Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 07:26

Kənd məktəblisinin arzuları…


«Şagirdlərin sayının az olmasını əsas gətirərək məktəblərin bağlanması düzgün deyil»
«Şagirdlərin sayının az olmasını əsas gətirərək məktəblərin bağlanması düzgün deyil»
«Mən də istəyirəm ki, yaxşı məktəbə gedim. İstəyirəm ki, məktəbimiz yaxın olsun. Yolumuz çox uzaqdır. Qışda qar yağanda üşüyə-üşüyə gedirik».

BİR DİRƏKLİ MƏKTƏB

Bu Tovuz rayonunun İsakənd orta məktəbinin 6-cı sinif şagirdi Nazlı Əkbərlinin arzusudur. XXI əsrin ilk onilliyində İsakənd orta məktəbinin şagirdlərinin oturmağa normal partaları belə yoxdur.

«İki mərtəbəli məktəbimiz qəza vəziyyətdədir. Yuxarıdakı sinif aşağıdakı sinfə çökəsidir. Bir dirəklə saxlayırlar».

«Bizim aldığımız odunu məktəbin direktoru ayrı bir yerə qoyub. Həftədə bir dəfə yandırmağa verir. Biz də sinifdə soyuqdan donuruq axırda gedib çöldən çır-çırpı yığıb yandırırıq».

Valideynlər isə deyirlər ki, övladlarını bu məktəbə göndərməkdən başqa əlacları yoxdur.

«Məktəbi gedib görəndə havalanıram. Məktəbdə nə dərs deyirlər, nə müəllim öz işini bilir, nə də şagird. Qayda qanun yoxdur o məktəbdə. Valideynlər də ki qalmışıq beləcə əlacsız;

Məktəbin şəraiti olduqca pisdir. Şagirdin oturmağa partası belə yoxdur. Məktəb elə bir vəziyyətdədir ki, insan kənardan baxanda qorxur;

Etibar Əliyev
Məktəbdə dərs keçirilmir. Uşaqdan odun pulu alırlar amma soba qalamırlar. Uşaq qalır soyuqda məktəbə getmək istəmir. Belə vəziyyətdə uşağı elə bir məktəbə göndərmək nəyə lazımdır».

MƏKTƏB ƏVƏZİNƏ AVTOBUS

Təhsil Naziri Misir Mərdanov bu günlərdə mediaya açıqlamasında ucqar kənddə 20 nəfərlik məktəbi saxlamaqdansa bir avtobus alıb şagirdləri başqa məktəblərə aparmağın daha yaxşı olduğunu bildirmişdi.

Ekspertlərin bu məsələyə münasibətləri fərqlidir. XXI əsr təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, bu cür islahatların aparılması düzgün deyil.

«İslahatlar elə aparılmalıdır ki, ziyanlı olmasın. Kənd məktəblərində şagirdlərin sayının az olmasını əsas gətirərək məktəblərin bağlanmasını düzgün addım hesab etmək olmaz. Mən hesab edirəm ki, kənd məktəblərində islahatlar aparmaq üçün bu məktəblərin maddi texniki bazasını yaxşılaşdırmaq, müəllimlərin təkmilləşdirilməsinə, istilik sisteminə diqqət yetirmək lazımdır».

İqtisadçı Zöhrab İsmayıl isə təhsil nazirinin ideyasını dəstəkləyir:

«Əhalisi az olan ucqar kəndlərin bir neçəsi üçün normal bir məktəbin tikilməsi yaxşı bir ideyadır. Əgər onun məktəb avtobusları olacaqsa,
Zöhrab İsmayıl
infrastruktur buna imkan verərsə, mərkəzləşdirilmiş məktəblərin maddi texniki bazası yaxşılaşdırılacaqsa, müəllimlərin səviyyəsi qənaətbəxş olacaqsa səmərə verə bilər».

BƏZİ VALİDEYNLƏR ÜÇÜN FÜRSƏT

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, ucqar kənd məktəblərinin bağlanması qızların təhsildən yayınması hallarını daha da artıracaq.

«Əgər məktəblər mərkəzi məktəblərə köçürülsə bu kənd yerlərində bəzi valideynlər üçün fürsət olacaq ki, uşaqlarını məktəbə getməyə qoymasınlar».

Təhsil Nazirliyinin Təhsil Sektorunun inkişafı layihəsi Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov isə deyir ki, məktəblərin mərkəzləşdirilməsi təhsilin keyfiyyətini artıracaq.

«Ucqar kəndlərdə, 20 nəfərlik şagirdi olan yerlərdə keyfiyyətli təhsil əldə etmək mümkün deyil. Bu cür məktəblərdə tələb olunan bütün müəllimlər, maddi texniki bazanın təchiz olunması çətin məsələdir. Eyni zamanda şagirdlərin sayı az olan məktəblərin saxlanılması daha baha başa gəlir».

Elvin Rüstəmov bildirdi ki, hazırda səmərəsiz məktəblərin ləğv olunması istiqamətində iş gedir və bu işlərin 2013-cü ildə yekunlaşması nəzərdə tutulub. Görünür ucqar kəndlərdə təhsil alan şagirdlər bir az da dözməli olacaqlar.
XS
SM
MD
LG