Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:49

Nəqliyyat Nazirliyinin «Torqovi»dakı izləri


Keçidin məhəccərlərinin üzlüklərini artıq söküblər
Keçidin məhəccərlərinin üzlüklərini artıq söküblər
Nizami – «Torqovi» küçəsində təmir başlayandan sonra Nizami və Səməd Vurğun küçəsinin kəsişməsindəki bu keçidi də bağlayıblar. İki il əvvəl istifadəyə verilən keçidin məhəccərlərinin üzlüklərini artıq söküblər. Tikinti işi aparan fəhlələr deyirlər ki, hazırda Nizami küçəsinin döşəməsi təmir edildiyi üçün, piyada keçidinin məhəccərlərinin hündürlüyünü qısaltmağa ehtiyac yaranıb.

Keçid 2007-ci ildə istifadəyə verilib. Tikintisinə 1 milyon 300 min manat vəsait xərclənib. Sifarişçisi Nəqliyyat Nazirliyidir.

«HÖKUMƏT NƏ ETSİN, GƏLİB BAŞLARININ ÜSTÜNDƏ DURASI DEYİL Kİ?»

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, bu cür piyada keçidlərinin ömrü 50 ildən az olmamalıdır.

Keçidin yaxınlığında qəzet satan 54 yaşlı Qurban Hüseynov deyir ki, o, dövlət vəsaitinin bu cür səliqəsiz xərclənməsindən narazıdır:

«Keçidi səhv tikmişdilər. Mən elə bilirəm ki, hökumətin xəbəri yoxdur bütün bunlardan. Hökumət nə etsin, gəlib başlarının üstündə durası deyil ki?
Namiq Həsənov
Bunu eləyən iş icraçılarıdır».

NƏQLİYYAT NAZİRLİYİNİN CAVABI

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov isə deyir ki, yeni istifadəyə verilmiş keçidin sökülməsində ciddi bir problem görmür:

«Burada nə var ki, əgər təmir işi vəziyyəti yaxşılaşdırmaq üçün görülürsə, burada qəbahət nə var ki?»

Bu, Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilən, sonradan təmirinə ehtiyac yaranan birinci dövlət investisiya layihəsi deyil. İndiyə qədər dövlət hesabına həyata keçirilən investisiya layihələri ilə bağlı çoxsaylı şikayətlər gəlib.

NAZİRLİYİN İNDİYƏ QƏDƏR İFLASA UĞRAYAN LAYİHƏLƏRİ

Nəqliyyat Nazirliyinin iki addımlığında təqribən 20 milyon manata başa gəlmiş körpü istifadəyə veriləndən iki il sonra yada düşdü ki, «Azərsu» ərazidən kanalizasiya xətti çəkməlidir. Odur ki, körpünün yan xətlərini sökülməlidir.

Zöhrab İsmayıl
Keçən ilin dövlət büdcəsindən isə metronun «20 Yanvar» stansiyası yaxınlığındakı körpünün kommunikasiya xətlərini köçürmək üçün əlavə 10 milyon manat pul ayrıldı.

KİMDİR MÜQƏSSİR?

Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl deyir ki, hökumət qurumlarının arasında koordinasiya yoxdur. Nizami küçəsindəki piyada keçidinin sökülməsi problemi də eyni kökdən gəlir:

«Elə deyirlər ki, elə bil ki, bu keçidi başqa hökumət tikib, indi küçəni başqa hökumət təmir edir. Bu keçidi layihələşdirəndə fikirləşmək lazım idi bütün bunları».

Zöhrab İsmayıl bildirir ki, indi günahkarı tapmaq çətin məsələdir, çünki bu sahəni tənzimləyən qanunlar, hüquqi baza yoxdur.

«Amma əslində, dövlət investisiyaları, investisiyaların ekspertizası, planlaşdırılması haqda qanuna ehtiyac var ki, bu cür hallar yarananda məsuliyyəti kimin daşıdığını müəyyən etmək mümkün olsun».
XS
SM
MD
LG