Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Bahalı və müvəqqəti gül kolları…


Güllər Hollandiyadan gətirildiyindən onlara daha çox qulluq edirlər
Güllər Hollandiyadan gətirildiyindən onlara daha çox qulluq edirlər
«Bunlar yerli güllər deyil. Ona görə də xırda işləri çoxdur, bizim güllərə baxanda onlara daha çox qulluq lazımdır».

Təzəlikcə bərpadan çıxmış Səməd Vurğun bağında bağbanlar səhər tezdən kiçik qızılgül kollarının arasında vurnuxurlar. Bağbanlardan biri Rzabala Nizaməddinov deyir ki, bu güllər Hollandiyadan gətirildiyindən onlara daha çox qulluq edirlər, tez solmaqlarından qorxurlar:

«BUNLARI ŞƏHƏRİN MERİ GƏTİRDİB»

«Son günlər havalar soyuduğundan görürsüz ki, üstləri qaralıb. Hələ qarı görməyiblər. Qar yağanda bəlkə də çətin olacaq. Bizim güllər yaxşıdır, ətirli olur. Bunlar da yaraşıq üçün yaxşıdır, ancaq ətirləri yoxdur. Bunları şəhərin meri gətirdib, o bilir də niyə görə bunlar əkilməlidir».

Son vaxtlar Bakının parklarında hündürlüyü 3-4 santimetrdən böyük olmayan ağ-qırmızı qızılgül kollarını tez-tez görmək olur. Qışın ortasında qızılgülləri görmək xoşdur. Ancaq bir müddət sonra bu kolları ya solmuş, ya da yerli-dibli yox olmuş görürsən. Bağbanlar deyirlər ki, bu gül kolları baha olduğundan onları daha çox qoruyurlar. Təmizlik işləri ilə məşğul olan Xalid Əliyev deyir ki, bir kolun qiymətinin neçəyə olmasını dəqiq bilməsə də eşidib ki:

«Biri deyir 10 manata, biri deyir 50 manata».

Bu güllər təzəlikcə bərpadan çıxmış Səməd Vurğun bağının böyük bir ərazisini əhatə edir. Bağın açılışında
«O biriləri çıxardıb apardılar, bunu yaxşı bildilər. Ona görə bunları əkirik»
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevə demişdi ki, burda 24 mindən çox dekorativ gül və bəzək kolları əkilib. Yeni qurulmuş Muğam bağında da bu güllərdən çoxdur.

Bu kolları ilk dəfə Bakı sakinləri keçmiş prezident Heydər Əliyevin heykəli qoyulmuş bağda görmüşdülər. Üstündən bir neçə il keçib. İndi bu bağda həmin gül kolları yoxdur. Burdakı bağbanlardan biri Bəhram Hüseynov deyir ki, onları çıxardıblar, mayda keçiriləcək gül bayramı üçün başqa, daha al-əlvan güllər əkirlər:

«O BİRİ GÜLLƏLƏRİ ÇIXARDIB APARDILAR»

«O biriləri çıxardıb apardılar, bunu yaxşı bildilər. Ona görə bunları əkirik. Bunlar da xaricdən gəlib. Gül bayramına qədər çıxacaqlar».

Sabir bağında da vaxtilə bu gül kollarından vardı. İndi onların yerinə başqa güllər əkiblər. Təzəlikcə isə Şəhidlər Xiyabanında həmin bu qızılgül kollarından xeyli əkilib.

Şəhidlər Xiyabanında qızılgül kolları
Milli Elmlər Akademiyasının Botanika bağının baş aqronomu Asəf Mehralıyev deyir ki, bu kollar yerli qızılgül kollarına nisbətən dözümsüzdür. Əgər yerli qızılgül kollarının ömrü 20-25 il olursa, xaricdən gətirilən kolların ömrü ondan qat-qat az olur:

«HƏM BAHALIDIR, HƏM DƏ MÜVƏQQƏTİ»


«Əgər havalar mülayim keçsə, üstündəki güllər 20-25 gün qalır. Şaxta düşsə, çiçəkləri də, yarpaqları da məhv olub gedəcək. Qışda onları əkmək effektli deyil. Çünki onları istixanalardan gətirib əkiblər. Bir az şaxta düşsə, biri də qalmayacaq. Həm bahalıdır, həm də müvəqqətidir. Onları əkmək israfçılıqdır».

Zöhrab İsmayıl
Yerli iqtisadçılarsa Bakıdakı təmir-bərpa işlərinə çəkilən xərclər haqqında ictimaiyyətə məlumat verilməməsindən narahatdırlar. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, burda korrupsiya elementləri olduğu üçün məlumat verilmir:

«İsrafçılıqdan başqa, bu, həm də korrupsiyadır. Bu gün əkirlər, çıxardıb sabah yerinə başqa güllər əkirlər. Yenə pul sərf olunur. Bunlar hamısı büdcə pullarını maksimum dağıtmaq, xərcləmək ehtirasından irəli gəlir. Kimlərinsə qazanc əldə eləməsi üçündür».

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə Bakıda neçə belə gül kolunun əkilməsi, neçəyə başa gəlməsi haqqında sualımıza cavab verən tapılmadı. Elə belə də dedilər, «biz cavab verə bilmərik». Ancaq hər il keçmiş prezident Heydər Əliyevin ad günündə keçirilən gül bayramına 10-15 milyon manat pul xərclənməsini bəzi millət vəkilləri dilə gətirib və bunun israfçılıq olduğunu deyib.
XS
SM
MD
LG