Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:01

Bulvarın iri dibçəkli ağacları...


Ağacların bir hissəsi artıq torpağa əkilib, qalanlar da əkilmələrini gözləyirlər
Ağacların bir hissəsi artıq torpağa əkilib, qalanlar da əkilmələrini gözləyirlər
Bakı Bulvarında iri qabların içində müxtəlif ağaclar və kollar görsəniz, təəccüblənməyin. Əslində, bizə tanış olan ağaclardır - zeytun, palıd, küknar. Fərq görünüşlərinin spiral, top şəkilli və başqa formalarda olmalarındadır. Bir də uzaqdan gəliblər. Bu ağac və kollar Bakıya fevralın 24-də İtaliyadan gətirilib.

Ağacların bir hissəsi artıq torpağa əkilib, qalanlar da əkilmələrini gözləyirlər.

Kol bitkilərinin sayı üç min, ağacların sayı isə üç yüzdür. Ancaq mütəxəssislər onların gəlişini birmənalı qarşılamayıblar. Nəbatat bağının direktoru Oruc İbadlı deyir ki, bu bitkilərin gətirilməsi həm baha başa gəlir, həm də kənardan gətirildiyi üçün iqlimə uyğunlaşması çətin olur:

«NİYƏ BU QƏDƏR İSRAFÇILIQ EDİRLƏR?»

«Bir neçə il əvvəl Bakıya evkalipt gətirmişdilər. İndi birini göstərsinlər, görək haradadır? Niyə bu qədər israfçılıq edirlər? O zeytundan bizdə də var. İqtisadi cəhətdən səmərəli, iqlimə uyğun. Yerli ağacların bir üstünlüyü də var ki, xəstəlik, zərərverici gətirmirlər. Son vaxtlar xaricdən gələn ağacların yanında müxtəlif xəstəliklər də gəlir. Biz özümüz hədiyyə kimi çox nadir bitki olan Eldar şamı verə bilərdik, əkərdilər. Bizim Nəbatat bağından, başqa xüsusi ərazilərdən həmin ağacları götürüb əkə bilərdilər. Niyə bu qədər israfçılıq edirlər?».

Ağaclar təzə gəlsə də, deyəsən, Bakı Bulvar İdarəsinin rəhbərliyi artıq bu iradları eşidib. İdarənin rəis müavini Nazim Məcidov gətirilən bitkilərin qiyməti haqqında məlumat verməsə də,
İtaliyadan gətirilən ağacların arasında 150 yaşı olan iki zeytun ağacı da var
deyir ki, ağac və kollar Azərbaycan iqliminə uyğundur. Həm də yerli bitkilər gətirilən bitkilər kimi gözəl deyil:

«ANCAQ NEÇƏYƏ BAŞA GƏLİB, DƏQİQ MƏLUMATIM YOXDUR»

«Heç bir şey pulsuz başa gəlmir. Alınmasına, yol xərclərinə, gömrükdən keçməsinə pul xərclənib, ancaq neçəyə başa gəlib, dəqiq məlumatım yoxdur. Deyirlər ki, bu ağaclardan bizdə də var. Niyə İtaliyadan gətirirsiz? Düzdür, Azərbaycanda zeytun da, küknar da var, ancaq formasızdırlar, o forma və gözəllikdə olanı yoxdur».

Nazim Məcidov deyir ki, İtaliyadan gətirilən ağacların arasında 150 yaşı olan iki zeytun ağacı da var. Ağacların adaptasiyası ilə İtaliyadan gəlmiş mütəxəssis məşğul olacaq.

Bulvar İdarəsinin rəhbərliyi qiymətlər haqqında məlumat verməsə də, ərazidə işləyən fəhlələr dedilər ki, bir ağacın bir neçə min dollara başa gəldiyini eşidiblər.

Aqronom Asəf Mehrəliyev isə deyir ki, yerli zeytun ağaclarının biri 30-40 manata başa gəlir. O ki qaldı 150 yaşlı zeytun ağaclarının çıxardılıb yenidən əkilməsinə, mütəxəssis buna şübhə edir:

«O YAŞDA AĞACI TƏZƏDƏN ƏKMƏK 70 YAŞINDA KİŞİNİ EVLƏNDİRMƏK KİMİ BİR ŞEYDİR»

«Onu gətirib burda əkmək gülüncdür. Bu, mümkün deyil, ola bilməz. O yaşda ağacı təzədən əkmək 70 yaşında kişini evləndirmək kimi bir şeydir».

«Adaptasiya dövrü adaptasiya xərci də tələb edir. Bu da əlavə vəsait itkisi deməkdir»
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, bu istiqamətdə görülən işlərdə dövlət büdcəsinin vəsaitlərindən istifadə olunur. O vəsait burda sərf olunsaydı, həm ucuz başa gələrdi, həm də yerli biznesin inkişafına dəstək olardı:

BELƏ İNFORMASİYALARA ÇIXIŞ HƏM MƏTBUAT, HƏM DƏ MÜTƏXƏSSİSLƏR ÜÇÜN QAPALIDIR

«Kənardan da gətirilə bilər. Ancaq kənardan gələndə xərclər yalnız alınma deyil, həm də adaptasiya xərcləri olur. Çünki yerli şəraitə uyğunlaşmış bitkini yetişdirmək daha rahatdır, nəinki xarici ətraf mühitdə və iqlimdə formalaşmış bitkini Azərbaycan mühitinə uyğunlaşdırmaq. Adaptasiya dövrü adaptasiya xərci də tələb edir. Bu da əlavə vəsait itkisi deməkdir. Biz bu ticarət əməliyyatları barəsində doğru-dürüst məlumatlara malik deyilik. Ən azı gətirilən məhsulun alış qiyməti, ölkəyə gətirilməsi üçün xərclənmiş vəsaitləri bilmirik. Belə informasiyalara çıxış həm mətbuat, həm də mütəxəssislər üçün qapalıdır. Biz bu barədə dəfələrlə sorğularla müraciət eləsək də, məlumat ala bilməmişik».

Mütəxəssislər deyirlər ki, qiymətlər haqqında məlumat verilsəydi, şübhələrə yer qalmazdı. Onu da deyirlər ki, qiymətlərin açıqlanmaması o deməkdir ki, mövcud qiymətlərlə müqayisədə onlara daha yüksək qiymət tətbiq olunub. Bu da hansısa maraqların olmasından xəbər verir.
XS
SM
MD
LG