Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

«Ayna Sultanovada saxla!»


«Ayna Sultanovaya gedirsiz?». Gündəlik həyatda şəhərdaxili avtobus sürücülərinə bu sualı tez–tez veririk. Bəs metronun «Gənclik» stansiyası yaxınlığında yerləşən heykəl nə vaxt açılıb? Çoxlarının yalnız heykəlini tanıdığı Ayna Sultanova əslində kim olub?

Bu həftə arxiv qəzetlərdə bu suallara cavab axtardım. «Kommunist» qəzetinin 1986–cı il 19 aprel tarixli sayında suallara cavab tapdım. Mətni ixtisarla sizlərə təqdim edirəm.

«O ŞƏXSƏN V. İ. LENİNLƏ GÖRÜŞÜB»


Aprelin 18–də V.İ.Leninin anadan olmasının 116–cı il dönümü ərəfəsində Bakıda partiyanın və xalqın şanlı qızının abidəsi təntənəli şəraitdə açılmışdır. Bu hadisəyə həsr olunan mitinqə minlərlə bakılı toplanmışdı.

Mitinqi Bakı şəhər Partiya Komitəsinin ikinci katibi Sokolov açdı. Tədbirdə Azərbaycan MK–nin birinci katibi K.M.Bağırov yoldaşa söz verildi:

- Ayna Sultanova Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, leninçi bolşeviklər nəslinin şanlı dəstəsinə aid idi. Ona Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimləri M.Əzizbəyov, N.Nərimanov, Stepan Şaumyan və Alyoşa Caparidze ilə birlikdə işləmək nəsib olmuşdur. Ayna Sultanova 1918–ci ildə Zaqafqaziyada hətta bütün Şərqdə Lenin partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi. 1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilib. Sverdlov adına Kommunist Universitetinə daxil olur. RSFSR Xarici İşlər Komissarlığında işləyir. Həmin illərdə o şəxsən V. İ. Leninlə görüşür.

Mitinqə minlərlə bakılı toplanmışdı.
AYNA SULTANOVANIN OĞLU FƏXRLƏ DEYİR...


Ayna Sultanova demişdi: «Zəhmətkeş qadınların çox böyük hissəsi sosialist çevrilişində iştirak etməzsə, sosialist çevrilişi ola bilməz!».

Ayna Sultanova «Şərq qadını» jurnalının redaktoru işləyir. 1934–cü ilin martında isə Azərbaycan SSR Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri kimi yüksək vəzifələrə də ucalır.

Mitinqdə Ayna Sultanovanın oğlu – Xəzər Dəniz Gəmiçiliyi İdarəsi rəisinin müavini bütün qohumların adından Azərbaycan KP MK-ya, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinə və Nazirlər Sovetinə qızğın təşəkkür bildirdi.

Bakının yeni yaşayış sahəsində, Gənclər dostluğu və Arsen Əmiryan küçələrinin kəsişdiyi yerdə yerləşən Ayna Sultanovanın çəhrayı qranitdən yonulmuş heykəltəraşlıq portreti şanlı vətənimizin kommunist ideyaları uğrunda mətin mübarizəsinin yenilməz ruhlu, möhkəm, mərdanə xarakterli qadının obrazını parlaq əks etdirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG