Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:59

«Bizə mədəniyyət dopinqi lazımdır»


Emil Axundov
Emil Axundov
«İşdən sonra»da qonaq memar Emil Axundov olub. Verilişdə ana dili, ölkədəki ümumi vəziyyət və s. barədə müzakirə gedib. Müsahibəni təqdim edirik:

Xədicə İsmayılova:

- Studiyamızda əməkdar memar Emil Axundovla ziyalı mövqeyi səsləndirəcəyik. Hər vaxtınız xeyir Emil bəy. Sizdən əvvəl də burada ziyalılar oturmuşdu. Biri İrandan bura mühacirət etmiş azərbaycanlı, bir isə rejissor idi. Onlarla biz ana dili barədə söhbət edirdik. Onlardan biri Azərbaycanda ən az saylı xalqlardan biri saxurların dilində film çəkmiş rejissordur. Digəri isə İranda ən çoxsaylı millət olan azərbaycanlıların nümayəndəsidir. Deyirdi ki, problemlərlə üzləşirlər. Sizin ana dilinə münasibətiniz necədir? Yəni ana dili ilə bağlı xüsusi hissiniz varmı?

Emil Axundov:

- İki gün bundan əvvəl Afaq Məsud televizorda balaca bir söhbət etdi. Televizoru gec açdım. Heyran qaldım bu söhbətə. Bu ana dilin təmizliyi barədə klassik söhbətdir.

Xədicə İsmayılova:

- Yeri gəlmişkən bu günün sonunda Afaq Məsudla müsahibə saytımızda yerləşdiriləcək.

BİZ SOVETDƏN ŞİKƏST ÇIXMIŞIQ

Emil Axundov:


- Görürsünüz, yerinə düşdüm. Mən bu xanımın bəzi oçerklərini, məqalələrini oxumuşam. Burada bir neçə məsələ var ki, onunla razı ola bilmərəm. Belə böyük ərazidə aktiv hücumla ana dili barədə söhbət etmək, mənim zənnimcə, bir az mənfi fikir yarada bilər. Ana dili ilə mübahisə etmək olmaz. Nə üçün? Çünki orada bir kəlmə var - ana. Mən nə qədər Azərbaycanda olmasam da, harada oluram olum, ana dili mənim ürəyimdədir. Bəziləri ana dilini təmiz, mükəmməl bilmirlər. Amma onlar ana dilinə öz hərəkətləri ilə, intellektləri ilə qulluq edirlər. Mən dilçi deyiləm. Mən ağzımı açmasam da, mənim sənətim xeyir verir. Mən inşaatçıyam. Daşı daşın üstünə qoyub mənzil yaradıram, gözəl strukturlar yaradıram. Mən heç vaxt demirəm, Sovet pisdir ya yaxşıdır. Onun gözəl işləri də olub, mənfi işləri də. Biz Sovetdən şikəst çıxmışıq. Üç dəfə bizim əlifbamızı dəyişiblər. Axırda da keçdik latına. Bu böyük zərbədir. Zarafat deyil. Ona görə də ana dili sevgiylə deyilməlidir. Ana dilini nə yazırlar, nə pozurlar. Ana dili ürəkdədir. O ana dili ilə gəlir, laylayla gəlir. Ona görə də mən istəməzdim öz rəyimi bildirəm, o rəy məndədir. Mən azəri xalqının balasıyam. Anam da, atam da təmiz azərbaycanlıdırlar. Mənim içimdə olan budur. Bu mənim konstitusiyamdır, mənim gerbimdir. Mən ona görə burada oturmuşam. Bura mənim torpağımdır. Balalarım xaricdədir. Lazım olsa çağıracam gələcəklər. Mən heç vaxt, heç kimə icazə vermərəm mənim yanımda desinlər ki, ana dilim belədir, elədir. Bəlkə də rusdillilərə hücum var. Mən ingilisdə danışanda mənə deməzlər ki, nə danışırsan? Dünən Afaq xanım deyir iki azərbaycanlı rus dilində danışır. Necə ola bilər?

Xədicə İsmayılova:

- Yeri gəlmişkən, son zamanlar çox ciddi müzakirə mövzusudur. Hətta yeni termin də yaranıb. Yenislavlar. Rusdilli azərbaycanlılar haqqında belə deyirlər. Mən bilmirəm bu nə dərəcədə müsbət çalarlı termindir.

Emil Axundov:
- Mən dilçi deyiləm. Belə bir sənətkar var - Afət Qurbanov. Allah ona rəhmət etsin. O mənim qonşum idi. Hərdən elə şeylər eşidirəm ki, fəxr edirəm. Heyf ki, biz onları nə eşidirik, nə də görürük. Kitablarımız var, qəzetlərimiz var. Afaq xanım bu televiziya verilişində gözəl dedi. Mən iki gündür onun təsiri altındayam.

Xədicə İsmayılova:

- İki əsas məsələ nəzərimi cəlb etdi. Həm də ana dili məsələsindən kənara çəkilək. Bir təhsil məsələsi və Təhsil Nazirliyi ilə bağlı ciddi iradlar var idi. İkincisi də ki, Sovet dövründəki insanla bugünkü insanın fərqi. Sovet vaxtı insanları necə tərbiyə edirdilər, indi insan necə tərbiyə olunmalıdır. Siz həyatınızın böyük hissəsini Sovet dövründə yaşamısınız. İnsan, homosovetukus deyilən insan, bu günkündən sizcə necə fərqlənir? Orta statistik azərbaycanlı həmin azərbaycanlıdan, yəni Azərbaycan SSR vətəndaşından necə fərqlənir, necə dəyərləndirirsiniz bunu, bu müsbətdir, ya siz nəyisə dəyişərdiniz?

Emil Axundov:

- Homosovetukus deyirlər ya da özgə termin işlədirlər. Mənim yaşımda olanlar, kimlə ki, İçərişəhərdə böyümüşük, bütün ömrümüzü Bakıda yaşamışıq, Bakıda çalışmışıq, bilmirdik sovetukusuq, ya kimik. Biz onda institutu qurtaranda lap aşağı briqadir idik. Biz işləyirdik.

Xədicə İsmayılova:

- Nə idik o idik hə?

ONDA BİZİM İNTELLEKTUAL KEYFİYYƏT BUGÜNKÜ CAVANLARDAN YUXARI İDİ

Emil Axundov:

- Ondan başqa, bizdə həm də ambisiya var idi. Biz gərək bundan yaxşı işləyəydik, bundan yaxşı quraydıq, bundan yaxşı bacaraydıq. Mən bu günə kimi bilmirəm sovetukus ya o sovet forması, modeli nədir. Amma hiss edirəm ki, onda bizim iq, yəni intellektual keyfiyyət bugünkü cavanlardan yuxarı idi. Məlumatlılıq var idi. Bu gün internet var, istədiyin vaxt girib baxa bilərsən Alyaskada nə var nə yox. Onda belə şeylər yox idi. Bəlkə də təzə-təzə başlayırdı. Amma bugünkü orta statistika ilə götürsəniz bizim iq yuxarı idi. Nə üçün? Çünki imkanlarımız çox idi. Avro deyirlər, bizdə onda qırmızı onluq var idi. Amerikadan tutmuş Çinə kimi işləyirdi. Bizə yer kürəsində böyük bir məkanın nümayəndəsi kimi baxırdılar. Ondan başqa, bu gün Amerika, Çin rus dilini öyrənmək üçün milyardlarla pul qoyur. Biz nə qədər dil bilsək o qədər yaxşıdır. İndi biz özümüzü çəkirik ingilis dilinə, o da yaxşıdır, rus dili də lazımdır, Çin dili də lazımdır. Gərək bizim iq ən yüksək səviyyədə olsun. Azərbaycanda elə mühəndislər yetişib ki. Elə bircə götürün Lütfizadəni.

Xədicə İsmayılova:

Amma onu Azərbaycan harada yetişdirib ki, uşaq olanda gedib Azərbaycandan.

Emil Axundov:

- Hər nə azərbaycanlıdır. Mən fəxr edirəm bizim azərbaycanlılarla. Bir-iki dəfə məndən müsahibədə soruşublar ki, necə tərbiyə alırdınız? Elə bildi deyəcəm evdə, məktəbdə, institutda, bağçada. Xeyr, biz Bakının küçələrində tərbiyə almışıq. Dünyada Bakının küçələri kimi məktəb yoxdur. Biz o vaxt Kommunist küçəsinə, Filarmoniyanın yanına köçdük. Qadın əlində zənbil gələndə qaçıb tuturduq. Nəbadə ağzımızda siqaret olardı. Ya da hansısa hərəkətlər edərdik. Evdə ağız da aça bilməzdin. Çox danışasan, tüpürəsən, belə şeylər yox idi. Bulvara çıxırsan tumun qabığından tərpənmək olmur. Bax biz belə tərbiyə almışıq.

Xədicə İsmayılova:

- Emil bəy, bilmirəm bu zamanın fərqidir ya nədir, indi bir çox insanlar sizinlə mübahisə edərlər, bərabərlik və sistemin bərabər şəkildə bölüşdürmək qabiliyyəti baxımından ki, yaşlı adam tramvaya və ya marşruta girəndə gənc qalxmalıdırmı?

Emil Axundov:

- Bu, hörmətdir. Mən ona fiziki qiymət vermirəm. Bu, psixoloji faktordur. Məsələn, mənim maşınım var. Hərdən maşından istifadə edirəm, hərdən metroya girirəm. Amma daha mikroavtobuslara minmirəm. Hansısa faktorun zərbəsi altında gen dəyişəndə mutanta dönmüşük. Bir baxın, bir minin avtobusa gedin, tərbiyə yoxdur. Mən dünyanın çox yerini görmüşəm. Amma Azərbaycanın balaları kimi tərbiyəli cavanlar, insanlar görməmişəm. Amerikalılar, ingilislər qupqurudurlar. Bilirsiniz, görünür bizim genimizi Allah ən uluların genindən götürüb.

