Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:14

«Atışma intensiv xarakter alıb…»


Dağlıq Qarabağda Ermənistan ordusunun təlimi, 2005
Dağlıq Qarabağda Ermənistan ordusunun təlimi, 2005
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyir ki, son atışmalar nəticəsində Azərbaycan ordusunun 3 əsgəri həlak olub, bir yaralı var. Qarşı tərəf də az itki verməyib. Onlar Azərbaycan əsgərinin müqaviməti ilə rastlaşaraq geri oturdulublar.

Bu hadisə Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində - Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində baş verib.

Hələlik Müdafiə Nazirliyi əlavə məlumat vermədiyi üçün məsələyə münasibət də birmənalı deyil. Hərbi və siyasi ekspertlərin bir qismi bunu cəbhə xəttində hər an baş vermə ehtimalı olan hadisə, digər qismi isə konkret səbəblərə bağlı olan toqquşma kimi dəyərləndirir.

«BU MƏSƏLƏLƏRƏ AYDINLIQ GƏTİRİLMƏYİB»

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, əslində, qarşı tərəf hər il mart ayı ərəfəsində –yəni Novruz bayramına yaxın vaxtlarda belə hərəkət edib qanqaraçılıq yaratmağa çalışır. Vaxtı ilə orduda xidmət edərkən o özü də mart, aprel aylarında əsgərlərinə bu məqamı hər gün xatırladırmış. Ancaq indi diqqəti çəkən odur ki, Müdafiə Nazirliyi qarşı tərəfin itki verərək geri oturdulduğunu deyir:

Üzeyir Cəfərov
«Nazirlik faktiki olaraq təsdiqləyir ki, Azərbaycanın Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında döyüş təması olub. Əgər təmas olubsa, qarşı tərəf itki verərək geri çəkilibsə, bunu necə başa düşmək olar? Əvvəlki mövqelərindən geri çəkilib, ya bizə tərəf hücuma keçib və geri oturdulub. Bu məsələlərə hələlik aydınlıq gətirilməyib».

Üzeyir Cəfərov əlavə edir ki, bu günlərdə Müdafiə Nazirliyi Tərtər rayonu ərazisində təlimlər keçirildiyini təsdiqləyib. O itkilərin həmin təlimlərdə də baş verə biləcəyini istisna etmir. Deyir ki, bu barədə əvvəlcədən danışmaq istəməzdi. Amma onu belə düşünməyə baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin ənənəvi olaraq vaxtında və ətraflı məlumat verməməsi vadar edir. Ekspertin fikrincə, məlumatsızlıq həmişə istər-istəməz hadisə ilə bağlı müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olur.

«ALINMASA, NƏ MƏSLƏHƏT GÖRSƏ ELƏ DƏ OLACAQ»

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Respublika Toplanış Məntəqəsinin keçmiş rəisi, YAP-dan olan deputat Aydın Həsənov isə səbəbi bəlli olan hadisədə hansısa başqa ehtimallar axtarmağı düzgün saymır. O hesab edir ki, Ermənistan ordusu həmişə atəşkəsi pozur. Məqsəd də Azərbaycanı hərbi əməliyyatlara təhrik edib, bunu dünyaya fakt kimi təqdim etməkdir. Cənab Həsənovun sözlərinə görə, qarşı tərəfi belə addımlar atmağa məcbur edən digər səbəb isə Azərbaycan ordusunun sayıqlığını yoxlamaqdır.

«Atəş açırlar ki, o tərəfdə guya daim özlərini müdafiə etməyə hazır olduqlarını göstərsinlər. Amma bu, boş şeydir. Bizim qüdrətli ordumuz var. Onlara cavab verməyə də daim hazırıq. Məsələnin necə həll olunması ali baş komandandan asılıdır. O çalışır ki, sülh yolu ilə həll olunsun. Amma alınmasa, nə məsləhət görsə elə də olacaq».

Aydın Həsənov
Aydın Həsənov hesab edir ki, Azərbaycan Ermənistanın hər gün atəşkəsi pozması barədə ölkədəki diplomatik korpusun nümayəndələrinə, BMT-yə və digər beynəlxalq təşkilatlara məlumat verməlidir. Artıq 3 əsgərin ölüm faktı da var.

Əslində, baş verənlərdən beynəlxalq təşkilatların məlumatlı olduğu şübhə doğurmur. Elə bu səbəbdən də onların dəfələrlə Azərbaycan və Ermənistanı cəbhə xəttindən snayperləri geri çəkməyə çağırmaları anlaşılandı. Hələlik hadisələr göstərir ki, snayperlər öz yerlərindədirlər. Hərbi ekspertlər isə deyirlər ki, ümumiyyətlə belə vəziyyətlərdə snayperlərin cəbhə xəttindən çıxarılmasını tövsiyə etmək məsələyə qeyri-peşəkar yanaşmadır.

Üzeyir Cəfərov isə bildirir ki, snayperlər silahlı qüvvələrin ən zəruri tərkib hissələrindən sayılır və nə qədər ki, müharibə vəziyyətidir, heç bir tərəf onları geri çəkməyəcək. Onun fikrincə, bunu yəqin ki, beynəlxalq qurumlar da bilirlər, sadəcə iş görmək xatirinə təklif kimi irəli sürürlər.

«ERMƏNİSTAN HAKİMİYYƏTİ SİYASİ BANKROT VƏZİYYƏTİNDƏDİR»

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə cəbhə xəttində baş verən hadisəyə bir qədər geniş yanaşmanın tərəfdarıdır. O deyir ki, əsgərlərin həlak olması Dağlıq Qarabağdakı işğalçı qüvvələrin son günlər Azərbaycanın bölgədə keçirdiyi hərbi təlimlərə reaksiyasıdır.

Ərəstun Oruclu
Artıq Azərbaycanla Ermənistan arasında bir-birini hərbi təlimlərlə şantaj etmək taktikası həyata keçirilir. Bu, çox təhlükəli tendensiyadır və onu göstərir ki, cəbhə xəttində vəziyyət çox həssasdır. Bu həssaslığın arxasında duran isə siyasi amildir:

«Məsələ burasındadır ki, Ermənistan hakimiyyəti siyasi bankrot vəziyyətindədir. Orada istənilən əlverişli vəziyyətdə hakimiyyəti devirməyə hazır olan güclü müxalifət var. Azərbaycanın isə həm xarici siyasətində ciddi səhvlərə yol verilib, demək olar ki, beynəlxalq aləmdə dəstəyi qalmayıb. Bu yandan da parlament seçkiləri ilidir. Hakimiyyətdaxili çəkişmələr də bir çox hallarda özünü açıq şəkildə büruzə verir. Və burada çox təhlükəli bir tendensiya yaranır. Bütün bu daxili-siyasi böhrandan çıxmağın yolunu müharibədə görmək tendensiyası».

«İnterfax» agentliyinin yaydığı məlumatda Dağlıq Qarabağdakı hərbi birləşmənin nümayəndəsi sözügedən atışma və Azərbaycan ordusunun 3 əsgərinin həlak olması barədə məlumatları təkzib edir. Yəni deyir ki, nə atışma olub, nə də Azərbaycan tərəfi itkilər verib.

Ərəstun Oruclu hesab edir ki, 3 əsgərin snayper gülləsi ilə öldürülməsi adi məsələ deyil. Xüsusən də ABŞ Dövlət katibinin müavininin Azərbaycana səfəri dövründə. Ola bilsin ki, Erməni tərəfi bu hadisənin beynəlxalq rezonansından ehtiyatlandıqları üçün belə məlumat yayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG