların telefonlarını kəsirlər, yaxud da zindan işçiləri Azərbaycanın ünvanına yamanlar söyləməklə azərbaycanlı fəallara psixoloji təsirlər göstərirlər».

Bunu Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü, hüquq müdafiəçisi Yaşar Həkkakpur deyir. Onun sözlərinə görə, son vaxtlar xüsusilə zindanlarda saxlanılan milli fəallara qarşı təzyiq və işgəncələr artıb. Onlara hətta ailələri ilə danışmağa da imkan verilmir.

«TRAXTORSAZİ» KOMANDASINA AZARKEŞLİK QADAĞANDIR

Hüquq müdafiəçisi deyir ki, İran dövlətçiliyinə qarşı çıxmaqda ittiham olunaraq Ərdəbil zindanına atılan dörd milli fəal – Vədud Səadəti, Behruz Əlizadə, Əli Abbasi və Rəhim Qulami martın 6-da saxlanıldıqları kamerada döyülüblər. Səbəb onların İran televiziyası ilə yayımlanan «Traxtorsazi» komandasının oyununu həvəslə izləmələri olub. Zindan rəhbərliyi ağır ittihamlarla məhkum edilmiş və digər kameralarda saxlanılan məhbusları milli fəalların kamerasına gətizdirib. Həmin məhbuslar milli fəalları döyüblər. Bunu Həkkakpur deyir:

«Vədud Səadətinin burnunu sındırıblar, ona müxtəlif bədən xəsarətləri yetiriblər».

«ANA DİLİ» DEYƏNİN YOLU ZİNDANDAN KEÇİR

Həkkakpur ötən ay ana dili ilə əlaqədar Ərdəbildə həbslərin qurbanı olmuş milli fəallardan da danışıb. Onun sözlərinə görə, İranın təhlükəsizlik orqanı tərəfindən həbs olunmuş dörd milli fəal Mehdi Əjdəri, Babək Miyami, Həsən Kərimi və Şəhruz Təxti bu günlərdə girov müqabilində azadlığa buraxılıblar. Yaxın vaxtlarda isə onlara məhkəmə qurulacaq.

AZƏRBAYCANLI İDMANÇILARI ALQIŞLAYANLARI ZİNDAN GÖZLƏYİR

Yaşar Həkkakpur
Yaşar Həkkakpur Qum şəhərində keçirilən güləş üzrə beynəlxalq yarışlar zamanı həbs olunanların aqibətindən də danışıb:

«Azərbaycanın Qum şəhərində Rəhim Hüseynzadə və Ruhulla Heydəri beynəlxalq güləş yarışını seyr etməyə gediblər. Orada azərbaycanlı və türk idmançılarını, o cümlədən Azərbaycan Respublikasından gələn idmançıları alqışladıqlarına görə onları döyərək həbs ediblər. İki gün əvvəl hər ikisi girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıblar».

Bu ilin yanvar ayında həbs edilmiş milli fəal, jurnalist Abdulla Səduqi isə saxlandığı Təbriz həbsxanasında ölüm aclığına başlayıb. O, ötən həftənin şənbə gününə qədər yalnız yeməkdən imtina etmişdisə, artıq həmin gündən sudan da imtina edib. Jurnalistin qardaşı Hüseyn Səduqi deyir ki, onun vəziyyəti dözülməzdir:

«Ailəsinin təsiri ilə bir gün içdi, sonra daha içmədi. Vəziyyəti yaxşı deyil, ağırdır».

MÜDDƏTSİZ ACLIQ AKSİYASI

Hüseyn Səduqi deyir ki, martın 6-da qardaşının vəziyyəti ağırlaşıb, onu həbsxananın xəstəxanasına götürüblər. Ailə üzvləri jurnalistdən xahiş edib ki, aclığı dayandırsın. Həbsini qanunsuz sayan jurnalist isə yalnız azadlığa buraxılacağı halda aclığı dayandıracağını söyləyib.

Abdulla Səduqi Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Elə sevimli mövzusu da «Traxtorsazi» komandasının oyunları imiş. Təbrizin «Traxtorsazi» futbol klubunun icazəli afişalarını Azərbaycan dilində nəşr etdiyi üçün yanvarın 18-də İranın kəşfiyyat qurumu (ETTELAAT) tərəfindən həbs olunub. Həbsindən 1 ay sonra müddətsiz aclıq aksiyasına qərar verib.

Yaşar Həkkakpur deyir ki, İranda azərbaycanlılara qarşı repressiyalar bu ölkədə insan dəyərlərinə verilən qiymətin göstəricisidir:

«Azərbaycanlıların istəkləri ana dillərində mədrəsələrin açılması və onlara qarşı ayrı-seçkiliyə son qoyulmasıdır. Ancaq həm İran hakimiyyətinin, həm müxalifətinin bu məsələyə çox pis baxışları var. Və bunların insani haqlarını istəməklərini separatçılıq kimi görürlər. Bu cür ittihamlarla onları həbsə salır və ağır şəraitdə saxlayırlar. Bu göstərir ki, İranda özləri yazdıqları qanunlara hörmətlə yanaşmırlar».
XS
SM
MD
LG