Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:58

Avtomobil sahibləri üçün yeni qaydalar


Avtomobil Avro - 2 standartına uyğun deyilsə, ölkəyə buraxılmayacaq
Avtomobil Avro - 2 standartına uyğun deyilsə, ölkəyə buraxılmayacaq
KÖHNƏ AVTOMOBİL GƏTİRMƏYƏ QADAĞA QOYULMAYACAQ

İyulun 1-dən sonra Azərbaycana köhnə avtomobil gətirilməsinə qadağa qoyulmayacaq, sadəcə olaraq, 1996-cı ilə qədər istehsal olunmuş avtomobillər gömrükdə xüsusi yoxlamadan keçəcək.

Əgər avtomobil Avro - 2 standartına uyğun deyilsə, yəni, ona xüsusi təmizləyici qurğu quraşdırılmayıbsa, ölkəyə buraxılmayacaq.

Bu haqda AzadlıqRadiosuna müsahibəsində Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Sabiq Abdullayev məlumat verib.

YENİLİK DÖVRİYYƏDƏ OLAN AVTOMOBİLLƏRƏ ÜMUMİYYƏTLƏ AİD DEYİL

Ölkədə dövriyyədə olan köhnə avtomobillərə isə yeni qayda ümumiyyətlə aid deyil.

Yəni, 50-ci illərin «Pobeda»sını yenə də Bakının mərkəzində tüstüləyə-tüstüləyə sürmək mümkün olacaq.

AVRO STANDARTLARI NƏDİR VƏ NƏ ÜÇÜN LAZIMDIR?

Avropada birinci ekoloji standart 1992-ci ildən yaranıb
Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini təmizləyən birinci ekoloji standart 1992-ci ildən yaranıb, 1996-ci ildə isə Avro-2 standartı tətbiq olunmağa başlayıb. İndi Birlik ölkələri daha mütərəqqi standart olan Avro-5 standartı tətbiq edirlər.

Avro standartları həm yanacağın tərkibi ilə bağlı yüksək tələb qoyur, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı.

ALMANİYANIN YAŞIL NİŞANI

Avropa standartlarına görə, 1996-cı ildən sonra istehsal olunan avtomobillərə zavoddaca xüsusi təmizləyici qurğular - katalizatorlar quraşdırılır və işləyib-işləməməsi müəyyən müddətdən bir yoxlanılır.

İstehsal tarixi 1996-cı ilə qədər olan avtomobillərə isə belə qurğuların sonradan quraşdırılması məcburidir. Bu haqda bizə beş ildir ki, Almaniyada yaşayan jurnalist Fəxrəddin Hacıbəyli danışır:

«Burada avtomobillərin üzərinə vurulan yaşıl rəngli nişan bildirir ki, bu avtomobil standarta uyğundur. Belə nişanı olmayan avtomobil üçün cərimə onun öz qiymətindən böyükdür».

Rəsmi rəqəmə görə, Bakıda atmosfer çirklənməsinin 70 faizə qədəri avtomobil tullantılarının payına düşür.

«Hökumət təmizləyici katalizatoru avtomobillərin hamısına tətbiq etməsə, ekoloji vəziyyəti dəyişdirmək çətin olacaq»
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Sabiq Abdullayev AzadlıqRadiosuna deyir ki, Avro-2 standartı ölkədə dövriyyədə olan avtomobillərə tətbiq olunmayacaq, hələlik köhnə avtomobillərə Avropada olduğu kimi təmizləyici katalizator quraşdırılmayacaq.

Ekologiya üzrə araşdırmaların müəllifi Mehman Əliyev isə deyir ki, hökumət təmizləyici katalizatoru dövriyyədəki avtomobillərin hamısına tətbiq etməsə, ölkədə ekoloji vəziyyəti dəyişdirmək çətin olacaq: «Hökumət bu istiqamətdə kompleks tədbirlər görməlidir. Bu, kifayət qədər ciddi məsələdir».

Sabiq Abdullayev isə deyir ki, gələcəkdə dövriyyədəki bütün avtomobillərlə bağlı məsələyə baxıla bilər.

HAMI «95 BENZİNİ» ALMALIDIR

Amma Sabiq Abdullayev deyir ki, iyulun 1-dən bütün ölkə üzrə avtomobillərin işlətdiyi bütün yanacaq növləri Avro-2 standartına uyğun olmalıdır. Avro-2 standartı Azərbaycanda istehsal olunur və «95 benzini» adı ilə məşhurdur.

Yeni qaydaları hələ ki, Nazirlər Kabineti təsdiqləməyib.

Azərbaycanda təxminən 880 min avtomobil qeydiyyatdadır, onlardan 550 mini Bakının payına düşür.
XS
SM
MD
LG