Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:26

Bahalı reseptlər, firma-həkim işbirliyi…


Gəncə sakinləri deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar
Gəncə sakinləri deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar
- Resept yazırlar, yönəldirlər hansısa firmanın dərmanlarını almağa. Adətən həkim firma ilə işləyəndə çalışır çox dərman yazsın. Bir reseptdə üç dərmandan artıq yazılanda gərək həkim hesabat versin. Firma dərmanları çıxandan resept iki vərəqdir. Daha ucuz dərmanlar yazmırlar.

Gəncə sakini Səbinə Ələkbərova deyir ki, artıq həkimlərə inanmır. O bildirir ki, hansı həkimin qapısını döyüb şəfa istəyirsənsə, uzun-uzadı reseptlər, bahalı dərmanlar yazırlar.

Söhbətləşdiyim digər Gəncə sakinləri də deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar:

- Hərbi xidmətdən gələndən sonra həkimə getdim. Dərman yazdılar - qiymətini öyrəndim 100 manata yaxın tutdu. Ala bilmədim.

Təxminən 4 ilə yaxın dərman firmasında işləmiş şərti adı Nərmin olan xanım həkimlərin nə üçün bahalı dərmanları satmaqda maraqlı olduqlarından danışır:

«FİRMALAR AYLIQ LİMİT QOYUR»

- Firmalar aylıq limit qoyur ki, tutaq ki, ayda 100 dənə 200 qramlıq antibiotik yazmalısan. Həmin məbləği ya qabaqcadan verirlər ya da yazıb qurtaranda sonra. O da həmin dərmanları yazır ödəyir. Aybaay satışı qaldırmalıydıq. Bunu bizdən yuxarıdan tələb eləyirdilər. Satış qalxdıqca bizim maaşımız qalxırdı. Biz həkimə deyirdik ki, sənə filan qədər pul verəcəyik. O da çalışırdı ki, ayın sonunadək lazım oldu-olmadı dərmanın qramını artıq yazıb satsın. Tutaq ki, xəstəyə 3-4 qram lazımdırsa 10 qram yazırdı ki, tez ödəsin qurtarsın.

Nərmin deyir ki, işçilərin əməkhaqları dərmanların üzərinə maya dəyərindən xeyli artıq pul qoyulmaqla verilirdi. O fikirləşir ki, əməkhaqqı kasıb təbəqənin cibindən çıxıb deyə, işini tərk edib.

«HƏKİMLƏR BAHALI DƏRMANLARI KEYFİYYƏTLİ OLDUĞU ÜÇÜN YAZIRLAR»


Adil Qeybulla
Digər bir müsahibim hələ də firma dərmanlarının reklamı və satışı ilə məşğuldur. O isə deyir ki, bəzi həkimlər bahalı dərmanları keyfiyyətli olduğu üçün yazırlar. Amma digər səbəblər də var:

- Yaxşı həkimlər dərmanın keyfiyyətini nəzərə alır. Həkimlərə firmalar maddi köməklik göstərirlər, həmin dərmanları yazdığına görə. O dərmanlar keyfiyyətlidir, sadəcə bahadır. Əvvəlcədən həkimə müəyyən qədər vəsait verilir. Ayın əvvəlində 500 və ya min manat pul verilir. Həkim də öhdəlik götürür ki, sizin dərmanı yazacam. Ona görə həkim xəstə gələndə 2 qram lazım olanda 5-6 qram yazır ki, öhdəliyi yerinə yetirsin. Bəzən 2 dərman lazım olduğu yerdə 7-8 çeşid dərman yazılır.

HƏKİMLƏRİN REAL MAAŞI AZDIR

Həkim Adil Qeybulla isə deyir ki, həkimlərin firma dərmanları yazılmış reseptlərinin sayı artmaqdadır. Bu isə həkimlərin real maaşının az olmasından irəli gəlir:

- Həkimlər əlavə qazanc mənbələrinə məhkumdurlar. Reallıq budur - mən şəxsən bu praktikadan istifadə etmirəm, amma bu, həkimin real gəlirləri ilə bağlıdır.

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, həkimlərin xəstəyə bahalı dərman yazmasından əsas ziyanı kasıb təbəqə çəkir:

«HƏKİMLƏR FİRMALARLA ƏLBİR OLURLAR»

- Pasiyentlər arasında sorğu keçirmişdik, onlar deyirdilər ki, həkimlər firmalarla əlbir olurlar və daha çox firma dərmanları yazmağa üstünlük verirlər. Belədə adətən müalicənin qiyməti 3-4 dəfə artır. Həkimlər nə qədər dərman yazırsa, firmalar dərmanın faizini həkimlərə verirlər.

Səhiyyə Nazirliyindən məsələyə münasibət bildirməsələr də, Gəncədə əksər həkim otaqlarının qarşısında əli çantalı dərman satanları görmək mümkündür. Əlində resept evinə dərmansız qayıdanlar da var, alıb borclu qalanlar da. Maraqlıdır ki, Gəncədəki həkimlərdən heç biri niyə xəstəyə bahalı dərman yazmasının səbəbini açıqlamadı, onlar bu barədə danışmaq belə istəmədilər.
XS
SM
MD
LG