Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 10:28

İnqilabın 31-ci ildönümündə toqquşmalar olub


İranda İslam İnqilabının 31-ci ildönümünün qeyd edildiyi gün müxalifət tərəfdarları yenə küçələrə çıxıb, ötən ilin iyununda keçirilən prezident seçkisinin nəticələrinə etirazlarını bildiriblər. Etirazlar zamanı toqquşmalar, polisin müxalifətçilərə zor tətbiq etməsi, döyməsi, hətta müxalifət liderlərinə də hücumlar haqda məlumatlar yayılıb.

Əsas hadisələr İranın paytaxtında - Tehranda baş verib. Şəhərin mərkəzi meydanlarında inqilabın yubileyini qeyd edən on minlərlə hökumət tərəfdarı toplaşıb. Prezident Mahmud Əhmədinejat kütlənin qarşısında çıxış edib və nüvə proqramından, artıq uranı 20 faizə kimi zənginləşdirməyə başlamaqlarındna danışıb.

Əhmədinejat çıxış elədiyi vaxt, artıq Tehranın müxtəlif yerlərindən müxalifət tərəfdarlarıyla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlanmışdı.

Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri şübhələndikləri hətta kiçik, 10 nəfərlik qrupları da xüsusi amansızlıqla dağıdıb. Tehran sakini Cəfər AzadlıqRadiosunun İran xidmətinə belə deyir:

ZORAKILIQ DOĞRUDAN DA ÇOX İDİ

«Zorakılıq doğrudan da çox idi. Heç kəs təsəvvür edə bilməzdi. Ancaq adamlar bir-birini qoruyurdular. Hökumət qüvvələri kimisə həbs eləmək istəyəndə camaat onların üstünə cumurdu. Ancaq mən çoxlu etirazçının bir yerə yığıldığını görmədim, balaca qruplar halında yığışıb, şüarlar səsləndirirdilər, tez də dağılırdılar».

Şahidlər Tehranda çoxlu sayda təhlükəsizlik qüvvələri, polis və Bəsic yaraqlılarının, üstəlik mülki geyimli agentlərin də olduğunu bildiriblər. Üstəlik, TV, radio və bəzi strateji yerlərdə zirehli texnika da olub.

AzadlıqRadiosunun İran xidmətinə danışan hadisə iştirakçıları polisin bu dəfə xüsusi amansızlıq göstərdiyini bildiriblər.



İNSANLARI DƏYƏNƏK VƏ ZƏNCİRLƏRLƏ VURURDULAR


- Bir neçə dəfə mən qaz qumbaralarının partladığını eşitdim. Polislər insanları dəyənək və zəncirlərlə vururdular.

- Hökumətin adamları cavan qızı da gözümün qabağında döyürdülər, başqaları qışqırıb-etiraz edəndə ondan əl çəkdilər. Məni də tutdular, boynuma bağladığım yaşıl yaylığı göstərib, dedilər ki, indi səni elə bununla da boğsaq necə olar? Elə birlisiz, siz çox güclüsüz?

Gün ərzində müxalifətin prezident seçkilərində namizədlərindən biri Mehdi Kərrubiyə hücum olmasıyla bağlı xəbərlər yayıldı. Kərrubinin oğlu atasına hücum, yanındakıların döyülməsi və bəzi qohumlarının həbsiylə bağlı Qərb mediasına məlumat verdi.

Müxalifət internet saytları eks-prezident Məhəmməd Xatəminin «Azadi» meydanına gedərkən yolda hücuma məruz qalmasını iddia ediblər. Xatəminin qardaşı – Məhəmməd Rza Xatəmini və həyat yoldaşını - İran inqilabının banisi AyətullaXomeyninin nəvəsi Zəhra Eşragini də ev həbsinə məhkum edib, aksiyalara qatılmağa qoymayıblar.

İslahatçıların başqa bir lideri – Mir Hüseyn Musəviyə gəlincə, onun bugünkü etirazlara qatılacağı bildirilsə də, aksiyaya harda qoşulması qaranlıq qalır. Sadəcə etirazçıların onun adını çağırması eşidilib.

Çünki Mehdi Kərrubinin oğlu deyir ki, ümumiyyətlə, bu gün Tehranda ciddi şəkildə mobil əlaqə və sms göndərilməsi məhdudlaşdırılıb deyə, heç kəsdən xəbər tuta bilmirlər.

Etirazlar təkcə Tehranda yox, İsfahan, Məşhəd kimi şəhərlərdə də qeydə alınıb. Təbriz və başqa şəhərlərdə isə ali məktəblərin tələbələri, dövlət müəssislərində çalışanları zorla hökumətin nümayişlərinə, tədbirlərinə gətiriblər.

İranda İslam İnqilabının 31-ci ildönümüdür, Tehran, 11 fevral 2010

İNTERNETƏ MƏHDUDİYYƏT ETİRAZLARIN DAHA GÜCLÜ OLMASININ QARŞISINI ALIB

Ancaq müxalifət iddia eləyir ki, İranda internetə qoyulan məhdudiyyət etirazların daha güclü olmasının qarşısını alıb.

Ümumiyyətlə, İran İnqilabının 31-ci ildönümü tədbirləri ərəfəsində ölkədə internetin məhdudlaşdırılması iddiaları artıq bir neçə gündür ki, ortaya atılmışdı. Öncə Qərb mediası İran hakimiyyətinin Google portalını, email ünvanları bağlayacağını, əvəzində dövlətin öz email poçt xidmətini tətbiq edəcəyini bildirdi. Dünən Goggle şirkətinin rəhbərliyi də İranda onların saytlarına girişin məhdudlaşdırıldığını təsdiqlədi. Google şirkətinin resurslarını məhdudlaşdırması isə, İranda islahatçılar arasında populyar olan Youtube, Facebook, Twitter paylaşım şəbəkələrinə birbaşa təsir edib.

Tehranın rəsmi izahı isə belədir ki, İran körfəzinin dibiylə keçən fiberoptik internet kabeli hansısa gəminin salladığı lövbər zədələyib və kabeli ancaq bayram tədbirləri başa çatandan sonra təmir edə biləcəklər..

Bu izah isə təkcə müxalifət çevrələrində yox, elə İranın dövlət televiziyasında da ciddi qarşılanmamışdı və aparıcı təəccübünü belə ifadə eləmişdi:

- Mənə çox maraqlıdır ki, niyə bizim internet naqillərimiz Körfəzin dibində itib batır. Və niyə, kefi istəyən ona toxuna bilir, onu dartıb sürüyə, kəsə bilir və s.
XS
SM
MD
LG