Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:16

Vaqif Məmmədli "..." (HEKAYƏ)


Sakitcə anasının bətnində oturmuşdu bu adam.

Hər yan qapqaranlıq zülmət içindəydi. Göz-gözü görmürdü.

Beləcə oturub doğulacağı günü gözləyirdi. Gün keçdi, ay keçdi və nəhayət, doğulacağı an gəlib çatdı bu adamın.

Beləcə doğuldu bu adam. Gözlərini açanda gördü ki, əməlli-başlı bir məmləkətdədir.

Amma ətraf qapqaranlıq zülmət içindəydi. Ona görə zülmət içindəydi ki, bu məmləkətin ulduzlarını dərmişdilər.

Bir dənə də olsun işıq saçası ulduzu yox idi. Bu məmləkəti ulduz-ulduz sökmüşdülər və bu məmləkət indi özü ulduz-ulduz sökülürdü.

Çamaat qaranlığa bata-bata, bir-birindən, daş-divardan tuta-tuta yeriyirdi. Özü də güc-bəla ilə.

Hamı kimi bu adam da başladı beləcə ömür sürməyə. Kiminsə üstünə işıq düşən kimi, kimdənsə bir az işıq gələn kimi, gözdən itənə qədər qovub itirirdilər dünyadan o adamı. Belə bir məmləkət idi bu məmləkət.

Hamı bu cür həyat sürürdü. Özü də qəribə havası var idi bu yerlərin.

Havasından həsrət qoxusu gəlirdi. Ona görə gəlirdi ki, uzaq-uzaq pəncərələrdən, dəsmal-dəsmal yellənən həsrət düşmüşdü bu məmləkətin payına.

Və günlərin bir günü kimsə daş atıb, o pəncərələrdən birini sındırsaydı...

Aradan xeyli vaxt keçmişdi. Artıq böyümüşdü bu adam. Amma heç nə dəyişməmişdi ki, dəyişməmişdi.

Yenə də hər yan qapqaranləq zülmət içindəydi və bu zülmətin içinə yuxu tökülürdü bu adamın gözlərindən.

Evə gəlirdi, evdə yatırdı, yol gedirdi, yolda yatırdı, işə gedirdi, işdə yatırdı.

Hərdən eyni açılanda, maaş-zad alanda özünü xəlvəti kababxanaya verib, əməlli-başlı içərdi.

Evə dönəndə isə üstünü pivəxanalardan birində düzəldib tini düz küçəyə çıxır; gəlib-gedənin dalınca baxırdı.

Bundan başqa bu adamın əlindən özgə bir iş gəlməzdi. Və çox keçməzdi ki, onun bu kefinə evdə arvadı soğan doğrayar, üstündən də nar suyu sıxardı.

Amma bir yaxşı xasiyyəti var idi. Gəlib desəydin ki, evindən çıx, pencəyini götürüb çıxardı. Bax, belə adam idi bu adam.

Günlərin bir günü işə gedəndə gördü ki, şəhər çalxalanır, camaat bir-birinə qarışıb. Bir gün belə, beş gün belə. Heç özü də bilmədən camaata qarışdı.

Amma qarışdısa da vəziyyətin nə yerdə, haqq-hesabın nədən ibarət olduğundan heç xəbəri də olmadı. Bir də ki, hardan xəbəri olaydı ki.

Nə qəzet oxuyurdu, nə də televizora baxırdı. Bir də ki, oxusaydı, baxsaydı ki, nə fayda...

Bəli şəhər çalxalanırdı. Camaatın içinə çaxnaşma düşmüşdü. Ətraf elə bir ki, bir balaca işıqlanmışdı. Özü də elə bil camaat bu işıqdan hürkürdü.

Axşam evə qayıdanda arvadı çay gətirdi bu adama. Yaman yorulmuşdu. Çaydan könülsüz-könülsüz bir-iki qurtum içib yataq otağına keçdi. Qarmaqarışıq yuxular gördü.

Gördü ki, yenə aləm qarışıb bir-birinə. Vuran-vuranındı, tutan-tutanın. Elə bil hamı onun üstünə gəlirdi.

Özünü müdafiə edirmiş kimi birdən hirsləndi. Əlini atıb qarşısında duranlardn birinin saçından yapışdı.

O qədər dartdı-dartdı ki, birdən arvadının çığırtısına yuxudan dik atıldı.

Gördü ki, arvadın saçından yapışıb öldürür yazığı. Utandığından arvadına zillənmiş nəzərlərini aşağı saldı və qımışa-qımışa başını təzədən yastığa qoyub birdəfəlik yuxuya getdi.

Səhər arvadı nə qədər silkələdi ki, kişi dursun, durmadı. Evdə şivən qopdu. Bütün qohum-əqrəba tökülüşüb gəldi. Hamı mat qalmışdı bu adamın ölümünə.

Çoxları isə qibtə eləyirdi.

Beləcə bu adamı ömründə axırıncı dəfə bələyib tabuta qoydular. Tabutun bir küncündən işıq düşmüşdü meyitin üzünə və bu işığı deyəsən meyit hiss elədi.

İstədi ki, qışqırsın, amma gücü çatmadı. Zəifcə dilləndi : “ Üstümü örtün işıq düşür “ .

Beləcə, bu adam getdi o dünyanın qaranlığına.

Camaat dəfn mərasimindən qayıtmışdı. Hamı maddım-maddım bir-birinin üzünə baxırdı.Bayırda soyuq idi. Ətrafa sükut çokmüşdü. Hər yan qapqaranlıq zülmət içindəydi.

Bakı, 1989-cu il.
XS
SM
MD
LG