Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:12

Generalın qətlinə görə 9 ay həbsdə qalan mühafizəçinin aqibəti


 Rail Rzayev ötən il fevralın 11-də yaşadığı binanın yaxınlığında odlu silahla qətlə yetirilib
Rail Rzayev ötən il fevralın 11-də yaşadığı binanın yaxınlığında odlu silahla qətlə yetirilib
Yasamal rayon Məhkəməsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, ötən il qətlə yetirilmiş general-leytenant Rail Rzayevin yaşadığı binanın mühafizəçisinin məhkəməsi keçirilir.

ELŞƏN EYVAZOVA YARDIM VƏ TİRYƏK İTTİHAMI

Elşən Eyvazov Rail Rzayevin qətlindən bir neçə gün sonra Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Generalın qətli ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Lakin sonradan ona qarşı Rail Rzayevin qətli ilə bağlı yox, tamam başqa ittihamlar irəli sürülüb. İttihama görə, Elşən Eyvazov ailəsinə ünvanlı sosial yardım almaq üçün məşğulluq idarəsinə saxta sənəd təqdim edib. Ailəsinə düşən ünvanlı sosial yardımın miqdarından artıq yardım alıb. Digər ittihamsa şəxsi avtomobilindən tiryək aşkarlanması ilə bağlı olub.

Elşən Eyvazovun vəkili Xalid Bağırov hesab edir ki, müdafiə etdiyi şəxsə saxta ittihamlar verilib. Səbəbsə budur ki: «General Rail Rzayevin qətli ilə bağlı şübhəli bilinərək saxlanılıb. Onu həbsdə saxlamaq üçün maşınına narkotik vasitə ataraq həbsə alıblar. Generalın qətli ilə bağlı təqsiri sübuta yetirilmədiyindən məcburiyyət qarşısında qalaraq digər saxta ittihamlar da əlavə edərək, onu məhkəməyə veriblər ki, bir il ərzində qanunsuz saxlanmasını ört-basdır etsinlər».

Vəkil deyir ki, Elşən Eyvazov istintaq tərəfindən yalnız Rail Rzayevin qətlinə görə dindirilib: «İstintaq materiallarından da görünür ki, istintaq bu gün ittiham olunan üç maddənin heç biri üzrə aparılmayıb. Əsasən Rail Rzayevin qətli ilə bağlı aparılıb. Bütün şahidlər bununla bağlı dindirilib, istintaq hərəkətləri də Elşən Eyvazovun həmin cinayət əməlinə aidiyyatı olub-olmaması ilə bağlı aparılıb».

Vəkil deyir ki, Elşən Eyvazov həqiqətən də bir müddət ona düşən miqdardan artıq sosial yardım alıb. Ancaq onun əməlində cinayət tərkibi yoxdur, çünki müvafiq qanunda göstərilir ki, əgər səhv ödənilmə olubsa, ünvanlı sosial yardım mərkəzinin iddiası əsasında həmin məbləğ vətəndaşdan geri alına bilər.

Elşən Eyvazov
O ki qaldı Elşən Eyvazovdan tiryək aşkar edilməsinə, bu barədə təqsirləndirilən şəxsin həyat yoldaşı Səadət Qasımzadə danışır. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları evdə axtarış aparıblar:

«NARKOTİKİ ATAMIN PENCƏYİNİN CİBİNƏ ATMIŞDILAR»

«Elşənin paltarlarını istədilər, göstərdim. Səhvən atamın pencəyi də o paltarların arasında idi. Narkotiki atamın pencəyinin cibinə atmışdılar. Dedilər ki, bu kimin pencəyidir, dedim atamın. Soruşdular atan hardadır, dedim ki, 14 ildir Rusiya vətəndaşıdır və orada yaşayır. O narkotikanı atamın cibinə necə qoymuşdularsa elə də ordan yox elədilər. Sonradan bildik ki, ərimin maşınına atıblar».

Səadət Qasımzadə deyir ki, istintaq vaxtı həyat yoldaşına işgəncələr verilib:

«Yoldaşım dedi ki, məni neçə dəfə toka da veriblər, işgəncələr veriblər. Onu pis günə qoymuşdular. Üz-gözü o qədər tanınmaz hala düşmüşdü ki, vəkil görüb dəhşətə gəlmişdi».

Generalın qətlinə görə tutulana işgəncə verildiyini onun vəkili də təsdiqləyib.

«SVARKA» MADDƏLƏR

Hüquqşünas Əyyub Kərimov ibtidai istintaq zamanı əsas cinayət sübuta yetirilmədiyi halda saxlanılan şəxsin başqa saxta ittihamlarla mühakiməyə verilməsi hallarının geniş yayıldığını deyir. Belə hallarda istintaqçılar öz aralarında «svarka maddə» adlandırdıqları maddələrdən istifadə edirlər:

«Hesab edək ki, şəxs artıq həbs olunub, istintaq orqanı başa düşür ki, əsas müəyyən məsələdə nəticəyə nail ola bilməyəcək, ona görə də başqa xətlər axtarır ki, heç olmasa o maddələrdən biri keçsin.
Əyyub Kərimov
Həmin şəxs məhkəməyə 4-5 maddə ilə verilir ki , məhkəmə o maddələrdən ikisinə, üçünə bəraət versə də, heç olmasa bir maddəsi ilişib qalsın ki, istintaq orqanı öz sifətini qoruya bilsin».

Hüquqşünas hesab edir ki, hakim bir cinayətə görə saxlanılıb digər ittihamlarla məhkəməyə gətirilənin əslində günahsız olduğunu yaxşı başa düşür. Həmin şəxsin taleyi bütün hallarda hakimdən asılıdır:

«Əgər şəxsə sonrakı ittihamlar kifayət qədər sübuta yetirilməyibsə, məhkəmə özündə cəsarət tapıb həmin şəxsə bəraət verməlidir».

9 ay generalın qətlinə görə dindirilib məhkəməyə başqa ittihamlarla göndərilən şəxsin mühakiməsini hakim Fuad Talışinski həyata keçirir. Yanvarın 29-da keçirilən məhkəmə iclasında hakim prosesi izləyən jurnalistlərə bildirdi ki, sözügedən məhkəmə prosesinin ictimailəşdirilməsinin əleyhinədir və bunu məhkəməyə təzyiq hesab edir. Hakim məhkəmə salonunda audioyazıya və fotoçəkilişlərə də icazə vermədi.

Dövlət ittihamçısı məhkəmədə çıxış edərək Elşən Eyvazova 5 il həbs cəzası təyin olunmasını istəyib.

Rail Rzayev ötən il fevralın 11-də yaşadığı binanın yaxınlığında odlu silahla qətlə yetirilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi generalın qətli ilə bağlı 150-dən artıq şəxsi dindirib. Qatilsə hələ də müəyyən edilməyib. Cinayət işinin Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu araşdırır.
XS
SM
MD
LG