Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Elmar Hüseynovun xanımı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib


BAKI/01.03.10/TURAN: Mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmaq Hüseynovun Norveçdə mühacirətdə olan həyat yoldaşı Ruşanə Hüseynova Azərbaycan hökumətinin bu cinayətin üstünü açmaması ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edib. Müraciəti hazırlamaqda ona Norveç Helsinki Komitəsi kömək edib. Turan-a müsahibəsində R.Hüseynova onu Strasburq Məhkəməsinə müraciət etməyə vadar edən səbəblərdən danışdı.

- Nədən Strasburq Məhkəməsinə müraciət etdiniz?

- Elmarın qətlə yetirilməsindən 5 il keçib, amma cinayətin üstü açılmayıb. Azərbaycan və dünya ictiamiyyəti işin istintaqı barədə məlıumatlandırılmır. Bütün bunlar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etməyə əsas verdi.

- Azərbaycan hökumətindən nə tələb edirsiniz?

- Avropa Məhkəməsindən xahiş edirəm ki, Elmarın qətli ilə bağlı işdə Avropa İnsan Haqları Konvensiyasının 2, 10 və 13-cü maddələrinin pozulduğunu təsdiq etsin. 2-ci maddə həyat hüququnun, 10-cu maddə ifadə və fikir azadlığının pozulmasını, 13-cü maddə səmərəli məhkəmə müdafiəsi hüququnu nəzərdə tutur.

- Məhkəmə iddiası niyə belə gec hazırlandı?

- Mən 2007-ci ilin yanvarında Azərbaycandan mühacirət edən kimi iddia hazırladıq. İşin gedişində həlli gözlənilən bir sıra məsələlər vardı. Bütün bunlar müəyyən vaxt tələb edirdi. O cümlədən sənədlərin Azərbaycana göndərilməsi, oradan sənədlərin alınması... Burada sənədlər hazırladıq, Gürcüstandan, Avropa ölkələrindən sənədlər yığdıq …- Prezident İlham Əliyev vəd verib ki, qatillər tapılıb cəzalandırılacaq. Bunun baş verəcəyinə inanırsınızmı? - İndi vəziyyəti proqnozlaşdırmaq çətindir. Prezident deyibsə, bu işə ciddi yanaşmaq lazımdır. Təkcə onu deyə bilərəm ki... … Bunu Konfutsinin sözləri ilə ifadə edərdim: “Qədim zamanlarda insanlar çox danışmağı sevmirdilər. Onlar sözlərinə əməl etməməyi rüsvayçılıq sayırdılar”. Konfutsidən artıq nə deyə bilərəm??

- Bir çox icraçı və sifarişçilərin adı çəkilir. Məsələn, hakimiyyət Gürcüstan vətəndaşı olan iki azərbaycanlının adını çəkirdi. Məhkum edilən poqonlu qulyabanı Hacı Məmmədov məhkəmədə etiraf etdi ki, Elmarın qətli onun işidir. Bundan başqa, o, cinayətin sifarişçisi kimi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adını çəkdi. İlkin mərhələdə Türkiyə xüsusi xidmət orqanları bildirdilər ki, sifarişçi və qatillərin adlarını müəyyən edərək Azərbaycan hakimiyyətinə veriblər. Sizcə, həqiqət haradadır?


- Hacı Məmmədovun sözlərinə inanmaq və ya inanmamaq üçün əsasım yoxdur. Bundan başqa, Elmarın ölümündə bandanın iştirakını sübut etmək Azərbaycan hüquq mühafizə orqanlarının işidir. Eyni zamanda, Türkiyə xüsusi xidmət orqanlarının bəyanatı mənə çox şey deyir. Onlar birmənalı şəkildə eyham vurdular ki, Elmarın qətli Hacı Məmmədovun bandasının işidir… Mən anlamıram, nədən biz təxminlərə varmalıyıq… Hacı Məmmədovun qətlin sifarişçisinin Fərhad Əliyev olması barədə bəyanatından sonra 4 ildir ki, Azərbaycan ictimaiyyəti, bir sıra ölkələrin hüquq müdafiə təşkilatları fal açırlar ki, Elmarın ölümünü Fərhad Əliyev sifariş verib, ya yox. Yəni ölkəmizdə müvafiq orqanlar və məhkəmə var, amma faktik olaraq onlar fəaliyyət göstərmirlər (bu, başqa bir məsələdir). Onlar bu məsələdə bizə əsaslı cavab verməlidirlər. Təbii ki, bütün mümkün variantlar araşdırılmalıdır, çünki hər şey ola bilər. Amma günahsızlıq prezumpsiyası prinsipi də var. Hələlik bu və ya digər şəxsin iştirakı sübut edilməyib və biz konkret heç nə deyə bilmərik.

- Siz Norveçə mühacirət edəndən sonra Azərbaycan hökuməti hansısa yardım təklif etdimi? Məsələn, maddi və ya mənəvi yardım?

- Əlbəttə, yox.

- Məhkəmədən nə gözləyirsiniz?

- Obyektiv qərar gözləyirəm. Bilirəm ki, bunun üçün müəyyən zaman lazımdır. Amma müsbət nəticəyə ümid edirəm. Mən və mənə bu işdə yardım edənlər - Norveç Helsinki Komitəsi və bizim vəkil məhkəmədən xahiş etdik ki, bu işə tez baxsınlar.

- İşin beynəlxalq aləmdə səs-küy doğurduğunu, ilkin mərhələdə Türkiyə və Amerika xüsusi xidmət orqanlarının istintaqa cəlb edildiyini nəzərə alsaq, işə tez baxılacağını gözləmək olarmı? (Bu suala Norveç Helsinki Komitəsinin təmsilçisi Berit Lindeman cavab verdi)

- Buna inanırıq. Strasburq Məhkəməsinin praktikasında belə presedentlər olub.

- Azərbaycan hökumətinə qarşı hansı sanksiyalar tətbiq edilə bilər?

- Müxtəlif variantlar mümkündür. Məhkəmə Azərbaycanın deyilən maddələrlə və ya 1 və ya 2-ci maddə üzrə məsuliyyəti barədə qərar çıxarıb, ödəniş tələb edə bilər. Amma Ruşanə hələ kompensasiya ödənilməsini xahiş etməyib.

-Elmar Hüseynovun qətlinin 5 illiyi ilə bağlı jurnalist ictimaiyyəti onun xatirəsinə həsr edilmiş tədbirlər ongünlüyü keçirir. Azərbaycan cəmiyyətinə hansı mesajı göndərmək istərdiniz?
(Söhbəti Ruşanə Hüseynova davam etdirir)

- “Monitor” jurnalı “Bizim və sizin azadlığınız uğrunda!” şüarı ilə çıxırdı. Elmar bu şüara əməl etmək istəyirdi. İstərdim ki, bu şüarı hər kəs xatırlasın. Mənə kömək edən Azərbaycan və Norveç jurnalist ictimaiyyətinə minnətdaram. İnanıram ki, bu dəstək davam edəcək.
XS
SM
MD
LG