Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:25

«Mən özüm elə Şəhidlər Xiyabanında yaşayıram»


Bu həftə bloqlarda əsas mövzu qırmızı qərənfillərin rəmzinə çevrilən qanlı 20 Yanvar hadisələri oldu. Bloqçular həm eşidib-bildiklərini, həm gördüklərini yazdılar. Kimisi 20 Yanvara görə Sovet ordusunu, kimisi o zamankı müxalifət liderlərini ittiham etdi. Bloqçular yazdılar ki, insanlarda 20 yanvar ruhunu yenidən oyatmağın yeganə yolu 20 Yanvarı dərk etməkdir.

Fatalin də 1990-cı il 19 yanvar gecəsini belə xatırlayır:

«Həmin vaxt mənim 4 yaşım vardı... Küçədən atəş səsləri gəlirdi və anam bizi çarpayının altında gizlətmişdi. Atam isə paltarını geyinərək komandası ilə getməyə və çəkiliş aparmağa hazırlaşırdı. Anam qapıda dayanaraq ondan getməməyini xahiş edirdi».
Fatalin yazır ki, həmin gecə çəkilən kadrlardan sənədli film hazırlandı, filmdə «KGB»nin faciə ilə əlaqəsinə dair bəzi sübutlar vardı: «Sonradan film gizli şəkildə əldən-ələ gəzdi. Onun yaradıcıları hədələndi, sorğu-suala çəkildi, evlərində xəyanət sübutlarını tapmaq üçün axtarışlar aparıldı».

***
Uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu da öz xatirələrini bölüşür:

«1990-cı il yanvarın 19-u gecə saatlarında tanklar evimizin yanından ötüb-keçməyə başladı... Mən xatırlayıram... Anam elə qışqırırdı ki, səsi indiyə kimi qulaqlarımdadır... Mən pəncərənin yanında dayanıb gələn nəhəng maşınları ayırd etməyə çalışırdım....

Həmin gecə hər yerdə atışma vardı. Anam xatırlayır ki, bütün gecəni küçədə keçirən qohumumuz səhər evə qayıdanda rəngi qaçmışdı, danışa bilmirdi. Bir qədərdən sonra o gördüklərini, tankların insanların üzərinə getdiyini, əsgərlərin amansızcasına hamını güllələdiyini danışdı...

Anam növbəti gün çörək almağa gedərkən içərisi qan ilə dolu bir kişi ayaqqabısını gördü...»

***
Elnur Məcidli yazır ki, 1990-cı ilin 20 yanvarını yaşayanların keçirdiyi hissləri unutmaq asan deyil. Ancaq 20 il-dən sonra həyat da, insanlar da dəyişib. Dəyişməyən sadəcə o gün həlak olanların soyuq məzarları və məzarlarının üzərindəki şəkillərdir:

«Həmin gecə anadan olan körpə, bu gün iyirmi yaşında bir gəncdir… 20 Yanvar hadisələrinə lazımi qiymət və dəyər verilmədiyini düşünürəm… 20 Yanvar bizim üçün sadəcə matəm günü olmalı deyil… 20 Yanvar, Milli Dirçəlişin, Milli Qurtuluşun simvoludur.

Keçən iyirmi ildə isə çox şey dəyişib… Hakimiyyətlər, insanlar, fikirlər, maraqlar və s… Dəyişməyən isə sadəcə o gün həlak olanların soyuq məzarları və məzarlarının üzərindəki şəkilləridi… Bu gün o məzarlar, üzərinə qoyulan qərənfillərlə bəzənəcək, göz yaşlarıyla islanacaq… Ancaq sabah… Ancaq sabah və biri gün yenə şəhidlər xiyabanı səssizliyə qərq olacaq… Və yenə onları orda yalnız qoyacağıq və 20 yanvardan bir il daha uzaqlaşacağıq… O ruhu yenidən oyatmağın yeganə yolu 20 Yanvarı dərk etməkdir…»

***

Araz Önər yazır ki, «mən özüm elə Şəhidlər Xiyabanında yaşayıram, ətrafım şəhidlərlə doludur. Kimisinin başına 20 yanvardan daha az faciəvi xarakter daşıyan hadisələr gəlib, kimisinin başına isə daha çox… Kimisi bu hadisələri unudub, kimisi hələ də bununla yaşayır. Əgər 20 yanvar günü insanlar Azərbaycanın azadlığı uğrunda şəhid olmuşdularsa, bu günün azərbaycanlıları, sağ qalmaq uğrunda, bir tikə çörək qazanmaq uğrunda şəhid olurlar».

***

Təhsil genosidi, yaxud Bruney Sultanının Misir Mərdanova mane olması

Şahbaz Xuduoğlu Azərbaycan məktəblərinin alverxanaya çevrildiyini, görüb-eşitdiklərini bölüşüb:

«Mənə belə gəlir ki, bizim təhsil səviyyəmiz insanlarımızın səviyyəsinə uyğundur». (Misir Mərdanovun ANS-ə müsahibəsi)
Dünən bu məlumat Facebook (sosial şəbəkə) yerləşdirilmişdi. Düz deyir Misir müəllim, təhsil insanlarımızın səviyyəsinə uyğundur! Amma, bunun səbəbkarı Misir müəllim deyil! Axı, bir təhsil nazirinin ağlına belə bir fikir necə gələ bilər və necə onu media qarşısında söyləyə bilər?!
Bildiyim qədərində nazirin nəvələrinin, yaxın qohumlarının uşaqlarının heç biri dövlət sektorunda deyil, özəl və əcnəbilərin çalışdıqları məktəblərdədir. Əlavə olaraq, yəqin repetitorlar da tutur. Ali təhsil üçün də Avropaya göndərir. Təbii, bu hər bir valideynin arzusudur, övladı ya Türkiyədə, ya da Avropada təhsil alsın.

Baxın, bu vəziyyəti kim yaradıb? Məktəblərimizi alverxanaya, murdarxanya çeviriblər!

Müəllimlər oxuyan uşağa da mane olurlar, bilərəkdən ona bir tələ qururlar, o da oxumasın, o da hamının gününə düşsün! Bunların heç birinə Misir müəllim cavabdeh deyil, bunların hamısına Buruney Sultanı günahkardır, bunların hamısına Saakaşvilinin rejimi, Gülün Köçəryanla görüşü səbəb olub! Bunu bizim bədnam qonşularımız – ermənilər edib!».

***

Bənənyar 1937-2009

Doktor Ravik Bənənyarda baş verənləri 37-ci il hadisələri ilə müqayisə edib: «Aşağıdakı arxiv sənədi bəyənmədiyiniz Sovet hökumətinin repressiyalar apardığı 1937-ci ilə aiddir.

«Naxçıvandan gələn məlumatlarda qeyd olunur ki, bütün kəndlərdə dini yığıncaqlar keçirilmiş, xüsusilə Nehrəm, Bənənyar kəndlərində kütləvi yürüşlər keçirilmiş qılıncla baş yarma faktı qeydə alınmış Culfa rayonunda şəbeh tamaşaları təşkil olunmuşdur». Bu da sənəd: 70. ARDSPİHA. (Azərbaycan Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivi.) f. 1 təs.74.iş.269.vər.97. Iş.300.vər.161
2009-cu ildə baş verənlər isə hamıya məlumdur. Sovet hökumətini söyənlərə müqayisə etmək üçün material: Hansı dövlət daha totalitar və qəddardır?».

***

200 manat = 10 gün

Leyla adlı bloqçu 200 manatlıq maaşla ancaq 10 gün yaşamağın mümkün olduğunu yazır:

Yazmaqdan əlavə sübut da etməyə çalışıb :

«Əgər birisi işləyirəm özüm də 200 AZN maaş alıram deyirsə yaxınları ya da onu eşidənlər deyillər ki, pis deyil yaxşıdı. Amma gəlin görək bu 200 AZN maaş alan bir işçi günə nə qədər məcburi pul xərcləyir? 0,70 AZN yol pulu (0,30 metro 0,40 avtobus) 3 AZN yemək pulu. (minimum)
Bu elədi gündəlik 2,70 AZN. Əgər ayda 28 iş günü olduğunu nəzərə alsaq 3,70 * 28 = 103,6....
P.S. Leyla sonda belə bir qərara gəlib ki, 200 manatla dolanmaq mümkün deyil. Bəs onda daha az maaş alanlar nə etsin?

***

Azərbaycanda mobil nömrələrin 80,2%-i aktivdir!

Qverty yazır ki, 2009-cu ildə rabitə sahəsinin gəlirlərinin 70,3%-ni mobil şəbəkə təşkil edib. Bu keçən ilki göstəricilərə görə 11% çoxdur.
2009-cu ildə mobil şəbəkə istifadəçilərinin sayı 1,6 milyon artıb, 7,7 milyona çatıb.
İstifadə edilən mobil nömrələrin 80,2%-i aktivdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG