Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:36

«Əliyev heç bir ciddi aksiyaya yol verməyəcək»


Russia - Garry Kasparov speaks at a press conference in Moscow, 15Dec2008
Russia - Garry Kasparov speaks at a press conference in Moscow, 15Dec2008
«Solidarnost» Rusiya demokratik hərəkatının yaradıcılarından biri, siyasətçi, dünya üzrə 13 – cü şahmat çempionu, Azərbaycanın paytaxtından olan Hari Kasparov AzadlıqRadiosuna müsahibə verib. O, Cənubi Qafqaz regionunda demokratiyanın perspektivləri barədə danışıb və 2008 – ci ildə Rusiya və Gürcüstan arasındakı müharibənin məqsədi barədə fikirlərini bildirib.

Hari Kimoviç, müsahibələrinizdən birində Rusiya prezident adminstrasiyasının «ideoloji laboratoriyasında» işlənmiş «suveren demokratiya» anlayışını tənqid etdiyinizə rast gəldim. Anoloji termin Bakıda da düşünülüb – «konsolidə (həmrəyləndirilmiş) edilmiş demokratiya». Sizə elə gəlmir ki, «Putin rejimi» ideoloji matrisalarını bütün postsovet ərazisinə ixrac edir və bələ bir təəssurat yaranır ki, əslində biz, Azərbaycan, Özbəkistan və digər ölkələrdəki avtoritar rejimlərdən ibarət MDB məkanına geosiyasi cəhətdən sirayət edən təsir agentləri şəbəkəsi ilə üzləşmişik? Bu məsələ barədə nə düşünürsünüz?

Rusiyanın avtoritarlığa açıq – aşkar meyli sözsüz ki, bu dövlətlərdə normal demokratik proseduralardan qorxan rəhbərlərin mövqelərini möhkəmləndirdi

- Mənə elə gəlir ki, demokratiya sözünə müxtəlif epitetlərin qoşulması, ən azı, riyakarlıqdır. Demokratiya – ya var, ya da mövcud deyil. Örnək üçün, keçmiş SSRİ–nin nəzarətində olan Şərqi Avropa dövlətləri «xalq demokratiyası» adlanırdılar. Bu termin də həmin ölkələrdəki hakim olan avtoritar kommunist rejimlərinin qərbdə imic saxlama istəyinin məhsulu idi. Çünki SSRİ–dən fərqli olaraq bu əlaqələr Şərqi Avropa kommunist liderləri üçün çox vacib idi. Həm belə rejimlərin siyasi sabitliyi baxımından, həm də əsas rəhbər personaların şəxsi rahatlığı üçün. Amma hər kəs «milli spesifika» adı altında öz qəlibini, öz adını və ya termini icad etməyə cəhd edir, nəticədə isə eyni şey alınır.

Biz bilirik ki, SSRİ–nin süqutundan sonra yaranan dövlətlərin çoxunda hakimiyyət normal seçkilər nəticəsində dəyişmir. Avropa Birliyinin üzvü olan Baltikyanı dövlətlər və Ukrayna, habelə Moldova istisna olmaqla. Orada hakimiyyət seçkilər vasitəsi ilə dəyişir. Demək olar ki, orada seçkilər çox çətin şəraitdə baş verir, çoxlu qarşılıqlı ittihamlar olur.

Bir qədər malalamaqla, demək olar ki, Gürcüstanda da demokratiyanın müəyyən elementləri var. Bununla yanaşı, aydındır ki, orada da nəyinsə dəyişməsi üçün hakimiyyət getməyi arzulamalıdır. Qərb «cəbhəsində» istisna yalnız Belarusdur.

O ki qaldı SSRİ–nin şərq hissəsinə, orada mənzərə yekrəngdir. Burada müxtəlif dərəcələrdə avtoritar rejimlər mövcuddur. Təbii ki, qanunauyğunluqları və Rusiyanın rolunu nəzərə almaqla. Çünki Rusiyanın rolunu tam olaraq qiymətləndirməmək qüsurlu olardı. Əlbəttə, Türkmənistanda və ya Özbəkistanda formalaşmış üsuli-idarələr Rusiyanın birbaşa təsiri olmadan da yaranacaqdı. Amma o ki qaldı, Azərbaycan, Ermənistan, həmçinin Qazaxıstana, etiraf edilə bilər ki, Rusiyanın avtoritarlaşması bu dövlətlərdəki normal demokratik proseduralardan çəkinən rəhbərlərin mövqelərini xeyli möhkəmləndirdi.

- Cənubi Qafqazda demokratiyanın taleyi barədə bir qədər təfərrüatlı rəyinizi bilmək istərdim. Yaxın 3-5 il ərzində bu regionda demokratiyanın vəziyyətini necə görürsünüz?

- Qafqazın payına tradisionalizmlə bağlı problemlərlə yanaşı, bir çox nizamlanmamış ərazi mübahisələri də düşür. Bu həm də regionda avtoritarizmi qidalandıran mənbədir. Açıq görünən odur ki, Qarabağ məsələsi həm Azərbaycanda, həm də Ermənistanda siyasi iqlimə təsir edir. Aydındır ki, Azərbaycan hakimiyyəti hətta bütün demokratik institutlar faktiki ləğv edilsə belə, öz hakimiyyətinin legitimlik səviyyəsini təmin etmək üçün sonsuza qədər bu məsələdən istifadə edə bilər.

Ermənistanda isə hakimiyyət de-fakto vaxtilə Qarabağda hərbi gücə əsaslanmış dairələrə məxsusdur. Əslində isə bu müəyyən demokratik proseduralardan istifadə edən militarist diktaturadır. Amma həm də aydındır ki, nə qədər ki Qarabağ mübahisəsi nəticəsində yaranan klan hakimiyyətdədir, Qarabağ məsələsinin törətdiyi vəziyyətdə dəyişikliklər gözlənilmir.

Gürcüstandakı vəziyyət də həmçinin Abxaziya və Cənubi Osetiya ilə diktə olunur. Buna rəğmən Mixail Saakaşvilinin Gürcüstanda apardığı rüşvətxorluq və avtoritarlıq səviyyəsini azaldan islahatlara qiymət vermək lazımdır.

Yəni Cənubi Qafqazda münasibətlərin normal inkişafını əngəlləyən problemlər həll edilmədikdə regionda daxili siyasi vəziyyətdə dəyişikliklə nəticələnən ssenarini sezmək çox çətindir. Üstəlik, faktiki olaraq hamının hamıyla müharibəsi məkanına çevrilmiş alovlu Şimali Qafqaz da siyasi vəziyyətə təsir edir. Azərbaycanın şimal sərhədində yerləşən Dağıstan heç bir şəkildə Qafqazın demokratikləşməsinə təkan vermir. Cənuba baxdıqda isə orada İran var ki, onu da «ifrat demokratiklikdə» qınamaq çətindir və bu da regionda demokratiyanın inkişafı üçün əsasa yaratmır.

Həmişə regionda sabitlik yarananda, yerli avtoritar liderlər bu faktdan effektiv olaraq balansı qorumaq üçün demokratik institutların və insan haqlarının kobud şəkildə pozulmasına göz yuman qərb ölkələri ilə imtiyazların alış-verişi üçün istifadə edir.

- Necə fikirləşirsiniz, əgər İlham Əliyev BMT–nin nizamnaməsində həkk edilmiş ölkəsinin özünümüdafiə hüququndan yararlanaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilərin heç olmasa bir qismini azad etməyə cəhd edərsə, Rusiya Azərbaycana qarşı intervensiyaya cürət edə bilərmi?


- Güman edirəm ki, indən belə heç bir intervensiya olmayacaq, çünki hətta Gürcü avantürası Rusiya ordusunun həddən ziyadə zəifliyini nümayiş etdirdi. Bundan əlavə, beynəlxalq siyasi fəsad o dərəcədə böyük oldu ki, buna bənzər əməliyyatlar aparmaq istəyi qeybə çəkildi. Həm də unutmaq olmaz ki, Gürcüstan hadisəsi Putini narahat edən digər konkret problemin də həllinə yönəlmişdi. Söhbət Soçi olimpiadasının təhlükəsizliyini təmin etməkdən gedir. Daha dəqiqi, birbaşa terrorist təhlükəsindən qorunmaq mənasında yox, məhz olimpiadanın keçirildiyi məkanı Abraziyanın yəni de-yure Gürcüstanın sərhədlərindən uzaqlaşdırmaq baxımından. Putin beləcə dərin arxa cəbhə istehkamını təmin etmək istəyirdi. Buna görə də Abxaziya Rusiyanın Gürcüstana qarşı aqressiyasının daha mühüm, daha çox xəyal edilən obyekti idi, nəinki bəhanə kimi istifadə edilmiş Cənubi Osetiya. Əgər hansısa təcavüz niyyətləri yaranırdısa da, bu keçmişə və Krıma aid idi. Amma Yanukoviçin hakimiyyətə gəlməsi açıq aşkar göstərdi ki, Ukraynada rusiyapərəst siyasətçilər yoxdur, Ukrayna siyasətçiləri var. Və yeni seçilmiş Ukrayna prezidentinin ilk səfərini Moskvaya deyil, Brüsselə etməsi də Ukraynalıların həmin Ukraynapərəstliyin bariz nümayişidir. Beləcə, bu istiqamətdə də avantüralar və ciddi qəlizləşmələri gözləməyə dəyməz.

Yaxın 5-10 ildə Türkiyənin Avropa Şurasına inteqrasiyası Avropada sabitliyin mühüm faktoru ola bilər. Bu mənada, Türkiyə - Ermənistan sərhədlərinin ehtimal edilən açılması müsbət faktordur
Ermənistan və Azərbaycan arasındakı münaqişə isə Rusiyanı, indiki halda Putin Rusiyasını dolayısı ilə və bu iki ölkəni öz təsiri altında saxlamaq baxımından maraqlandırır. Buna görə də mən şübhə etmirəm ki, Rusiya heç bir halda müdaxilə etməyəcək. Eyni zamanda əminəm ki, İlham Əliyev heç bir ciddi aksiyaya yol verməyəcək. Güman edirəm ki, bu onun maraqlarında deyil. O belə vəziyyətlərdə başlıca dərsi mənimsəyib – Dərsin ibrəti isə budur ki, müəyyən aksiyalarla təhdid et, amma heç bir halda onlara əl atma. Bu məsələ hakimiyyəti qorumaq üçün sonsuzluğa qədər istifadə edilə bilər. Mənə elə gəlir, İlham Əliyev bunu çox məharətlə bacarır.

- Türkiyə - Ermənistan sərhədlərinin açılması perspektivini necə qiymətləndirirsiniz? Sizcə Rusiya Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasını nə qədər dəstəkləyir və ya əksinə bunu nə dərəcədə baltalayır?


- İstənilən halda inteqrasiyaya aparan bu və ya digər danışıqlar prosesi həmişə faydalıdır. Əminəm ki, Avropada stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin mühüm faktoru (düzdür, bütün maliyyə və digər böhranlar olduğu halda bu haqda danışmaq indi çox çətindir) Türkiyənin Avropa Şurasına inteqrasiyası olmalıdır. Bu, bütün bəşəriyyətin normal inkişafına mane olan bir çox stereotiplərin aradan qaldırılmasına kömək edə bilərdi.
İstənilən halda, vacibdir ki, demokratiyanın təkcə xristian ölkələrinin siyasətində mühüm faktor olmadığı hamıya əyan olsun. Həmçinin yaxın 5-10 ildə Türkiyənin Avropa Şurasına inteqrasiyası mühüm faktor ola bilər. Bu planda Türkiyə-Ermənistan ehtimal olunan sərhədlərinin açılması müsbət faktor ola bilər. Ümumiyyətlə, əvvəl-axır ən azı son yüz ildə yığılmış Cənubi Qafqaz və yaxın Şərqdəki problemlər həllini tapmalıdır. Odur ki, bu istiqamətdə atılan hər bir addım vəziyyəti ancaq yaxşılaşdıra bilər. Zatən, vəziyyətin daha da pisləşməsi üçün heç yeri də qalmayıb.

- Sizcə demokratik dəyərlərin mənimsənilməsinə, funksional demokratiyanın qurulmasına, bazar iqtisadiyyatının yaranmasına və gerçək vətəndaş cəmiyyətinin formalaşmasına, bir sözlə sivilizasiya mövcudluğunun qərb modelinin gerçəkləşdirilməsinə «Asiya mentalitetinin» hansı elementi daha çox nə mane olur?

- Bu əlbəttə ki, ciddi araşdırma tələb edən dərin məsələdir. Bu mövzuya aid çox yazılar yazılıb. Haradasa, bu, əlbəttə ki, əsrlər boyu formalaşan ictimai nizamlanma ənənələri ilə bağlıdır. Bu ənənələrin isə öz növbəsində ictimai münasibətlər sisteminə təsiri olan dini faktorlarla sıx bağlılığı var. Amma burada birmənalı şaquli xətli səbəb-nəticə əlaqələrinin tapılması çox çətindir. Çünki bu əlaqələr və amillər bir birinə hörülüb.

Məsələn, bir çoxları bunu etdiyi kimi demokratiyanın səviyyəsini dövlətlərin zənginliyi ilə əlaqələndirmək uğurlu deyil. Deyək ki, Səudiyyə Ərəbistanının Çexiyadan varlı olması heç kəsdə şübhə doğurmur. Amma Çexiyada kifayət qədər dayanıqlı demokratiya mövcud ikən Səudiyyə Ərəbistanına, yumşaq desək, bunu şamil etmək çətindir. İstənilən tarixi ekskurs yaranmış ictimai inkişaf modellərinə əsaslanmalıdır.

Yaponiyaya baxın, onun uzun, qədim olan tarixində də siz çox əsrlik demokratik inkişaf dövrünü tapmayacaqsınız. Amma bu gün orada inkişaf etmiş demokratiya var, və hökumətlər ancaq seçkilər nəticəsində dəyişir
Statistikaya nəzər salsaq, görə bilərik ki, protestant dövlətləri iqtisadi planda daha uğurludurlar, nəinki katolik dövlətləri. Görünür, hansısa daxili əlaqələr mövcuddur ki, onlar ictimai amillərlə şərtlənir. Və çox güman ki, Avropada və Asiyada formalaşmış qarşılıqlı münasibətlər sistemləri özlərindən idarəçiliyin fərqli səviyyələrini kəsb edir.
Amma yenə də qəti nəticələr çıxarmağa dəyməz. Elə örnək olaraq Şimali və Cənubi Koreyanı götürün – inanmaq çətindir ki, söhbət eyni insanlardan, eyni xalqdan gedir. Sadəcə xalqın bir qismi konsentrasiya düşərgələrində (konslaqer) yaşayır, digər qismi isə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birini yaratmışdır. Və ya, haqqında heyranlıqla danışılan Çinə nəzər salsaq görərik ki, onun da Tayvan adlı analoqu var və orada da Çinlilər yaşayır. Lakin Tayvanda olan yaşam səviyyəsi və iqtisadiyyatın innovasiya səviyyəsi Çinin göstəricilərini müqayisə olunmaz dərəcədə arxada qoyub. Və Yaponiyaya baxın, onun uzun, qədim olan tarixində də siz çox əsrlik demokratik inkişaf dövrünü tapmayacaqsınız. Amma bu gün orada inkişaf etmiş demokratiya var, və hökumətlər ancaq seçkilər nəticəsində dəyişir. Və təsadüfi deyil ki, hal – hazırda Tayvan, Yapon və Cənubi Koreya iqtisadiyyatı texnoloji cəhətdən Asiya qitəsinin və bəlkə də dünyanın ən qabaqcıl iqtisadiyyatlarıdır.
Nəzərimcə, təbiətdə bu və ya digər ölkələrin demokratik inkişaf yoluna keçidini iflicləşdirəcək və ya qarşısını alacaq universal mental əyləc mövcud deyil. İslam aləmini götürsəniz, burada Türkiyə kimi bariz nümunə ilə üzləşəcəksiniz ki, bu ölkədə tarixi mədəni – dini ənənələrin hifzinə rəğmən, demokratik institutlar geriyə dönməz inkişafı təmin edən köklər salıb. Bəlkə də, bir qədər şişirtməyə yol verərək, Pakistanı da misal göstərmək olar, çünki bu ölkədə də dinamik siyasi proseslər gedir və bunun nəticəsində hakimiyyətin dəyişilməsinə yeganə vasitə olan seçkilər keçirilir. Beləliklə, mənim zənnimcə, çox şey, həlledici dərəcədə çox şey, hakim elitanın kardinal dəyişikliklərə rəvac vermək iradəsindən və hazırlığından asılıdır!

Təəssüflər olsun ki, bu gün Rusiyada siz dediyiniz «Asiya mentalitetinin» təzahürlərini görürük. Eyni zamanda Qərbə meyllilik də mövcuddur. Yəni buradakı hökmdarlar, şərqsayağı idarə etmək, amma eyni zamanda qərb texnologiyaların təmin etdiyi komfortda yaşamaq istəyirlər.

- Necə düşünürsünüz, Putin və Medvedyevin öz gələcəklərinə dair strateji anlayışları varmı? Sizcə, nə dərəcədə Qərb, xüsusilə amerikalılar Putin maliyyə avuarlarının qərb maliyyə iqtisadi məkanında saxlanmasından istifadə edir? Söhbət ekstremal vəziyyətdə, məsələn gürcü – rus konflikti zamanı yaranmış vəziyyətdə Rusiyaya çəkindirici təzyiq vasitəsi kimi istifadəsindən gedir.

Necə deyərlər, başqasının qəlbi açılmaz müəmmalar xəzinəsidir. Və mən, Putinin bu və ya digər qərarlar verərkən psixoloji motivlərini təfərrüatlı təhlilindən çəkinərdim. Kənardan görünən odur ki, Putin özünün hədsiz ambisiyalarının törətdiyi tələyə düşüb. Və onun hakimiyyətdən mərhələli gedişinin ssenarisini tapmaq olduqca çətindir. Putin və onun ətrafı üçün hakimiyyət ifrat varlanma mənbəyinə çevrilib. Hakimiyyətin itirilməsi isə şəxsi varidatların artırılması sayəsində əldə olunmuş iqtisadi nailiyyətləri məhv edə bilər.

Demokratik təsisatların Rusiyada alçaldılaraq ləğv edilməsi də Putin və onun dostlarında heç də özünə inam hissini artırmır. Çünki hakimiyyətin itirilməsi elə bir ictimai refleksiya törədə bilər ki, yeni yaranacaq iqtidarın buna reaksiyası xeyli sərt ola bilər. Özü də ki, yeni yaranacaq iqtidar demokratik olmaya da bilər. Belə isə Rusiyada həmişə olduğu kimi (zatən, bütün qeyri demokratik məmləkətlərdə olduğu kimi) keçmiş hökumət başçıları qısa müddətdə qurbanlıq quzuya çevrilə bilərlər. Ona görə də Putinin Rusiyada əvvəlcə de-fakto, sonra de-yure ömürlük diktatura qurmaqdan başqa yolu qalmır. Medvedyev isə Putinin nəzərində, zənnimcə, sadəcə yeni prezidentlik müddətlərinə və ya yeni hüquqi mexanizmlərə ağrısız keçidi təmin edən ötəri fiqurdur.

O başqa məsələ ki, Rusiya elitasının bir çox nümayəndələri üçün bu situasiya qeyri – adi və hətta qəbul edilməz ola bilər, çünki Putinin ömürlük idarəçiliyinə kimsə razılıq verməyib. Nominal hakimiyyətin Medvedyevə keçidi ona görə ağrısız baş verdi ki, hamı situasiyanın öz – özünə yavaş – yavaş həll tapacağını zənn edirdi. İndi isə əyan olur ki, Putinin hakimiyyət rıçaqları ilə vidalaşmaq arzusu yoxdur.

O ki qaldı Qərbin Rusiya böyük naçalniklərin pullarını qərb banklarında yerləşdirilməsindən istifadə edərək təzyiqlərinə, açığını deyim ki, buna xeyli şübhəm var. Şübhəm var ki, qərb liderləri buna getməyə hazırdırlar. İstisna deyil ki, hansısa böhran situasiyalarında belə bir şey baş verə də bilər. Amma unutmaq olmaz ki, on il ərzində Rusiya hakimiyyəti qərb siyasətçiləri ilə də, biznesmenləri ilə də, jurnalistləri ilə də böyük işlər aparmış və qərbdə güclü «beşinci kolonna» yarada bilmişdir. Bundan əlavə, Rusiya rəhbərlərinin avuarları qərb kapitalı ilə qaynayıb qarışıb və burada kimi və nə ilə təhdid etməyi müəyyənləşdirmək çətindir. Misal üçün, Xodorkovskidən oğurlanmış (demokratik müxalifəti maliyyələşdirdiyinə görə, Putinin qəzəbinə tuş gəlmiş və həbsə atılmış Rusiya neft maqnatı - Red.) şirkətin əsasında yaradılmış «Rosneft», bir şirkət olaraq İPO (özəl şirkət səhmlərinin ilkin satışı) prosedurandan keçib və bu şirkətdə bir çox qərb meqa – şirkətlərin də pulları var. Yəni bu axınlarda sırf rus pullarının aşkarlanması olduqca mürəkkəbdir. Əlbəttə ki, hansısa məqamda Qərbdə bu məsələ ilə əlaqədar vəziyyət dəyişə bilər. Amma bunun üçün hələ ki olmayan siyasi iradə lazımdır.

- Rus tarixi kədərli fikirlərə təkan verir. İrina Xakamada ( hal – hazırda liberal demokratik düşərgənin liderlərindən biri olan Dövlət Dumasının sabiq vitse-spikeri) Azərbaycan mətbuatına verdiyi müsahibələrin birində demişdir ki, Rusiyanın tarixi, hakimiyyətin öz xalqına çox əsrli ikrah tarixidir. Nəticədə «diktatura-inqilab – irtica – diktatura» düsturlu, cadulanmış və lənətlənmiş qapalı dairə alınır ki, bu dairənin «fırlanması» nəticəsində Rusiya heç cür dayanıqlı, dönməz demokratik inkişaf yoluna qədəm qoya bilmir. Hansı fövqəl hadisə baş verməlidir ki, bu dairənin tilsimi qırılsın. Yəni söhbət Rus dövlətçiliyinin prinsipcə yeni paradiqma üzərində təzədən formatlanması zəruriyyətindən mi gedir?

- Zənnimcə, tarix özü bu tilsimi qıracaq! Çünki Putin rejiminin həyatda qalmasını təmin edən hal – hazırdakı siyasi-idarəçilik formatların mühafizə edilməsi indiki sərhədlərində mövcud olan Rusiyanı məhvə, ölümə doğru aparır. Uzaq Şərqdə və Şərqi Sibirdə vəziyyət artıq Çin ssenarisi üzrə inkişaf edir. Və bu Çin ssenarisinin gerçəklənməsi heç də uzaq olmayan tarixdə baş verə bilər. Yaxın 10 – 15 ildə bir çox Rusiya əraziləri ən azı de-fakto Çin ərazilərinə çevriləcək ki, bu da Rusiyada kardinal, köklü dəyişikliklərə səbəb olacaq.

Bundan əlavə Şimali Qafqazda da situasiyanın necə inkişaf edəcəyi qətiyyən aydın deyil. Putinlə Kadırov arasında qurulmuş və böyük bac hesabına, çoxmilyardlı maliyyə axıtmalar hesabına yerli elitanı ələalmanı nəzərdə tutan münasibətlər modeli uzun müddət işləyə bilməz. Həmin maliyyə axıtmaları dayanarsa, regionda vəziyyətin tamamən nəzarət altından çıxması heç də istisna deyil. Heç demokratik quruluşa və onun dəyərlərinə istinad etmədən də aydındır ki, Putin rejimi Rusiyanı dalana dürtüb. Əslində indi Rusiya yeni paradiqma, yenidəntəsis məsələsi ilə üzləşib.

Bunu necə etmək lazımdır demək çətindir. Amma aydındır ki, bunu etmək lazımdır. Bu mənada Rusiyanın əsas siyasi qüvvələrinin konsensusu tələb olunur. Mən «Putindən sonra Rusiya» adlı silsilə məqalələrimdə ( söhbət altı məşhur, əks sədaya səbəb olmuş məqalədən gedir - Red. ) bunu etməyə, yeni paradiqmanın müəyyənləşdirilməsinə cəhd etmişəm. Zənnimcə yeni strategiyanın mühüm elementi Rusiyanın Avropaya inkorporasiyasına cəhd olmalıdır. Əgər biz Uzaq Şərqi və Sibiri saxlamaq istəyiriksə bunu ancaq birləşmiş Avropa vasitəsilə edə bilərik. Bu da ağır, ciddi və birxətli olmayan prosesdir. Amma bunun başqa alternativi yoxdur. Vahid, demokratik, iqtisadi maraqların ortaqlığı ilə əlaqələndirilmiş Avrasiya məkanı – budur yeganə ümid. Ümid ona ki, bölgədə və bütövlükdə dünyada vəziyyət sabitləşəcək. Bu baş verməsə, güman edirəm ki, hal – hazırdakı şəkildə olan Rusiyanı sonu proqnoz edilməyən, ən ağır sınaqlar gözləyir. Və deyiləndə ki, böyük dövlətlərin parçalanması az ehtimal olunandır, yada salmaq gərəkdir ki, 20 il bundan öncə kimsə bunca miqyaslı və belə sürətlə dəyişikliklərin baş verməsini ehtimal edə bilməzdi. İndi biz elə bir dünyada yaşayırıq ki, iri ölkələr, iri geosiyasi layihələr özünün rəqabət qabiliyyətini sübuta yetirməlidir. Tamamilə aydındır ki, artmaqda olan Amerika-Çin qarşıdurması və birləşmiş Avropanın ətalətli qüdrəti fonunda Rusiya nəhayət hansısa qərara gəlməlidir. Çünki müstəqil güc mərkəzi kimi Rusiya dünyada öz mövqelərini sürətlə itirməkdədir.

- Bir tərəfdən erməni ziyalıları, erməni xalqının intellektual elitası öz vətənlərini qərb sivilizasiya fəzasının ayrılmaz hissəsi kimi düşünürlər. Amma digər tərəfdən, Rusiya ilə ənənəvi, hətta deyərdim, tradisionalizm halına gətirilmiş tarixi əlaqələr, spiker Qrızlovun söylədiyi «Ermənistan bizim forpostumuzdur» tezisi var. Necə düşünürsünüz, yaxın vaxtlarda Rusiya erməniliyinin davranışında, o cümlədən, siz toxunduğunuz mövzularla bağlı davranışında kardinal dönüş ola bilərmi? Rus erməniliyinin mühiti, şərti olaraq qərbçi liberallara və rusiyayönümlü «satellitizm» tərəfdarlarına bölünə bilərmi?


- Bəri başdan deyim ki, Moskvada və bütövlükdə Rusiyada məskunlaşmış bütün milli diasporlar Putin rejiminə öz loyallığını nümayiş etdirməyə çalışır. Tamamilə fərq etməz, istər bu erməni ya gürcü və ya da Azərbaycan diasporu olsun, istənilən icma hakimiyyət dairələri ilə normal münasibətlər qurmağa çalışır. Əlbəttə, aydındır ki, erməni və gürcü icmalarının Rusiyada dərin kökləri var. Amma zənnimcə bu gün bunlar hamısı tarixin faktlarıdır. Bu arxada qalmış tarix, Baqration irsinə, nə bilim Loris-Məlikovun irsinə ( Rusiyanın dövlət xadimi, rus – türk müharibələrinin iştirakçısı, 1880 – ci illərdə çar Rusiyasının Daxili İşlər Naziri və jandarmların şefi- Red. ) hər cür istinadlar və apelyasiyalar real siyasətə təsirini itirib. Üstəlik də, Rusiya elitasının özü də bu cür komplekslərə mübtəla deyil.
XS
SM
MD
LG