Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

Salman Rüşdi gizləndiyi illərdən əsər yazacaq


Qalmaqallı Britaniya yazıçısı, “Şeytan ayələri” kitabına görə vaxtilə İranda ölümünə fitva verilən Salman Rüşdi gizlənməyə məcbur olduğu və Britaniya hökuməti tərəfindən qorunduğu illər haqqında əsər yazacaq.

Yazıçı bunu Amerikadakı Emori Universitetində jurnalistlərə deyib. Universitetdə onun məktubları, əlyazmalarından ibarət sərgi keçirilib.

“Bu, mənim hekayətimdir. Həmin hekayəti danışmağa ehtiyac var. Düşünürəm ki həmin məqam yaxınlaşır...

Əgər arxiv materialları karton qutularda və yararsız kompüterlərdə qalmış olsaydı, bunu etmək çox çətin olardı. Amma hazırda bütün materiallar səliqə-səhmana salınıb.

İranın keçmiş ali dini lideri Ayətulla Xomeyni 1989-cu ildə “Şeytan ayələri” kitabının İslamı,”Quran”ı və Məhəmməd peyğəmbəri təhqir etdiyini əsas gətirib müsəlmanları Rüşdini öldürməyə çağırmışdı.

“Bookseller” kitab satışı şəbəkəsinin redaktoru Benedikt Peyc Britaniyanın “Guardian” qəzetinə bildirib ki, fitva illəri haqqında kitabın nəşri bir kommersiya layihəsi kimi böyük gəlir gətirə bilər.

“Rüşdinin əsərləri onsuz da yaxşı satılır. Əgər yeni kitabı yazmaq haqda qəti qərar versə, bununla bağlı çoxlu səs-küy də olacaq və bu kitabın satışına müsbət təsir edəcək”.

Yeri gəlmişkən, 2008-ci ildə fitva illəri zamanı Rüşdinin cangüdəni olmuş Ron Evans “Əlahəzrətin xidmətində” adlı kitab yazmışdı.

Amma Rüşdi kitabın nəşrinə qarşı çıxmışdı, kitab müəllifinin onu yekəxana, murdar, ətiacı, simic bir adam kimi təsvir etdiyini bildirmişdi.

Kitabın nəşri baş tutmamış və həm Evans, həm də nəşriyyat Rüşdidən üzr istəmişdi.

1999-cu ildə İran rəhbərliyi fitvanı daha dəstəkləmədiyini bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG