Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 11:20

Bankomatlardan gizli yolla pul çıxaran dəstə üzvlərinin məhkəməsi başlayıb


Bakıdakı bankomatlardan gizli yolla pul çıxaran dəstə üzvləri məhkəmə qarşısına çıxarılıb. Fevralın 8-i Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmin iş üzrə hazırlıq iclası keçirilib. Müttəhimlər kürsüsündə 26 yaşlı Matveyev Oleq Aleksandroviç, onun həmyaşıdı İbrahimov İbrahim Rəfail oğlu və 25 yaşlı Ağabalayev Zahid Atabala oğlu əyləşib.

İttiham aktında göstərilir ki, Oleq, İbrahim və Zahid uşaqlıq dostlarıdır. Ötən il onlar müasir texnikanın köməyindən yararlanaraq bankomatlardan pul çıxarmaq qərarına gəlibər. Bu işdə əsas vəzifə Oleqin üzərinə düşüb. Dostlarından fərqli olaraq texnikadan yaxşı baş açan Oleq bankomatlardan pul çıxarılması üçün saxta ödəniş kartları hazırlayıb.

İyul ayından başlayaraq onlar həmin kartların köməkliyi ilə üçlükdə bankomatlarda vətəndaşların hesabında olan pulları çıxarmağa başlayıblar. İki ay ərzində onların 14 əməliyyatı baş tutub.

Hesablarındakı pulların yoxa çıxmasından narahat olan müştərilər müvafiq orqanlara məlumat veriblər. Araşdırmalar nəticəsində bankomat oğruluğunun eyni qrup tərəfindən törədildiyi müəyyənləşib. Qrup üzvləri saxlanıldıqdan sonra onların mənzillərinə baxış keçirilib. Oleq Matveyevin mənzildən 340 ədəd üzərində kodları yazılmış plastik kart, içərisində mikrosxemlər hazırlamaq üçün avadanlıq olan çanta və saxta plastik kartlar hazırlanmasında istifadə olunmuş digər avadanlıqlar aşkar edilib.

Məhkəmə iclasına hakim Tamella Nəsrullayeva sədrlik edir. Proses fevralın 16-na təyin olunub.
XS
SM
MD
LG