Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:24

Qiymətlər niyə qalxır?


İqtisadçılar bayram ərəfəsində qiymətin daha da qalxmasını proqnozlaşdırırlar
İqtisadçılar bayram ərəfəsində qiymətin daha da qalxmasını proqnozlaşdırırlar
«Bazar od tutub yanır» sözləri indiki qədər yerinə düşməmişdi. Çünki qışın oğlan çağında əhalinin kilosuna 50-60 qəpik verdiyi soğanı, kartofu indi 1 manatdan aşağı almaq çətindir. Novruz bayramı yaxınlaşdıqca, çərəzin də qiyməti qalxır. Məsələn, bir ay əvvəl kilosu 6-7 manata satılan qoz ləpəsini indi 10 manatdan aşağı tapmaq olmur. Bəzi iqtisadçılar bayram ərəfəsində qiymətin daha da qalxmasını proqnozlaşdırırlar.

BİR AYIN İÇİNDƏ QİYMƏTLƏR KƏLLƏ-ÇARXA QALXIB

İqtisadi Tədqiqatlar Mərkəzi hesablayıb ki, fevral ayında soğan yanvara nisbətən təxminən 13 faiz bahalaşıb. Bahalaşma sarımsaq, çuğundur, ağ kələm kimi tərəvəz məhsullarından da yan ötməyib, onların qiyməti 8-9 faiz artıb.

Mərkəzin sədri Qubad İbadoğlu AzadlıqRadiosuna deyir ki, daha çox inflyasiya ərzaq məhsullarındadır. Ərzaq məhsulları 1,26 faiz bahalaşıb, amma bu, son rəqəm deyil, iqtisadçı may ayına qədər bahalaşmanın davam edəcəyini proqnozlaşdırır:

- Müşahidələrimiz onu göstərir ki, qiymətlərin artmasına təsir göstərən əsas faktorlardan biri idxal xərclərinin artmasıdır. Bu xərclərin sırasına qeyri-rəsmi ödənişlər də daxildir. Bizə bununla bağlı sahibkarların müraciətləri daxil olur. Novruz bayramı da qiymət artımına səbəb olur. Çünki bayramda alıcılıq qabiliyyəti artır.

Qubad İbadoğlu deyir ki, mart ayında doqquz günün istirahət günü olması da qiymətlərin sürətli artımına təkan verəcək.

«QOZ YÜKÜ»

Qubad İbadoğlu
Bahalaşmadan elə satıcılar da şikayətçidir. Üz tutduğumuz Bakının «Təzə bazar»ında alandan çox satan var idi. Satıcı Abbas kişi deyir, mal qıt olanda, o dəqiqə qiymət də qalxır. Məsələn, əvvəl Ordubaddan da mal gəlirdisə, indi qoz yükü Zaqatalanın üzərinə düşüb. Abbas kişi deyir ki, heç Ukraynadan qoz gətirilməsi də bu qıtlığı aradan qaldırmır.

Bəs göy-göyərtinin dəstəsi niyə 30 qəpiyə qalxıb? Satıcı Elxan deyir ki, topdansatışdan baha alırlar, onlar da üstünə 10 qəpik qoyub satmağa məcburdurlar:

- Axşama kimi otururam ki, bəlkə malı satam qurtaram. İstəyərəm dəstəsi 20 qəpikdən verəm, tez satılsın. Onda da ziyan eləyəcəm. 30 qəpiyə verəndə də axşama kimi mayanı çıxarıram, bir az da çörək pulu qalır.

Bazarda olduğum müddətdə alıcıların daha çox göy-göyərti, yumurta, kələm aldığını gördüm. Onlar da bahaçılıqdan gileylidirlər. Biri deyir təqaüdü yaxşı olsaydı, bahalaşma gözünə görünməzdi, o birisi fikirləşir ki, millət vəkilləri hara baxır:

- 100 manata qədər pensiya alıram, onu qaza verim, işığa verim, yoxsa yeməyə?

- Deputat seçmişik, onlar hara baxır?

- Bazarda qiymət qalxıb. Təbii ki, ailə büdcəsinə də təsir eləyir.

İQTİSADİ ARTIMIN İNFLYASİYAYA TƏSİRİ QANUNAUYĞUNLUQDUR

Millət vəkili Nazim Məmmədov ərzaq məhsullarının qiymətinin artımından xəbərdardır, amma onun fikrincə,
Nazim Məmmədov
bahalaşmaya səbəb yeni maliyyə ilinin başlamasıdır, yəni dövriyyəyə vəsait buraxılır:

- Büdcə ili fevralın 15-dən həyata keçməyə başlayır. Nazirlər Kabineti müəyyən layihələrə qərar verir, tikinti işləri üçün vəsait buraxılır. İqtisadi artımın inflyasiyaya təsir etməsi isə qanunauyğunluqdur.

Amma Nazim Məmmədov bahalaşmaya təsir edən subyektiv amilləri də istisna etmir. Onun fikrincə, ayrı-ayrı inhisarçılar da bazara təsir göstərirlər. Millət vəkili ümid edir ki, Rəqabət Məcəlləsi bu il qəbul olunacaq və işləyəcək:

- Mən istəyərdim ki, rəqabətlə məşğul olan qurum prezident yanında olsun.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə hesab edir ki, hökumət ölkədə biznes inkişafı yaratsa, Azərbaycanda bu miqyasda bahalaşma müşahidə edilməz. Ekspert xatırladır ki, onların apardıqları monitorinqə görə, fevral ayında inflyasiya Azərbaycanda 0,55 faiz olub, halbuki Qazaxıstanda, Rusiyada inflyasiya 0,9 faiz qeydə alınıb. Neft ölkəsi Norveçdə isə ucuzlaşma müşahidə edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG