Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:54

Baş komissar niyə yoxa çıxıb?


26 Bakı komissarının güllələnməsi
26 Bakı komissarının güllələnməsi
Ötən ildən bəri 26 Bakı komissarları ilə bağlı verilən sensasion məlumatlara daha biri əlavə olundu. Ötən ayın 29-da Milli EA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov mətbuat konfransı keçirdi və yeni açıqlamalarla çıxış etdi. AzadlıqRadiosunun «Can Bakı» proqramı 2010-cu ilin ilk canlı verilişində bu məsələni müzakirəyə çıxarmağa qərar verdi. Verilişdə EA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov, həmçinin tarixçi alimlər Cəmil Həsənli və Nail Əliyev iştirak etdilər.

KAMRAN İSMAYILOV: SƏNƏDLƏR ŞAUMYANIN GÜLLƏLƏNMƏSİNƏ ŞÜBHƏ YARADIR

Kamran İsmayılovun fikrincə, müstəqillik dövründə bu hadisələrə obyektiv münasibət sərgiləmək üçün tutarlı dəlillər toplanmağa başlayıb. 26-ların 23 çıxması şübhələri daha da artırıb. Araşdırmalar nəticəsində məlum olub ki, orada yaşı 40-dan yuxarı bir nəfər olub:

«Eksperlərin fikrinə görə, o qalıqlar Məşədi Əzizbəyova məxsus idi. 26-lar arasında Şaumyanın və Lalayanın yaşı 40-dan yuxarı olduğu üçün, belə fərziyyə irəli sürüldü ki, basdırılanların içində Şaumyan yoxdur».

Kamran İsmayılov EA-nın Tarix İnstitutunda bu məsələni araşdırmaq üçün təşkil olunan qrupun üzvüdür. Onun dediyinə görə, 4 ay davam edən axtarışlar maraqlı məlumatlar üzə çıxarıb. Hətta bir kitab işıq üzü görüb. “Əlimizə elə sənəd keçdi ki, o sənəd, ən azı, Şaumyanın, güllələnməsinə müəyyən şübhələr yaradır.

CƏMİL HƏSƏNLİ: ŞAUMYANIN HİNDİSTANA APARILMASI NONSENSDİR!

Cəmil Həsənli bu fikirdədir ki, Milli EA-nın Tarix İnstitutu bu dövr tarixinin qaranlıq məqamlarını aydınlaşdırmaqdan ötrü xarici ölkə və Rusiya arxivlərinin ölkəyə gətirilməsi baxımından müsbət işlər görüb. Amma Kamran müəllimin dedikləri ilə mətbuat konfransında Yaqub müəllimin səsləndirdiyi fikirlər arasında fərqlər var. Orada qəti fikirlər ortaya qoyulur:

«Hətta TV-lərin birində deyildi ki, Şaumyan güllələnməyib, onun Hindistana aparılması qəti şəkildə təsdiqləndi».

Cəmil Həsənli
Professor vurğuladı ki, arxivdə işləyənlər üçün bir sənəd qətiyyən yetərli deyil. Xüsusən, agentura materialları digər sənədlərlə müqayisə edilmədən ciddi nəticə çıxarılmamalıdır. «Əgər bir sənəd buna şübhə salırsa və həmin sənəd də Şaumyanın adına «suxoy payok» gəlməsindən ibarətdirsə, indiki həbsxana nəzarətçilərinin savadlılıq dərəcəsini göz önünə gətirib, 1918-ci ilin vəziyyətini düşünməliyik. Bir də ki, ərzaq blankları həbsxanaya daxil olanlar üçün bir neçə günlük hazırlanır. «Suxoy payok»la bağlı nümayiş olunan sənəd qabaqcadan tərtib olunan sənəd də ola bilərdi».

Cəmil Həsənli başqa sənədlərə də diqqət çəkdi. Onun dediyinə görə, həmin axşam bir parovoza qoşulmuş iki vaqonda mühafizəçilərlə Aşqabada yola salınanların içində Şaumyanın da adı var idi:

«Həm də, müxtəlif yerlərə teleqramlar vuruldu, raportlar verildi. Həmin sənəd axşam 3 yerə, səhər bir neçə yerə göndərildi. Bəs bu sənədlər necə olsun?».

Professor bir məqama da diqqət çəkdi: «Qətli təşkil edənlərin yazdığına və ifadələrinə görə, bu Beknazar Sarıyevin drujinası idi, Bakı bolşeviklərinin başı kəsilb. Türkmən Yusup Yusupov istintaqdan əvvəl fəxrlə yazırdı ki, Şaumyanın başını şəxsən mən özüm kəsmişəm. Onun beyni hər tərəfə səpələnmişdi...».

Cəmil Həsənli Şaumyanın Hindistana aparılmasına bircə sözlə cavab verdi: «Bu nonsensdir! O imperialistlər tərəfindən Hindistana aparılsaydı, onun oğlu Levon Şaumyan Sov. İKP.MK yanında Marksizm-Leninizm İnstitutunun direktor müavini ola bilməzdi».

Professor 26-ların basdırılma məqamına da diqqət çəkdi: «O tabutlarda kimin –kim olduğunu müəyyənləşdirmək qeyri mümkün idi. Onların başları vurulub, onları adam kimi dəfn etməyiblər. Kütləvi surətdə üstlərini basdırıblar. Qalıb səhrada. İkinci dəfə Bakıya gətirilib dəfn olunublar. Lentə çəkiblər. Rusiya Dövlət Foto-Kino Sənədlər Arxivində saxlanılır. Hər tabutun başında bir nəfər dayanıb. Təntənəli şəkildə keçirilən dəfn təbliğat xarakteri daşıyırdı. Və bu dəfndə heç kimin üstündə ad yaza bilməzdilər. Çünki müəyyən etmək mümkün deyildi».

NAİL ƏLİYEV: ŞAUMYANIN SAĞ QALMASI GERÇƏK OLSAYDI, İNDİYƏDƏK ÖZÜNÜ GÖSTƏRƏRDİ

Tarixçi alim Nail Əliyevin dediyinə görə, S,Şaumyan Leninin ən yaxın silahdaşlarından olub. 1903-cü ildə Cenevrədə tanış olublar. 1918-ci ildə o yaxınlığın sayəsində Qafqazın fövqəladə komissarı təyin olunmuşdu. Stalinin Şaumyana qısqanc münasibəti də burdan qaynaqlanırdı. Nail bəyin söylədiyinə görə, Şaumyanın Nərimanovla da münasibətləri normal idi. Dumaya seçkilərdə ona kömək etmişdi.

Nail Əliyev Demokratik Cümhuriyyət dövründə X.Xasməmmədovun sədrliyi ilə bu hadisələri araşdıran Fövqəladə İstintaq Komissiyanın yaradılmasına diqqət çəkdi: «Bütün bu cinayətlərin hamısı orada təsdiqini tapmışdı. İstintaqı da, qeyri-azərbaycanlılar aparırdı. Birtərəfli olmasın deyə. Yəni 1919-cu ildə buna qiymət verilmişdi. Sonra Xalq Cümhuriyyəti devrildiyi üçün hər şey ört-basdır edildi».

Nail Əliyev
Nail Əliyev 26-ların heç də hamısının bolşevik olmadığını da qeyd etdi:

«Orda eser də var idi. Daşnak partiyasının komandiri də».

Öldürülənlərin kim olduğunun bilinmədiyinə, hamısının bir yerdə basdırılmasına diqqət çəkən qonağımız «Şaumyanın sağ qalıb-qalmaması məsələsi gerçək olsaydı, indiyə kimi özünü göstərməliydi» sözlərini də əlavə etməyi unutmadı.

Tarixçi alim Hövsan qəbiristanlığında dəfn olunanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kriminalistlər, tarixçilər və hüquqşünasların da iştirakı ilə yaradılan komissiyanın gərək olduğunu dedi:

«Çar Nikolayı necə müəyyənləşdirdilər? Orada da suallar var idi. İngilis kraliçasının həyat yoldaşının DNK-sını götürdülər. Şaumyanın, Əzizbəyovun qohumları hələ də yaşayır».

TARİXÇİNİN VƏZİFƏSİ HƏQİQƏT ANINI ORTAYA ÇIXARMAQDIR!

Kamran İsmayılov bu məsələdə hələ nöqtə qoymağın tez olduğunu xatırlatdı:

«Bir halda ki, bu sənədlər var, bir halda ki, şübhələr var, bunları sona çatdırmalı, həqiqəti müəyyənləşdirməliyik».

Kamran İsmayılov «suxoy payok»un 1919-cu ilin əvvəllərinə qədər Suren deyil, Stepan Şaumyana verildiyinə diqqət çəkdi. Cəmil Həsənli isə söylədi ki, tarixçinin vəzifəsi əlində olan sənədləri müqayisə edib həqiqət anını ortaya çıxarmaqdır:

«Bir belə sənəd varsa, yüzlərlə bunun əksini təsdiq edən sənəd var, axı. Ən acınacaqlısı odur ki, biz tədqiqatlarımızı Şaumyanın Hindistandakı şübhəli ləpirlərini axtarmağa sərf etməməliyik. Bu dövrün çox ciddi problemləri var. Şaumyanın Azərbaycan xalqı qarşısında o qədər cinayəti var ki, onun hara qaçması bunun yanında heç nədir. Bu bayaq Nail müəllimin də dediyi kimi, 1918-ci il mart hadisələri ilə, hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqına qarşı yeritdiyi cinayətlə bağlıydı».

Cəmil müəllimin sözlərinə görə, bu da 1919-cu ildə Fövqəladə İstintaq Komissiyasının sənədləri ilə təsdiq olunub.
XS
SM
MD
LG