Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:44

Bakını necə xilas edək?


12-ci əsr divarları, 26 may 2002
12-ci əsr divarları, 26 may 2002
«Can Bakı» proqramının bu günkü canlı yayımında müzakirə olunan birinci məsələ -Bakıda son vaxtlar tarixi memarlıq abidələrinin mühafizəsi və bərpası sahəsində yaranmış böhran vəziyyəti ilə bağlı idi. Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsi bu barədə təkliflər paketi hazırlayıb və onu rəsmi qurumlara təqdim etmək ərəfəsindədir.

Verilişdə Komitənin əlaqələndiricisi Aytəkin İmranova və bərpaçı ekspert Dilarə Əliquliyeva iştirak edirdi.

2006-CI İLDƏN ABİDƏLƏRİN DAĞIDILMASI İNTENSİV HAL ALIB


Aytəkin İmranova söhbətə Komitənin yaranma tarixindən - 2006-cı ildən başladı. Onun fikrincə, məhz bu ildən abidələrin dağıdılması intensiv hal alıb. Halbuki dövlət bu abidələrin qorunmasına cavabdehdir:

Aytəkin İmranova
«2006-cı ildə İçərişəhər ərazisinin «Azneft» meydanına çıxan hissəsində dövlət qurumları hamının gözü qarşısında buldozerlə söküntüyə başladılar. Əvvəlcə bu olay bizdə şok yaratdı. Dəyirmi masalar, görüşlər keçirdik. Bir az söküntüyə ara verdilər. Amma sonra yenə çox böyük enerji ilə işi davam etdirdilər».

Bu hadisədən sonra İslam, Demokratiya və İnsan Haqları Mərkəzi başqa QHT-lərlə birgə adı çəkilən İctimai Nəzarət Komitəsini yaradıb. Bu qurum hətta Avropa Şurasının dəstəyi ilə yaradılmış mədəni irsi qoruma təşkilatlarının saytında da qeydiyyatdan keçib.

Aytəkin İmranova adətən belə söküntülər barədə informasiya almağın mümkünsüzlüyündən gileyləndi:

«Bizə deyirlər ki, gedin işinizlə məşğul olun. Bu yuxarı səviyyədə həll olunub. Amma fikirləşirik ki, bu bizlikdir. Şəhərin taleyi hər bir vətəndaşı narahat etməlidir. 30-dan çox təşkilat bizə dəstək verir. Qalanlardan da, elə sadə bakılılardan da, ən azı mənəvi dəstək alırıq».

A.İmranova müraciət etdikləri qurumların arqumentsizliyinə də diqqət çəkdi:

«Abidələrin niyə dağıdılması sualına verilən cavabda arqument yoxdur. Nə məhkəmədə, nə üzbəüz görüşdə, nə rəsmi yazışmada arqument var».

Xanım İmranova təkliflər paketinin birinci bəndinin ancaq bir istəkdən ibarət olduğunu vurğuladı:

«Bu sahədə Azərbaycan qanunvericiliyinə riayət olunsun».

Komitə təmsilçisi ötən həftə Milli Məclisdə müzakirəyə çıxarılan Qanuna dəyişikliyə də iradını bildirdi:

«ABİDƏ ÜZƏRİNDƏ İŞ» ADI İLƏ ABİDƏNİ HƏTTA SÖKMƏK OLAR»

«Bərpa sözü götürülür və yazılır –abidələr üzərində iş. Bizim təkliflərdən biri də odur ki, dünyada qəbul edilən, elmi bərpa deyilən bir anlayış var. Bərpa—ilkin görünüşün təmin edilməsi deməkdir. «Abidə üzərində iş» adı ilə abidəni hətta sökmək olar».

A.İmranova təkliflər paketində yer alan müddəaları da sadaladı. Azərbaycanın qoşulduğu konvensiyalara diqqət çəkdi. Qəzalı vəziyyətdə olub-olmamasından asılı olmayaraq, abidələrin sökülməsinin təcili dayandırılmasına çağırdı. Abidələrin 3 qrupa bölünməsinin qeyri-obyektiv olduğunu, şəhərin ən möhtəşəm binalarının bu bölgü nəticəsində yerli əhəmiyyətli abidə siyahısına salınıb məhvə doğru getdiyini vurğuladı:

Dilarə Əliquliyeva
«Bu qəsdən belə bölünüb ki, üstündə manipulyasiya edə bilsinlər».

Ölkədə bərpa strukturlarının dağıldığını söyləyən xanım İmranova «bu strukturlar heç olmasa, sovet dövründəki kimi, özləri də «bərpa» olunub yaranmalıdır. Bu sahədə dövlət proqramı qəbul olunmalıdır».

A.İmranova təkliflər paketini bütün rəsmi qurumlara göndərəcəklərini, hətta ictimai müzakirəsini keçirəcəklərini də söylədi.

Verilişin ikinci qonağı - Dilarə Əliquliyeva 1982-ci ildən Abşeron-Bakı tarix və mədəniyyət abidələri üzrə ekspert işləyib. Hazırda Nardaran tarix və mədəniyyət qoruğunda çalışır. Dilarə xanım da bu sahədə olan qanunlara diqqət çəkdi və söylədi ki, «hazırda sökülən, dağıdılan binaları heç bir qanunla əsaslandırmaq olmaz. Hər hansı bir vətəndaş, ya məmur onu sökürsə, demək o tariximizin düşmənidir».

TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ PİS VƏZİYYƏTDƏDİR

Dilarə xanım tarixi-memarlıq abidələrinin pis vəziyyətdə olduğunu dedi:

«Düzdür, Mədəniyyət Nazirliyinin köməyi ilə bir çox abidələr bərpa edildi. Qala qoruğunda təzə muzey aşıldı. Bir neçə ay qabaq mən öz təşəbbüsümlə Bakı-Abşeronda Gürgandan başlayaraq bütün abidələri inventarizasiya elədim. Hər bir abidəni evimizdən də artıq qorumalıyıq. Təkcə dövlətdən ummaq lazım deyil. Bütün vətəndaşlar bu işə qoşulmalıdır. Bu, Konstitusiyamızda da əksini tapıb».

D. Əliquliyeva Mədəniyyət və Turizm Nazirliyindən, İcra Hakimiyyətindən, ictimai təşkilatlardan, Milli Məclisdən, Nazirlər Kabinetindən təşkil olunmuş bir qurum yaradılmasını təklif etdi. Bir şərtlə ki, həmin qurum prezidentin nəzarəti altında olsun.

A.İmranova verilişə gələn SMS-ləri də cavabladı.

İkinci hissədə «Bakı Ukrayna şəhərlərindən hansı seçki dərsi ala bilər?» mövzusunda müzakirə oldu. «Zerkalo» qəzetinin müxbiri Ceyran Bayramova ilk növbədə Ukrayna seçkilərinin demokratik görünüşünü vurğuladı:

«Həm xarici müşahidəçilər, həm yerli müşahidəçilər, həm də ATƏT ekspertləri bunu etiraf ediblər».

Ceyran Bayramova
Ceyran xanım 2004-cü il seçkilərində Ukraynada olub, ancaq yazılar yazdığına, Ukrayna siyasətçiləri və politoloqları ilə ünsiyyətdə olduğuna görə builki seçkilər barədə də, kifayət qədər məlumatlıdır. Son vaxtlar səslənən—bu seçkilərlə narıncı inqilabın sonu çatdı - fikrinə də münasibət bildirən Ceyran Bayramova belə dedi:

«ƏN AZINDAN, BUNA GÖRƏ ONLARA ÇOX SAĞ OL DEMƏK LAZIMDIR!»

«Hazırkı seçkilərin ən əsas, gözəçarpan cəhəti onun demokratikliyidir. 2004-cü ildə orda saxtakarlığa yol verilmişdi, inzibati üsullardan istifadə olunmuşdu. Bu dəfə bunlar müşahidə olunmadı».

Ceyran xanım seçkilərdən öncə Yuşşenkonun qəbul etdiyi seçki saxtakarlığına qarşı çıxan Qanunun da böyük əhəmiyyəti olduğunu söylədi. Yuşşenkonun özünün prezident olduğu müddətdə inzibati qaydalara qadağa qoyduğunu xatırladan jurnalist «ən azından, buna görə Yuşşenko və onun komandasına - narıncı inqilabın arxasında dayanan insanlara çox sağ ol demək lazımdır!» dedi.

C.Bayramova Timoşenkonun narıncı inqilabı davam etdirəcəyini sanmır. Artıq Qərb və Avropa seçkinin demokratik keçdiyini bildiriblər. Bu, Timoşenkonu Yanukoviçin qələbəsini tanımağa çağırmaq deməkdir.

Mətanət Müslümqızı birinci turda beynəlxalq müşahidəçi kimi Donetsk şəhərində seçkiləri müşahidə edib. Bu seçkilərdə ən çox vətəndaşın seçkiyə münasibətinə təəccübləndiyini deyən Mətanət xanım 70-90 yaşlı insanların 22-24 dərəcə şaxtada seçki məntəqəsinə gəldiyini, bundan özünün hətta qəhərləndiyini etiraf etdi:

«Xəstə, hərəkət problemi olan insanların qoluna girib məntəqəyə gətirirdilər, özləri namizədlərin içindən istədiklərini seçib səs verirdilər».

Mətanət Müslümqızı
Mətanət xanım bu hərəkətdə vətəndaşın dövlətinə, onun qurulmasına münasibətinin əks olunduğunu söylədi:

MƏNİM SƏSİMİN NƏ ÖNƏMİ VAR?

«Onlar da bizim kimi SSRİ-dən ayrılıblar, bəs niyə onlar seçkiyə həvəslə gedirlər? Niyə orda seçici fəallığı yüksəkdir? Amma mən hərdən seçkiyə getmək istəmirəm. Deyirəm ki, mənim səsimin nə önəmi var?».

M.Müslümqızı Ukraynadakı seçkilərin bir incə məqamına da toxundu:

«Prezident, parlamentin sədri və Baş nazir seçkiyə qoşulmuşdular. Çox normal rəqabət aparırdılar. Azərbaycanda siz belə bir şey təsəvvür edirsinizmi? Təbii ki, Ukraynadan götürüləcək çox şey var! O ölkədə söz azadlığı var. Bəs bizdə müstəqil media varmı? Seçki ilə bağlı təbliğat qura bilirikmi?».

«Can Bakı» proqramını bu səhifədə dinləyə də bilərsiniz. Gələn həftə, çərşənbə günü saat 12-də yeni mövzularla canlı görüşünüzə gələcəyik. Hərdən «Can Bakı» söyləyin!
XS
SM
MD
LG