Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 16:42

KİMDİR GÜNAHKAR?


İlqar İbrahimov anası Şura İbrahimovanın yanlış cərrahi əməliyyatdan sonra vəfat etdiyini deyir. O söyləyir ki, ötən ilin noyabrında anasını öd kisəsində daşdan əziyyət çəkdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər. Xəstəxananın Endoskopik cərrahiyyə şöbəsinin müdiri Kənan Yusifzadə əməliyyatı öhdəsinə götürüb.

İlqar İbrahimov danışır ki, anası şəkər xəstəsidir deyə, onun açıq əməliyyat olunması təhlükəli sayılıb:

«Kənan doktor da bizimlə razılaşdı ki, narahat olmayın, əməliyyat endoskopiya yoluyla olacaq. Anam kök qadındır. Bu da əməliyyat zamanı problem yaradıb. Həkim də açıq əməliyyata keçib, nəinki anamın öd kisəsini götürüb, axarları da kəsib. Biz bunu sonra bildik. Əməliyyatdan sonra isə anama sistemlə litr-litr maye yeritməyə başladılar ki, qadının ağciyərində problem var. Başqa xəstəxanadan həkim gətirdik. Dedi təcili maye yeritməyi dayandırın. Az sonra anam komaya düşdü».

İlqar İbrahimov
İlqar İbrahimov deyir ki, onlar da təcili qadını başqa xəstəxanaya aparıblar. Orda da həkimlər qadının öd axarlarının kəsilməsini aşkara çıxarıblar:

«Biz yenidən Kənan həkimin yanına qayıtdıq. Bizi əmin elədi ki, bir türk həkimi anamı əməliyyat edib süni axar qoyacaq. Anamın bu əməliyyatına 8 min dollardan çox pul verdik. Bir neçə gün sonra isə anam vəfat elədi».

İbrahimovlar ailəsi indi həkimdən şikayətçi düşüb.

Biz də Kənan Yusifzadə ilə əlaqə saxladıq ki, ittihamlara onun münasibətini öyrənək. Amma o dedi ki, İbrahimovlar ona böhtan atır, qadın nə əməliyyatdan sonra, nə də onların xəstəxanasında vəfat edib:

«Onlar düz danışmırlar. Xəstəxana rəhbərliyi də araşdırma aparır».

Şikayətçi İbrahimovlar isə Bakının Xətai rayon Prokurorluğuna müraciət ediblər. Amma iş Bakı şəhər Prokurorluğuna verilib.

İlqar İbrahimov deyir ki, prokurorluqlar işi bir-birinə ötürür, ancaq araşdırma aparılmır.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə əmin edir ki, şikayətlə bağlı araşdırma aparılacaq.

TƏLƏBƏ NƏYİN BADINA GEDİB?


Dövlət Neft Akademiyasında oxusa da, özünü jurnalistikada sınayan Elmin Bədəlov deyir ki, tənqidi yazılarının «bəhrəsi» onu tez yaxaladı: Akademiyadan qovuldu:

Elmin Bədəlov
«Yazılarıma görə Fakültə rəhbərliyi mənə təzyiq göstərmişdi, indi də imtahanlardan kəsildim. Bircə qovulmaq əmrinin verilməsi qalıb».

Elmin Bədəlov Neft-mexanika fakültəsinin 4-cü kursundadır. O, yenidən komissiya ilə imtahan vermək üçün bütün hüquqi imkanlardan istifadə edəcəyini deyir.

Neft-mexanika fakültəsinin dekan müavini Elmar Həsənov isə bildirir ki, Elmin Bədəlova qarşı hər hansı qərəzçilik yoxdur:

«Tələbə imtahanlarını verməyib. 3 imtahandan kəsiri olduğu üçün artıq o biri imtahanlara buraxılmır. Qərəzçilik olsaydı, elə bircə Elmin Bədəlov kəsilərdi. Amma cavab verə bilməyən bir neçə tələbə də «qeyri-kafi» alıb».

Hüquqşünas Azər Nağıyev deyir ki, Elmin Bədəlov məhkəməyə və Təhsil Nazirliyinə müraciət edə bilər. Məhkəmədə o, komissiya təşkil olunması və yenidən imtahan verməsi barədə vəsatət qaldıra bilər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG