Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:40

Məşhur rejissor "saxtakar" yazıçını müdafiə etdi


Xirosima bombalanmadan sonra. Sentyabr 1945
Xirosima bombalanmadan sonra. Sentyabr 1945
Amerikada 2-ci Dünya Müharibəsi Əlilləri Təşkilatı məşhur rejissor Ceyms Kameronun Yaponiyaya atom bombası atılması haqda mübahisəli kitabı müdafiə etməsindən məyus olub.

Kameron bir müddət əvvəl bildirmişdi ki, Çarlz Pelleqrinonun “Xirosimadan gələn sonuncu qatar” kitabı əsasında film çəkəcək.

Amma fevralın sonlarında iddialar ortaya çıxıb ki, publisistik əsər kimi təqdim olunan kitabda uydurma surətlər var. Hətta nəşriyyat kitabın çapından imtina edib.

1945-ci ildə Yaponiyaya hücumda iştirak etmiş veteranlar və onların qohumlarının üzv olduğu təşkilatın martın 3-də verdiyi bəyanatda deyilir ki, Pelleqrinonun kitabı “bədii əsərdir və əsl tarixi həqiqətlərə kölgə salır”.

Martın 2-də “Asoşieytid Press” agentliyinə göndərdiyi e-mail-də məşhur rejissor Pelleqrinonu müdafiə edib. “Mənim bildiyim odur ki, Çarli saxtakarlıq etməz, burada anlaşılmazlıq ola bilər”.

Kameron bildirib ki, kitabla bağlı iddialar onu əsərin əsasında film çəkmək fikrindən döndərməyib.

Əlillət Təşkilatı isə bu fikirlərə münasibət bildirərkən bəyan edib ki, “bəlkə də cənab Kameron Pelleqrinonun Xirosima haqda kitabında yol verdiyi yanlış yozumların miqyasını anlamır”. Təşkilat deyib ki, onlar filmin həqiqətə uyğun olması üçün Kamerona yardım etməyə hazırdılar.

Hadisənin tarixçəsi

Bu kitab elə böyük əks-səda doğurmuşdu ki, hətta “Titanik”, “Avatar” kimi kino tarixinin ən gəlirli filmlərini çəkmiş Ceyms Kameron da onun əsasında film çəkmək istədiyini demişdi.

Amma Yaponiyaya atom bombası atılması haqqında “Xirosimadan gələn sonuncu qatar” adlı mübahisəli kitabının nəşri martın 2-də dayandırılıb. (AP)

Kitabı çap edən “Henry Holt and Company” nəşriyyatından bildiriblər ki, əsərin müəllifi Çarlz Pelleqrino “kitabla bağlı bəzi suallara cavab verə bilməyib”.

Bu suallar kitabda adı çəkilən iki nəfərin doğrudanmı real şəxslər olması ilə bağlıdır.

”Biz dərin təəssüf hissi ilə bildiririk ki, ”Henry Holt and Company” Çarlz Pelleqrinonun “Xirosimadan gələn sonuncu qatar” kitabını daha nə çap edəcək, nə redaktə edəcək, nə də kitabın nüsxələrinin daşınması ilə məşğul olacaq”. Nəşriyyat bunu öz bəyanatında bildirir.

Kitab haqqında şübhələr bir həftə qabaq səslənməyə başlamışdı. Buna Pelleqrinonun bir etirafı səbəb olmuşdu. O etiraf etmişdi ki, kitab üçün müsahibə aldığı şəxslərdən biri yalan danışıb – yalandan deyib ki, guya Xirosimaya bomba atan “Enola Gay” adlı təyyarəni müşayiət edən təyyarələrin birində uçub.

Əvvəlcə nəşriyyat söz verib ki, kitabın redaktə olunmuş variantını dərc edəcək.

Amma bundan sonra kitab haqqında yeni şübhələr meydana çıxıb.

Nəşriyyat kitabda adı çəkilən və bomba atılan dövrdə Xirosimada yaşadığı iddia edilən Mattias ata adlı şəxsin də mövcudluğunu təsdiq edə bilməyib.

John MacQuitty adlı yezuit aliminin də mövcudluğu şübhə doğurub.

Pilot Po Tibbets "Enola Gay" təyyarəsi ilə Xirosimaya bomba atmağa yollanır. 1945
Stanford Universitetinin tarix professoru Barton Bernşteyn deyib ki, o, Xirosimanın bombalanması dövrü haqda çoxlu kitab oxuyub, amma onların heç birində Mattias ata, yaxud MacQuitty adlı adamların adı çəkilmir.

“Əgər onlar real şəxslər olsaydı, hardasa adları çəkilərdi”.

Pelleqrinonun özünün savadı da şübhə altına alınıb.

O bəzən özünü Doktor Pelleqrino kimi təqdim edir.

Veb-saytında Pelleqrino özünün 1982-ci ildə Vellinqtondakı Viktoriya Universitetindən Ph.D elmi dərəcəsi aldığını yazıb.

Amma “Asoşieytid Press”in sorğusuna cavab olaraq həmin univesitetdən bildiriblər ki, Pelleqrinoya belə bir elmi dərəcə verilməsini təsdiq edə bilməzlər.

“Nəşriyyat deyib ki, "hər bir müəllif özünün sənədli əsərində yazdıqlarının arxasında dura bilməlidir. Yaranan suallara cavab verə bilməlidir ki, nəşriyyatlar da onların verdiyi cavablara istinad edə bilsinlər. Amma cənab Pelleqrini bunu edə bilmədi” – deyə nəşriyyatdan bildiriblər. .

E-mail-mesajında Pelleqrino deyib ki, MacQuitty əslində “adı dəyişdirilmiş şəxsdir”, sadəcə o, səhvə yol verərək bunu kitabda qeyd etməyib. Pelleqrino Mattias atanın kimliyi haqda məsələyə aydınlıq gətirməyib.

O ki qaldı Ph.D məsələsinə, Pelleqrino deyib ki, onun elmi adı təkamül nəzəriyyəsi haqda mübahisəyə görə ləğv edilib.

Amma Pelleqrino bu faktı da öz saytında qeyd etməyib.

Yanvar ayında kitabın 18 min nüsxəsi çap edilib. Nəşriyyat oxuculara müraciət edəcək ki, kitabı qaytarmaq istəyən olsa, pulunu geri ala bilər.

Bu xəbər elə bir vaxt ortaya çıxıb ki, “Xirosimadan gələn sonuncu qatar” “Amazon.com” beynəlxalq kitab satışı şəbəkəsində ən çox satılan kitabların siyahısında 244-cü yerə yüksəlib.

Kitab haqqında yüksək rəylər dərc edilib, o cümlədən “New York Times”da.

İndi təkcə kitabın yox, həm də onun əsasında çəkilə biləcək filmin “taleyi” sual altındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG