Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:52

Azərbaycanın ABŞ Konqresindəki dostu vəfat edib


Çarli Uilson
Çarli Uilson
Sovetlərin Əfqanıstana soxulması zamanı əfqan döyüşçülərin silahlanmasını təşkil edən əsas fiqurlardan olmuş konqresmen Çarli Uilson (Charlie Wilson) fevralın 10-da 76 yaşında vəfat edib. İçkiyə və qadınlara meylliliyi, barışmazlığına görə çoxları onu «kefkom Çarli», «Good-Time Charlie» adlandırırdı.

1980-ci illərdə Konqresdə Müdafiə Məsələləri üzrə Alt Komitəyə rəhbərlik edən Uilson əfqanları silahlandırmaq üçün Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə külli miqdarda pul ayrılmasına nail olmuşdu. 2008-ci ildə ABŞ-ın İctimai Televiziyasına müsahibəsində özü həmin illər haqqında bunları deyirdi:

«Mənim Sovet İttifaqını, kommunizmi və işğalçılığı görməyə gözüm yox idi. Sovet İttifaqı 40-cı ordunu Əfqanıstana-köməksiz adamların üstünə göndərəndə, bu, məni həddən artıq qəzəbləndirmişdi. Mən bu işə həyatımın 10 ilini sərf etdim».

ABŞ-ın Müdafiə naziri Robert Qeyts onun ölümü münasibətilə yaydığı bəyanatda konqresmeni bu fikirlərlə tanıdır:

«İndi dünya bilir ki, onun mübarizəsi işğalçıların geri oturdulmasına, xalqların azad edilməsinə və «soyuq müharibə»nin sona çatmasına nə qədər kömək edib».

Uilsonun bu mübarizəsi Hollivudun da diqqətindən kənarda qalmamışdı. 2007-ci ildə onun haqqında «Çarli Uilsonun müharibəsi» adlı film çəkildi.

Beləcə, Sovet ordusuna qarşı müharibədə qələbə əldə edildi. Amma sovetlərin ölkədən çıxmasından sonra Əfqanıstanda sülh məsələsi sanki Vaşinqtonun diqqətindən yayındı. Buna görə Uilson hamıdan çox özünü qınayırdı. O, 2001-ci ildə «Associated Press» agentliyinə müsahibəsində deyirdi ki, Vaşinqton SSRİ Əfqanıstandan çıxandan sonra bu ölkədə və Pakistanda yaranan hakimiyyət boşluğunu düzgün dəyərləndirmədi.

Sonra da tale elə gətirdi ki, ABŞ və onun müttəfiqləri Əfqanıstanda bir zamanlar Uilsonun ustalıqla silahlandırdığı bəzi qruplarla müharibəyə girdilər.
Hafiz Paşayev
Yaraqlılar 1980-ci illərdə yardım aldıqları ABŞ-ın indi ən qatı düşmənlərinə çevriliblər.

Konqresmen Çarli Uilsonu Bakıda həm də Azərbaycanın dostu kimi tanıyırlar.

Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev deyir ki, mərhum konqresmen Azərbaycana qarşı «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişin ləğv edilməsinə çalışırdı:

«Çox mərd və yaxşı adam idi. Konqresdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü, qaçqınlarımızın vəziyyətini ona izah edəndə, o, sanki özünü inandırdı ki, bizə kömək etməlidir. 907-ci düzəlişin ədalətsiz olduğunu deyənlər çox idi. Amma konkret işə gələndə, çoxları çəkinirdi ki, erməni lobbisi onlara təzyiq göstərər. Çox vaxt təkbətək söhbətdə Azərbaycana dəstək vermək istədiklərini desələr də, reallıqda bunu etmirdilər. Amma konqresmen Uilson dəstəyini əsirgəmirdi. 907-ci düzəlişin aradan qaldırılmasına çox kömək edirdi. İnanırdı ki, Qarabağ məsələsində Azərbaycana ədalətsizlik olur. Həmin şəxsi inamı ilə bir neçə başqa konqresmenin də Azərbaycana yardımında bizə köməyi olmuşdu».

Konqresmen Çarli Uilson 1973-1997-ci illərdə Demokrat Partiyasından Texas ştatının vəkili kimi çalışıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG