Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

MAVİ, QIRMIZI, YAŞIL…ŞALVAR


Ötən həftə Vankuverdə keçirilən 21-ci Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan millisinin geyimi dünyanın aparıcı media qurumlarının diqqətini cəlb edib. İdmançıların Azərbaycan bayrağının rənglərinə uyğun butalı şalvarına görə, «New York Times» «milli forma yarışması»nda Azərbaycana «bürünc» medal verib. Geyimlərdə «qızıl» mükafatı İtaliya, «gümüşü» isə ABŞ «qazanıb».

«QUŞ QRİPİ» AZƏRBAYCANDA QALIB

«Quş qripi» yerini çoxdan «donuz qripi»nə versə də, Azərbaycanda «quş qripi»nə görə quş ovlamaq qadağası hələ də götürülməyib. Son 3 ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 60-dan çox quş ovçusunu saxlayıb. Brokonyerlərdən 51 qanunsuz ov tüfəngi götürülüb. İndi ölkə məhkəmələri 2005-ci ildən qüvvədə olan müddətsiz «quş ovu» qadağasını pozanlara inzibati cəzalar kəsməkdədir.

İLAN BALIĞINI NİYƏ YEMƏK OLMAZ?

Azərbaycanın Kürboyu ərazilərində yaşayanları II Dünya savaşı illərindəki kütləvi aclıqdan salamat çıxaran ilan balığının satışı məhdudlaşdırılıb. Neftçala rayonunda polislər yerli əhalinin bazarda satdığı ilan balıqlarını toplayır, qadağanın nəylə bağlı olduğunu isə açıqlamır. Yerli sakinlər bildirir ki, ilan balığı həm kolorili, həm də ucuz olduğundan kasıb ailələrin əsas qida qaynaqlarındandır. Sakinlərin sözlərinə görə, yerli bazarlardan qeybə çəkilən Kürün ilan balığı indi Bakının, Gəncənin, Yevlaxın ət bazarında peyda olub.

«QIŞ BAĞI» ƏHLİNİN DƏRDİNİ ÇƏKƏN TAPILIB

Bakının mərkəzində – Füzuli küçəsində tikilən «Qış bağı» Azərbaycanın bir siyasi partiya başçısını mənzilsiz, bir siyasi partiyasını isə qərargahsız qoya bilər. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun ərazidə yerləşən mənzili 18-ci əsrdə tikilən tarixi binada, Vəhdət Partiyasının qərargahı isə qonşuluqdakı ikimərtəbəli binada yerləşir. Artıq bu ünvanlarda məskunlaşanlara evləri boşaltmaq göstərişi verilib. Dövlət mənzillərin hər kvadratmetri üçün mülkiyyətçilərə 1500 manat kompensasiya ödəyir. Mülkiyyətçilər isə məbləğin 5000 manata qaldırılmasını tələb edirlər.

Ötən həftə tələblərini dövlət başçısına çatdırmaq istəyənlər sırasında Hacıbaba Əzimov da olub. Partiya sədri deyib ki, Prezident Adminstrasiyasına öz evinin yox, vətəndaşların dərdini çəkdiyi üçün gəlib.

PULLU YOLLARDA POLİS OLMAYACAQ

2010-cu ildə Azərbaycanda ilk pullu yolun çəkilişinə başlanacaq. Nəqliyyat Nazirliyi yol çəkilişi ilə bağlı Koreya, İsrail və ABŞ şirkətləri ilə danışıqlar aparır. Sumqayıtı Ələtlə birləşdirəcək yolda sürət 100 km.saat olacaq. Nəqliyyat Nazirliyindən bildirirlər ki, yol polisi pullu yolda yalnız qəza və qanunvericiliyin pozulması halları zamanı görünəcək. Yola müftə yollardakı kimi yol polisləri deyil, videomüşahidə sistemləri nəzarət edəcək.
XS
SM
MD
LG