Xədicə İsmayılova:

- Yenə mübahisəlidir, bu niyə belə olub. Ona görə belə olub ki, azərbaycanlılar yaxşı insanlardır? Yoxsa bu ona görə belə olub ki, sistem yarıtmayıb? Məsələn, siz əgər yaşlı ananızı yaxşı bir sosial müdafiə sisteminə etibar edə bilsəniz, yəqin ki, onu rahatlıqla qoyub başqa şəhərə köçüb, işləyə bilərsiniz. Amma sosial müdafiə sistemi yarıtmadığı üçün bu insanları bir–birinə yaxınlaşdırır. Bu yaxşıdırmı?

BİZƏ MƏDƏNİYYƏT DOPİNQİ LAZIMDIR

Emil Axundov:

- Bir sistem hansı olur-olsun, istər kapitalist sistemi, istər sosialist sistemi, istərsə də qarışıq sistemlər, tərbiyə ki, millətin xromosomlarında bir proqram kimi mövcuddur, onu heç nə dəyişməz. Nə güllənin altında, nə suyun içində. Amma burada bir zərbə var. Biz incəyik. Azərbaycan milləti çox incədir. Sosial problemlər məni çox narahat edir. O təqaüdlər ki, var, güclü mühəndislər, güclü həkimlər 70 manat, 80 manat, 100 manat alır, adam utanır belə təqaüd almaqdan. Bu bizi bir az əyir. Nəfəsimizi kəsir. Bizə nə lazımdır? Dopinq. Bizə mədəniyyət dopinqi lazımdır. Qarabağı almalıyıq. Budur bizim ən əsas məqsədimiz. Biz onunla anadan olmuşuq, biz onunla böyüyürük. Biz onu da bu gün təbliğ edirik. Hərdən metro ilə gedəndə baxıram. Bu uşaqlar əllərini necə qoyur, özlərini necə qaşıyır. Hamısını başa düşürəm. Amma harada bu tərbiyəni alır? O tərbiyəni aldığı məkandan gəlib bu tərəfə, burada onu öyrədən yoxdur. O başlayır öz qüvvəsinə, öz şüuruna görə özünə tərbiyə verməyə. Mən nənəmi görürdüm, babamı görürdüm. Görürdüm onlar necə qonaq qəbul edir. Onda belə şık yox idi. Münasibətlər fərqli idi. Ata otağa girəndə, bala telefonla danışa bilməzdi. Telefonu qoyub gedirdi.

Xədicə İsmayılova:

- Amma o sualı cavabsız qoyduq ki, əgər sosial müdafiə və s. sistemlər normal işləsə bu sizcə insanlar arasındakı münasibətə necə təsir göstərər? O ehtiyac ki, mən anamı hər gün zəng edib, yoluxmalıyam, sistemin görməli olduğu işlərin bir çoxunu mən görürəm, nəyəsə təsir edə bilərmi?

Emil Axundov:

- Ana, bala, ata, qohum-əqrəba, dost bunlar mənim zənnimcə sistemdən asılı deyil. Bunlar insanların özlərindən asılıdır. Bunlar ana, ata, ulu nənə, babadan qalma qabiliyyətdən, bir də mühitdən asılıdır. Bakının, Azərbaycanın öz üsulu var. Bura gələn insan bizim üsulla yaşamağa, bizim üsulla yeməyə, su içməyə başlayır. Amma görürsən ki, sıxılırsan, təqaüd yox, iş yox, uşaqlar gedir oxuyur bilmirsən nə dərsi keçir. Uşağın gözündə oxumaq yoxdur. Uşağın gözündən oxunur ki, hara qaçım, neyliyim, necə qazanım. Belə sosial sıxıntı əmələ gələndə haldan düşürsən. Qabaq zəng vururduq bir–birimizə ki, bu gün gedək filan kafeyə oturaq, teatra «muzkomediya»ya, operaya, kinoya gedək. İndi bunlar yoxdur. Zövq yoxdur.

Xədicə İsmayılova:

- Amma hər şey daha əl çatandır.

Emil Axundov:

- Gərək hər şey olsun. Biz Bakı üçün ömrümüzü qoymuşuq.

Xədicə İsmayılova:

- İnsanlar kinoteatra getmirlər çünki filmlərə evdə baxırlar.

Emil Axundov:

- Yox. Film olsa görərsiniz Azərbaycanda kinoteatra necə gedirlər. Gərək bunların sosial problemləri olmasın. Mən ayda bir dəfə kinoya getməliyəm. Mən bu gün sifariş verə bilmirəm. Amma kinonu birinci kinoteatrda qoyurlar. Gedirsən, özünü göstərirsən, camaatı görürsən. Kontakt yaranır. Bu gün biz o kontaktları itirmişik. Ona görə ki, sosial problemlər var. Bax mənim özümün də problemlərim var. Mən sizə deyərdim problemləri.

Xədicə İsmayılova:

- Buyurun deyin.

Emil Axundov:

- Çernobılda 8 ay, Leninakan kompakt yaşayışında, Amasyada zəlzələdə olmuşam. O qədər orden-medalım var. Rəhmətlik Heydər Əliyevin də ordeni var. Amma təqaüdə düşəndə hər şey yaddan çıxır. O adamlar yaddan çıxır ki, ömürlərini qoyurlar. Heç bir dəftərdə adları olmur. Səni xatırlamırlar. Elə bil kosmosda uçursan. Qabaq belə şey yox idi. Qabaq camaat yığılırdı, görüşürdü, mehribançılıq vardı. İndi bu silinib. Buğda düşür ey iki daşın arasına indi elə iki daş yaranıb. Böyük psixoloji faktorlar var.

Xədicə İsmayılova:

- Amma digər tərəfdən burada bir dəb faktoru da var ki, onu danmaq olmaz. Həmişə adamlar axtarırlar, görsünlər ki, ölkənin sayılıb-seçilən adamları, prezidenti, ölkənin birinci xanımı hansı kitabı oxuyurlar, hansı qəzeti oxuyurlar, bəlkə kimsə özünü onlara bənzətmək istəyir, bəlkə də nümunə kimi istifadə etmək istəyir. Amma bu dəb faktoru özünü göstərmir. Hansı sahəyə rəhbərlik tərəfindən daha çox meyl olursa, o sahə dərhal telekanallar tərəfindən də diqqətə alınır. Məsələn, mərhum prezidentin meyxanaçılarla münasibəti var idi, televiziyalarda meyxanaçılara xüsusi yer verirdilər. İndi muğama xüsusi diqqət var. Amma bu da dəb formasındadır.

BU GÜN MƏNƏ DESƏLƏR Kİ, PREZİDENT OLMAQ İSTƏYİRSƏN, DEYƏRƏM YOX

Emil Axundov:

- Mən sizin sualınızı başa düşdüm. Birinci, deyəndə ki, prezident, xanımı firavan yaşayırlar, nə istəyirlər edirlər, elə deyil. Prezident işi çox çətindir. Xüsusilə belə bir ölkədə. Biz bu gün müharibədəyik. Baxmayaraq ki, restoranlarda şabaşlar atılır. Bu gün mənə desələr ki, prezident olmaq istəyirsən deyərəm yox. Çox çətin işdir. Bunu qoyaq kənara. Bu gün mərhələlər var. Biri «Hammer»lə gəzir, yol polisi onu görəndə «çest» verir, biri kurortlarda, restoranlarda oturur. Bu gün bizim cəmiyyətdə 20–25 faiz ki, var, onlar elə bil möcüzədə yaşayırlar. Bizim cavan uşaqlar işsiz, sıxılmış formada yaşayırlar. Burada ziddiyyət var. Milləti bölmək olmaz. Gərək biz hamımız ya qara çörək yeyək, ya da ağ çörək yeyək, kürü yeyək, pendir yeyək.

Xədicə İsmayılova:

- Hamı?

Emil Axundov:

- Yəni mənim də balamın 1 kilo yox, 100 kilo kürü almağa imkanı olsun. Bilirsiniz də neçəyədir? 1600 manat. İndi keçirin onu avroya, dollara. Nə üçün mən pəncərədən beluqanı görürəm? Nə üçün kiminsə oğlu, demirəm pis oğul, pis ola bilməz, «Hammer»lə gəzir ya da «cip»lərlə gəzir amma o birinin oğlu motosiklet də ala bilmir? Bax bu mərhələlərin müsbət nəticəsini görmürəm. Vətənpərvərlik itir.

Xədicə İsmayılova:

- Demək istəyirsiniz ki cəmiyyətin qütbləşməsi ölkədə....

Emil Axundov:

- Bu iki kateqoriya bir–birinə ziddir. Hərdən mən eşidirəm onlar necə danışırlar, söhbət edirlər. Burada belə şeylər var. Mən onu qəbul edə bilmərəm. Qabaq Sovet vaxtında sinfi mübarizə yox idi, şovinizm yox idi. Zavodlar var idi, fabriklər var idi.

Xədicə İsmayılova:

- Siz dünyanın çox yerində olmusunuz. Qütbləşmə qeyri–kommunist rejimlərəmi xas olan şeydir? Bütün kapitalist cəmiyyətlərdə bu cür münasibətlər sistemi var, ya bu fərqlidir?

Emil Axundov:

- Kapitalizm qan tökə-tökə gəlib.

Xədicə İsmayılova:


- Biz lap sovet terminologiyası ilə danışırıq.

Emil Axundov:

- Kommunizm pis idi deyirlər. Bir sualım var, baxın Çinə. Bu gün Çin hər yeri keçir. Yaponiyanı keçir, Amerikanı keçir. Kommunizmdir orada, kommunistlərdir. Amma öz proqramlarını, yaşayışını elə qurublar ki, bu gün dünyanın yarısı Çində yaşamaq istərdi.

Xədicə İsmayılova:

- Məncə istəməzdi, çünki dövlət olaraq bəlkə də güclüdür, amma vətəndaşın yeri yoxdur.

Emil Axundov:

- Mən vətəndaşlıqdan danışmıram. Ölkə elmdə, texnikada, texnologiyada güclənir. Bilirsiniz necə, Çin Amerikaya kompyuterdən başlamış hər şey verir. Amma digər ölkələrə keyfiyyətsiz mallar verirlər. Görürsünüz, onların alverçiləri burada gəzirlər. Bunlar belə işləyirlər. İndi də bazarı götürüblər. Bu gün onların avtomobilləri, kompyuterləri dünyada tanınır.

Xədicə İsmayılova:

- Çin həm də dünyaya ən çox mühacir ixrac edən ölkədir. Yəni insanların Çində yaşaması çətindir.

Emil Axundov:

- Çətindir. Mən istəməzdim Çində ya Amerikada yaşayım. Ana dilini hiss etməsəm, o dildən istifadə etməsəm, «sabahın xeyir» eşitməsəm heç yerdə yaşaya bilmərəm. Gedirsən hansısa kəndə, adamı heç tanımırsan deyir, «sabahınız xeyir, salam əleykim». Bu çox böyük şeydir. Ağlamalı şeydir.

Xədicə İsmayılova:

- Ziba Xəlil yazır - «Salam Azadlıq. Emil Axundovu eşitmək çox xoşdur. Biz də sizə heyranıq, Emil bəy, şəxsiyyətinizə, biliyinizə. Azərbaycanın sizin kimi oğullara ehtiyacı var». İmzasız dinləyici yazır: «Salam Xədicə xanım. Hamınızın axşamınız xeyir. Mənim sualım Emil bəyədir. Siz ana dili deyirsiniz. Amma siz özünüz də Azərbaycan dilində mükəmməl danışmırsınız. Bağışlayın suala görə, yəqin ki siz təhsilinizi rus dilində ya rus sektorunda almısınız».

XALQIMA CANIM DA QURBAN

Emil Axundov:

- Mənim təhsilim belə olub - bağçaya rus dilində getmişəm, məktəbə rus dilində getmişəm institutda rus dilində oxumuşam, Moskvada rus dilində oxumuşam. Mənim istiqamətim, bəlkə də bir az şişirdirəm xalqa xidmət etməkdir. Mən şişirdirəm?! Bilirsiniz mən bir kəsə balaca da olsa xeyir gətirəndə şad oluram. Mənim yaşımda belə şişirtmək düz deyil. Xalqıma canım da qurban. Radiasiyadan da keçmişəm. Çernobıldan sonra ikinci qrup əliləm. Bununla fəxr etmirəm. Vətən mənə deyib get, mən gedirəm.

Xədicə İsmayılova:

- Verilən qurbanların əbəs olduğunu düşünmürsünüz?

Emil Axundov:

- Bilirsiniz mənim belə mükəmməl, uzun ömrüm var. Əsas deyil ki, mükəmməl danışasan. Kiminsə vətən üçün xeyri sıfırdırsa o danışmasa ondan yaxşıdır.

Xədicə İsmayılova:

- Həyatınızda elə bir səhifə varmı ki, baxırsınız və deyirsiniz ki, bu səylərim əbəs idi. Bu zəhmətim hədər getdi, bu qurbanı gərək verməyəydim.

Emil Axundov:

- Hər insanın, hər kişinin bir dənə ölçüsü var. Beş ay bundan qabaq mən yoldaşımı itirmişəm. Mənim bir lakmus kağızım var, ömrümdə yalan və pafosla danışmamışam. Amma mənim bu mərhələmdə, yaşadığım bugünkü gündə hər vanna otağında üzr istəyirəm, saqqalımı qırxanda özümə baxıram. Hərdən deyirəm tüpürüm üzünə. Hərdən bilməyə-bilməyə nöqsan buraxanda, bildin-bilmədin kiməsə dəyəndə, bu nöqsan ağrıdır. Ya da deyirəm oğul, bu mənim barometrimdir. Bu mənim cədvəlimdir. Harada ki, mənfi ya müsbət hərəkətimi görürəm.

Xədicə İsmayılova:

- Özünüz özünüzü öyrədirsiniz.

Emil Axundov:

- Qorxuram pis də deməsə desin ki, heyf o çörəkdən. Ölmək ondan yaxşıdır.

Xədicə İsmayılova:

- Xalid İbrahimli yazır: «Eh Emil müəllim. Siz deyən mənəvi qatar çoxdan gedib. Daha doğrusu onu zorla apardılar. Bizim isə o qatarı qaytarmaq gücümüz yoxdur. Hələ o qatar elə yolla, elə sürətlə gedir ki, qalxan toz-duman onun arxasınca baxmağımızı belə mümkünsüz edir». Fual Əliyev yazır: «Salam Xədicə xanım, qonağınızı da salamlayıram. Qonağınız bir az əvvəl dedi ki, məncə sistemdən heç nə asılı deyil. İnsanlardan asılıdır. İnsan necə mədəni yaşaya bilər ki, onun ölkəsində özbaşınalıq, ədalətsizlik baş alıb gedir. Qonağınız deyir ki, xarici ölkələrdə tez-tez olur. O məgər görmür ki, millətin xoşbəxt yaşaması üçün sağlam sistemin çox böyük rolu var. O ki qaldı, indiki rəhbərliyə birmənalı şəkildə indiki insanların ruh, savad və insanlıq düşkünlüyü birbaşa sistemdən və hökumətdən asılıdır. O ki qaldı qonağınız dedi ki, o vaxtlar biz tərbiyəni Bakının küçələrindən alırıq, nənədən-babadan alırdıq, əzizim, indi də o küçələr durur, o nənələr babalar indi də var. Sadəcə siz görmədiyiniz bir şey var. Siz o vaxtkı sistemdən tərbiyə alırdınız, küçədən yox».

BİZİM TALEYİMİZ BELƏ QURULMAYIB

Emil Axundov:

- Çox sağ olun Fuad. Bilirsiniz adamdan çox şey asılıdır. Sistem necə istəyirsiniz elə ola bilər. Kapitalizm, sosializm nə deyirsiniz deyin. Mən günorta saat birdə Əhmədlidən evə gəlirdim. Bu gün də bilirlər, eşidirlər. O fəhlələri var idi ki, görəndə deyirəm əlinizi öpürəm. O fəhlənin əli olmasaydı, mən bu səviyyəyə, bu dərəcəyə çatmazdım. Mən orta mərhələdən bir az yuxarıdayam. Ona görə ki, mən o fəhlələrlə durub-oturmuşam. Professor, akademik, böyük mühəndislərlə oturmuşam. Bu dərs mənim daxilimdədir. Ona görə də mən bu sistemin adamı deyiləm. Mən sistemli adam deyiləm. Mənə bənzəyənlər də var. Düz deyir xanım, mənim də ürəyimdə bu yaradır. Mən utanıram mənimlə işləyən nazirləri hərdən görəndə. Elə adamlar var ki, arzu edib ki, nəyisə alsın ala bilmir. Baxın dərmanlar nə gündədir. Bazar nə gündədir, girmək – çıxmaq olmur. Bu gün dolanmaq üçün bizə qara çörək çay və qənd yaraşmaz. Bizim taleyimiz belə qurulmayıb. Baxın bizim mesenatlara: Tağıyevlər, Nağıyevlər, Aşurbəyovlar, Dadaşovlar. O mesenatlar bizi oxudurdular. Zəhmət çəkirdilər. İndi istəyirəm radio vasitəsilə üzümü döndərim bizim mesenatlara. Nə etmisiniz? Bir dənə sinfi bərpa edin, bir çıxın millətin arasına. Deyirlər milli ideya, milli konsepsiya - nədir bunlar?

Xədicə İsmayılova:


- Bir məsələ var, əslində indi də mesenatların gördüyü işi görən adamlar var. İnsanları oxumağa göndərirlər. Amma bir fərq var. Bir çox hallarda Tağıyev və Nağıyev öz pullarını xərcləyirdilər. Amma çox hallarda bu işi görən adamlar indi oğurluq pulları xərcləyirlər və bu barədə danışmağa üstünlük vermirlər. O pullar ki, onların mənbəyi qaranlıqdır.

Emil Axundov:

- Bu, oxumaq deyil. Mənim nəvəm Fransada 6 il oxudu, indi Rusiyada işləyir. Elə gün yoxdur ki, onunla telefonla danışmayım. Deyir baba mən Bakıya qayıtmaq istəyirəm. Deyirəm, hələ işlə. Lazım olanda çağırarıq. Orada nazirlərimizin balaları da oxuyur. Amma mən sizə desəm ki, onlar necə oxuyur, nifrət edərsiniz. O adam ki, bilir onun atası-babası tər içində pul qazanır, o oxuyacaq, Azərbaycana qayıdacaq, xeyir verəcək. Amma «papa»sı ona kafe alanda, sonra kafeni kartda uduzanda bu adam heç vaxt adam ola bilməz. Bu gün yaralar aşkar olub, açılıb. Mən inanıram, xanım dedi ki, uçuruma gedirik. Biz böyük fəlakətdən qurtulub o biri fəlakətə düşmüşük. Qarabağ probleminə. Nə qədər Azərbaycan öz torpaqlarını paylayacaq, Zəngəzurdu, Dərbənddir, odu-budur. Mütləq gərək milli konsepsiya olsun, millilik olsun. Biz gərək o torpaqları qaytaraq. Biz başımızı aşağı salmayaq. Biz mükəmməl millətik. Mən hara gedirəm bayrağımız həmişə yüksəkdə olur. Mən bəzi mənfi işlərə başqa cür baxıram. Bilirəm ki, bu axır deyil. Bizim parlaq işlərimiz hələ qabaqdadır. İnanın. Mən heç kimə təbliğat aparmıram. Mən bilirəm. Mən uzun ömür yaşamışam bu ölkədə. Pis də ola bilər, ağır da ola bilər, amma mən inanıram. Bizim sərvətlərimiz də var. Biz 20 ildir bu Sovetdən qurtulmuşuq.

Xədicə İsmayılova:

- Amma bəzi adamlar deyir kaş olmayaydı.

Emil Axundov:

- Mən də deyirəm kaş olmayaydı. Çox çətindir readaptasiya. Psixoloji zərbədir. Mən cavan mühəndis 140 manata ailə saxlayırdım. «Samolyot»un bileti 22 manat idi. Sovet vaxtında bir gün işə çıxmayanda səhər «jek»dən, «uçastkovu»dan qapını döyürdülər ki, niyə işləmirsiniz.

Xədicə İsmayılova:

- Amma bu fərqli şeydir. Mən deyəndə ki, kaş olmayaydı, onu nəzərdə tuturdum ki, deyirlər ki kaş neft də olmayaydı.

MƏNİM NEFT PAYIM NİYƏ YOXDUR?

Emil Axundov:

- Mən şovinist deyiləm, mən beynəlmiləlçiyəm. Bizim sərvətlərimiz bütün respublikalara paylanırdı. Neftimiz də, balığımız da, gücümüz də. İndi qızıl mənbəyi açılıb. Kürü, balıq nə qədər istəyirsən. Gəlirlər ey, neft ocaqları. Biz gərək elə yaşayaq ki, bütün dünyada desinlər bunlar azərbaycanlıdır. Mən Dubayda olanda, Ekvadorda olanda görürdüm qadınlar bankda növbədə dayanıblar. Soruşuram niyə qadınlar dayanıb növbədə? Deyirlər onların neft payı var. Mənim neft payım niyə yoxdur ki, mən də qocalıqda dayanım bir pəncərədə mənim payımın pulunu versinlər? Nə üçün? «BP»–nin prezidenti pensiyaya çıxıb. Azərbaycanın neftini işlədə işlədə-işlədə bu kişinin pensiya fondu 40 milyondur. Bu, adamı yandırır. Amma inanıram əl-ələ versək bu günkü rəhbərlə, bu günkü camaatla hər şey yaxşı olar. Axırıncı dəfə Bakının icra rəhbərlərini televizorda nə vaxt görmüsünüz? Yoxdurlar. Siz hansı rəhbərlə görüşürsünüz televizorda? Mən sizə rəhbərlər deyərəm ki, siz heç onları tanımırsınız.

Xədicə İsmayılova:

- Elə ölkə başçısı da heç kimə müsahibə vermir.

Emil Axundov:

- Ölkə başçısının bu dəqiqə vəziyyəti ağırdır. Azərbaycan bu saat, bu gün, davadadır. Biz bu gün praktiki təkik. Mən inanmıram, deyirlər bu qardaşdır, bu dostdur. Azərbaycan bu gün, bu dava günündə siyasətdə təkdir. Nə etsək özümüz edəcəyik. Qarabağı özümüz qaytaracağıq. İnkişafa gərək özümüz gedək.

Xədicə İsmayılova:


- Zamin yazır Şəkidən, «Emil bəy, sizcə bu ölkədə qütbləşmənin səbəbkarı kimdir? Bir də siz də gözəl bilirsiniz ki, bu ölkədəki problemlərin başlıca səbəbkarı indiki iqtidardır. Niyə bunu açıqca deməyə çəkinirsiniz? Bu millət rüşvət içində boğulur. Siz bunu görürsünüzmü?».

Emil Axundov:


- Görürəm və utanıram. Mən dəfələrlə Şəkidə olmuşam. Şəkini öz müsahibəmdə inkişaf yolu kimi demişəm. Amma işsizlik, kasıbçılıq Şəkiyə də çatıb. Mən sizinlə mütləq razıyam. Amma mənə yaraşmaz bu gün deyəm ki, belədir. Biz gərək kiriyək, işimizi görək. Biz bu gün gərək elə edək ki, qapılar bizim üçün açıq olsun. Lap Prezident Aparatının qapıları açıq olsun. Biz gərək bu camaatla, bu rəhbərlərlə kontaktda olaq. Onlar öz mərtəbələrində yaşayırlar. Onlar görmürlər ki, aşağıda nə var. Nəqliyyatda nədir, bazarda nədir görmürlər. Eşidirlər, onda da ona bir bəzək vururlar.

Xədicə İsmayılova:


- Amma bu kontakt dediyiniz iki tərəfli prosesdir. Aşağıdan kontakt istəməklə bir şey olmur.

Emil Axundov:

- Bilirsiniz gərək bu söhbətdə, burada mənim yanımda Prezident Aparatının şöbə müdiri oturaydı. Qardaş kimi. Biz bu saat bir–birimizi görəndə yeyirik. Elə bil əcinnəyik. Gərək bu olmasın. Bir ildir əlimdə bir təklif var ki, camaata ucuz qiymətlə, keyfiyyətli mənzil verək. Açıq deyirəm. O qapı, bu qapı, o yana bu yana hələ ki, layihə qalır. Amma bu lazımdır. Biz deməkdə qalırıq. Bu gərək olmasın.

Xədicə İsmayılova:

- Mən elə bu barədə soruşmaq istəyirdim ki, ölkəyə çoxlu neft gəlirləri gəlir. Onlar büdcəyə də transfer olur. Böyük tikinti layihələri var. Bakı şəhərinin mərkəzi böyük bir tikinti sahəsini xatırladır. Belə bir məqamda inşaatçı Emil Axundov ölkədə yoxdur. Gedir başqa ölkələrdə işləməyə. Niyə belədir? Axı əslində bu sizin məqamınızdır.

ÇOX SAĞ OLUN CƏNAB PREZİDENT

Emil Axundov:

- Ora qazanmağa gedirəm. Bunu çox deyirlər mənə. Bilirsiniz necədir? Mən heç bir partiyanın üzvü deyiləm. Məndə bircə Kommunist partiyasının partbileti var. Orada yazmışam ki, nə bacardımsa etdim, qoy başqaları daha yaxşı etsinlər. Qoy məndən yaxşı, məndən gözəl etsinlər. Mən bunları mənfi fikirlə demirəm Bu gün görün Bakını tikən kimdir? Baxın kimdir, bir dənə memarın adını deyə bilərsiniz? Amma Azərbaycanda elə memarlar, elə inşaatçılar var…Şükür Allaha, çox sağ olsun bizim prezident İlham Əliyev ki, axırda inşaatçıların bayram gününü bərpa etdi. Çox sağ olun cənab prezident. 20 ildən artıqdır kimin istəyirsiniz günü var, bayramı var. O inşaatçılar ki, Azərbaycanın bayrağını qaldırıblar, adları da unudulub. Azərbaycan Heydər Əliyevin vaxtında böyük inkişaf edib. Heç kim demir onda Azərbaycanda inqilabi bir hərəkat oldu. Üç dənə ev tikmə kombinatları, dəmir, beton zavodlar, sement zavodları var idi. Bilirsiniz, bizim resursumuz olub. Onda biz inşaat materialları ila təmin etməkdə Rusiya, Ukraynadan sonra üçüncü yerdə idik. Onda bizim nazirlərimiz, bizim inşaatçılarımız bütün dünyaya səpələnmişdi. O dövrdə bu rəhbərin əlinin altında işləməklə fəxr edirdik. Mən özüm də onun əlinin altından çıxmışam. 1969–cu ildə o birinci katib idi, 1970–ci ildə mən Moskvadan qayıtmışam.

Xədicə İsmayılova:

- İndi də Azərbaycan Heydər Əliyev dövrünü yaşayır. Bəs fərqli olan nədir? Niyə idarə olunmur?

Emil Axundov:

- Bilirsiniz, o min ildə bir dəfə yer kürəsinə gələn şəxsdir.

Xədicə İsmayılova:

- Amma o son dövrdə Azərbaycana uzun müddət rəhbərlik etdi. Əgər yaxşı idisə niyə yaxşı olmadı?

Emil Axundov:


- Onun nəfəsi, onun nüfuzu Moskvada da işləyəndə, burada da güclü idi. Elə bil maşın sürətlə gedirdi. Azərbaycan çox inkişaf etdi.

Xədicə İsmayılova:

- Amma yenə də siz deyirsiniz korrupsiya var, rüşvət var.

Emil Axundov:

- Yox, mən onu demirəm, mən utanıram. Korrupsiya, rüşvət olmasaydı, bizim təqaüdümüz 800 manat, 1000 manat olardı. Bizdə korrupsiya var, oğurluq var demək pis şeydir.. .nə qədər deyərlər. Mən utanıram.

Xədicə İsmayılova:

- Amma bütün bunları yaxşı dövlət başçısı da görməlidir. Heydər Əliyev də görməli idi.

Emil Axundov:

- O hər yerdə var. Amma ilanın ağına da, qarasına da lənət. İlan ki, səni sancır onun əlacı var. Amma elə şey əldən sancır ki, onun əlacı yoxdur. Bu gün bizim millətimiz nə qədər rəhbərlərimizlə çiyin-çiyinə verib problemdən çıxsa, bizim bütün balalarımız Bakıya qayıdar. Gedin, Şəhidlər Xiyabanına baxın. Kimdir o balalar torpağın içində?

Xədicə İsmayılova:

- Son olaraq Xalid İbrahimli yazır ki, «məncə Emil müəllim hər şeyi çılpaq şəkildə deyir. Hesab edirəm ki qınaqlar ədalətsizdir». Beləcə Emil Axundovla hər şey barədə danışa bilmədik Amma ana dili barədə, ölkədəki ümumi vəziyyət barədə danışdıq. Bir az da sosial müdafiə sistemi barədə danışdıq. Ümid edirəm yenə imkan olacaq başqa mövzulara da toxunacağıq. Amma bu gün biz sistem və insan münasibətlərinə toxunmağa çalışdıq

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG