Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:47

Bakıda erməni dilində sayt fəaliyyətə başlayıb


Armenia.az saytı
Armenia.az saytı
Martın 1-dən Azərbaycanda erməni dilində Armenia.az saytı fəaliyyətə başlayıb. Saytın rəhbəri, News.Az saytının baş redaktoru Elnur Baimov deyir ki, bu portal heç bir beynəlxalq təşkilatın layihəsi deyil, öz təşəbbüsüdür. Saytda Azərbaycana aid olan xəbərlər, məqalələr erməni dilinə tərcümə olunub yerləşdirilir.

Elnur Baimov saytın yaranma zərurət haqqında bunları deyib:

QƏRARA GƏLDİK Kİ, ERMƏNİLƏRƏ ERMƏNİ DİLİNDƏ MÜRACİƏT EDƏK

«Bizdən fərqli olaraq Ermənistan monomilli dövlətdir. Orda rusdillilərin və ingilisdillilərin sayı demək olar ki, çox azdır. Azərbaycanın rus və ingilis dilində informasiya mənbələri var. Ancaq onlar son ünvana gedib çatmır. Ona görə ki, onlar oxuya bilmirlər. Qərara gəldik ki, ermənilərə erməni dilində müraciət edək. Azərbaycan xəbərlərini onlara doğma dillərində verək ki, gəlib oxusunlar.
Layihə azərbaycanlıların tolerantlığının göstəricisidir. Onlar Azərbaycan dilində başlamadılar, ancaq biz erməni dilində başladıq».

Elnur Baimov deyir ki, erməni oxucularına çatdırılacaq Azərbaycan xəbərləri həm Azərbaycan saytlarından, həm də informasiya agentliklərindən götürülür. Bundan başqa, xüsusi olaraq Armenia.az saytı üçün müsahibələr və analitik materiallar hazırlanır. Saytı hazırlayanlar erməni dilini bilən beş azərbaycanlıdır.

Elnur Baimov
Elnur Baimov deyir ki, onları çox çətinliklə axtarıb tapıb, çünki erməni ədəbi dilində bilən azərbaycanlılar barmaqla sayılacaq qədər azdır. Gələcəkdə isə sayta Ermənistanın özündən olan müəlliflər cəlb olunacaq:

ERMƏNİSTANDA ÖZ MÜXBİR MƏNTƏQƏLƏRİMİZİ AÇACAĞIQ

«Biz saytımıza Ermənistandan politoloqları, siyasətçiləri cəlb edəcəyik. Ermənistanda öz müxbir məntəqələrimizi açacağıq. İndi erməni mediası ilə yazışırıq, əlaqələr qururuq. Sayt bir neçə saatdır fəaliyyətə başlayıb. Artıq məhz Ermənistandan olan 900-dən çox ziyarətçi sayta daxil olub. Deməli, maraq var. Bu maraqdan istifadə edib öz fəaliyyətimizi daha da genişləndirəcəyik».

Saytın oxucularına gəlincə, Baimov düşünür ki, onlar Azərbaycanda - Bakıda və Dağlıq Qarabağda yaşayan ermənilər və Ermənistan erməniləri olacaq. Saytda Ermənistan siyasətində yer alan adlara geniş yer veriləcək, müsahibələr alınacaq:

«Biz belə şəxslərlə müsahibələr planlaşdırırıq və bunu həyata keçirəcəyik. Erməni mediasına çıxa bilməyən şəxslərə də tribuna verəcəyik».

Elnur Baimov deyir ki, onlar erməni dinləyiciləri də unutmayıblar. Bu yaxınlarda erməni dilində internet radiosu açacaqlar. Bu radioda Azərbaycan xəbərlərinə, Azərbaycana aid verilişlərə erməni dilində qulaq asmaq mümkün olacaq. Radioda Azərbaycan musiqisinə də yer veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG