Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Ziyadxan Əliyev: «Kitab satışda olmayacaq»


 Ziyadxan Əliyev
Ziyadxan Əliyev
«Can Bakı» proqramında rəssam Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə çıxan «Sənətin Məcnunu» kitabından danışdıq. Müəllif Ziyadxan Əliyev yenicə işıq üzü görən nəşri «Səttar ensiklopediyası» adlandırdı.

Bu kitabda Səttar Bəhlulzadə ilə bağlı hansı məlumatı axtarsanız, tapa bilərsiniz. 400 səhifəlik, 49 çap vərəqi həcmindədir. Kitabda rəssamın həyat və yaradıcılığı, onun qrafik irsi, Füzuli dünyasına münasibəti, fəlsəfəsi, poetikası, yaradıcılığında tarixilik, onun haqqında xatirələr, yazdığı gündəliklər, əsərlərinin kataloqu, eyni zamanda rəssamın sənət haqqında fikirləri, həmkarlarının onun haqqında dedikləri, poetik və rəsm ithafları yer alıb.

KİTAB SATIŞDA OLMAYACAQ...ANCAQ...


Ensiklopedik nəşrə iki dildə--rus və ingilis dillərində mətn də əlavə olunub. Ziyadxan Əliyev qeyd etdi ki, kitab satışda olmayacaq:

«Cəmi 500 nüsxə çıxıb. Yəqin ki, iri kitabxanalara paylanılacaq». Ancaq müəllif ümidsiz deyil:

«Əgər Azərbaycan xalqı öz sənətkar oğlu ilə maraqlanarsa, qeyrətli bir sponsor təkrar çapı öz öhdəsinə götürərsə, biz kitabı münasib qiymətə oxuculara çatdıra bilərik».

150 NƏFƏRƏ ƏSƏR BAĞIŞLAYIB!


Ziyadxan Əliyev Səttar Bəhlulzadənin əsərlərinin şəxsi kolleksiyalarda olan hissəsi barədə də danışdı.
Səttar Bəhlulzadə
Kitabın «Səttar əliaçıqlığı» bölməsində onun rəsm bağışladığı adamların siyahısı da verilib. Siyahıda 150-yə yaxın adın olduğunu söyləyən qonağımız iqtisadi çətinliklər dövründə bu əsərləri satanlar da olduğunu bildirdi:

«Azərbaycan muzeylərində, Moskva muzeylərində, Arxangelsk, Yerevan və Tbilisi muzeylərində, həmçinin Praqa muzeyində Səttarın əsərləri saxlanılır. Sayı 200 ədəddir».

Rəssamın əsərlərini dostlarına təmənnasız payladığını deyən Ziyadxan Əliyev efir vasitəsilə Səttarın əsərlərini saxlayan şəxslərə müraciət etdi:

«Səttarın əsərləri maddi sərvətdən başqa həm də, mənəvi sərvətdir. O sərvəti gizlətməsinlər».

Müəllif kitabın yazılışı dövründə Səttarın əsərlərini evindən asıb, dildə bunu dananlar olduğuna rast gəldiyini də söylədi:

«Biz kitabda 478 foto vermişik, onun 250-si onun əsəridir. Əsərin adı, ili, kimin kolleksiyasında saxlanılır—onu da yazmışıq. Onların içində məşhur adamlar var».

Dövlət niyə əsərləri satın almır?

Səttar Bəhlulzadənin əsərləri Azərbaycan bazarında neçəyə təqdim olunur?

Verilişi dinləsəniz, bu barədə ətraflı məlumat əldə edəcəksiniz.
XS
SM
MD
LG