Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Ötən il 80-ə yaxın fermerin məhsulu xarab olub


Ötən il qərb bölgəsində 160 min ton üzüm xarab olub. Bu, üzümçülüklə məşğul olan təxminən 80-ə yaxın fermerin əldə etdiyi məhsul deməkdir.

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsi isə deyir ki, üzüm istehsalı 60 faizədək artıb.

Fermer Nəriman Məmmədov isə həm texniki, həm də süfrə üzümünün satışındakı çətinliklərdən danışır:

«12 hektar məhsuldar üzüm bağım var. Bağın 6 hektarı süfrə üzümü sortlarıdır. 6 hektarı texniki. Biz bazar iqtisadiyyatına, əhalinin tələbatına uyğun sortlar əkirik. Böyük həcmli emal müəssisələri 10 il idi məhsulumu alırdılar, bu il götürmədilər».

«GƏLƏN İL DAHA ÇOX ÜZÜM MƏHV OLA BİLƏR»
Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov


Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovsa bildirir ki, gələn il məhv olmuş üzümlərlə bağlı rəqəmlər daha çox ola bilər. Çünki:

«Üzümdə hər il iş gedir, əhali maraqlıdır. Birtərəfli qaydada üzüm əkib-becərəndə üzüm 3-4-cü il artıq məhsul verir. Burda bazar problemi, satış problemi yaranır. Burda həm süfrə, həm də texniki üzüm var. Eyni ayda süfrə üzümü bazara çıxır və bazar məhsulla dolu olur. Bunu gərək il boyu təmin edəsən ki, hər ay üzüm bazara çıxsın. Fermerin də maliyyə problemi ortaya çıxmasın. Fermer maraqlı deyil ki, öz üzümünü hər gün soyuducuya qoysun, çıxarsın. Fermerin şəxsi təsərrüfatında emal imkanları olmalıdır. Gedir Gəncə şərab və s. müəssisələrə, onlar da qəbul eləmirlər. Onların öz tələbatları var».

-Deməli bizdə yaxşı üzüm sortları yoxdur deyə almırlar?

-Yox, bizdə yaxşı sortlar var. Ancaq hər şərab zavodunun öz texnologiyası, tələbləri var.

Ziyad Abbasov deyir ki, 5 il bundan əvvəl şərab zavodları daha çox üzüm alırdılar. İndi həmin müəssisələr də, xarici bazarla uyğunlaşmağa çalışır və tələblərə uyğun sortlar axtarırlar.

YERLİ ÜZÜM ƏCNƏBİ ÜZÜMLƏ ÜZ-ÜZƏ

Elə Gəncə Şərab 1 emal zavodunun direktoru Saleh Babazadə də deyir ki, bazarın tələbinə uyğun şərablar hazırlayırlar. O ki, qaldı bölgədəki üzümləri almamağa, Saleh Babazadə deyir ki, buna səbəb özlərinin kifayət qədər üzüm sahələrinin olmasıdır.

«Mədrəsə sortudur, Fransadan şardanel sortudur, kabirneldir, bunlar yeni sortlardır. Qəbul olunmuş standartlar var ki, şərab necə olmalıdır. Onun resepturası var. Keyfiyyət göstəriciləri var ki, ona uyğun şərab hazırlayırıq. Biz özümüz əkmişik. Bizim özümüzün bağımız var, bir də İsmayıllıdan alırıq, Nikitin kolxozundan».

-Qərb bölgəsindən almırsız?

-Bir dəfə Tovuzdan almışıq, bir dəfə də Qazaxdan. Bizim bağımız getdikcə böyüyür, məhsulumuz çoxalır qıraqdan almağa tələbatımız olmur.

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏN CAVAB GÖZLƏYİRLƏR

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, «Aqrolizinq» şirkətinə kiçik emal müəssisələrinin hazırlanması üçün sifariş verilib, lakin Kənd Təsərrüfatı Nazirliyi təklifi təsdiqləyib pul ayırmalıdır. Təxminən 100 tonluq emal müəssisəsinin tikintisi 200 min manata başa gəlir.

Fermer Nəriman Məmmədov da deyir ki, kiçik emal müəssisələri yaratmaq problemi xeyli azaldacaq. Fermerin fikrincə, onlara yaxşı qablaşdırma üçün şərait yaradılarsa, bu tonlarla üzümün xarab olmasının qarşısını almış olar.
Nəriman Məmmədov hesab edir ki, heç olmasa mövsüm vaxtı ölkəyə kənardan gətirilən məhsulların rüsumunun qaldırılsa, problemin həllində bir addım olar.
XS
SM
MD
LG