Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

AKP kazarmalara girə bilmədi


Türkiyənin Konstitusiya Məhkəməsi hərbi məkanlardakı təhqiqat və istintaq işlərini mülki prokurorluq və məhkəmələrə verən qanun dəyişikliyini ləğv edib. Məhkəmə bu qərarı yekdilliklə qəbul edib.

AKP hökumətinin Məclisə təqdim etdiyi və iyun ayında gecə yarısı qəbul edilən qanun dəyişikliyinə görə, hərbi məkanlardakı iddialarla bağlı təhqiqat, prokurorluq istintaqı və məhkəmə prosesi səlahiyyəti mülki hüquq orqanlarına verilmişdi.

Qanunu təsdiq edən prezident Abdullah Gül, hərbi və mülki qanunvericiliyin əlaqədar maddələrində təcili dəyişiklik etməsi üçün hökumətə məktub göndərmişdi. Hökumət dəyişikliklərin vacibliyini qəbul etsə də, bunu həyata keçirməmişdi.

Qanunun Konstitusiyaya zidd olduğunu iddia edən ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) onun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Hərbi məkanlardakı istintaq və məhkəmə işlərinin mülki hüquq orqanlarına verilməsi ordunun da narazılığına səbəb olmuşdu. Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğ qanun layihəsi hazırlanarkən hərbçilərin mövqeyinin öyrənilməməsindən şikayət etmişdi.

Hərbi məkanlardakı təhqiqat və istintaq işlərini mülki hüquq orqanlarına verən qanunun Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra hazırda ağır cəza məhkəmələrində davam edən «Dövlət çevrilişi»nə dair proseslərin dayandırılaraq hərbi məhkəmələrə verilməsi gözlənilir.

Məhkəmə qərarının elan edilməsindən sonra açıqlama verən Mədəniyyət və Turizm naziri Ərtuğrul Günay deyib:

«KÖHNƏLMİŞ STRUKTURLAR ƏLLƏRİNDƏN GƏLƏNİ BEŞ QABA ÇƏKİRLƏR»

«Türkiyənin sivilləşməsinin qabağını tıxamaq üçün köhnəlmiş strukturlar əllərindən gələni beş qaba çəkirlər».

Qanun dəyişikliyi barədə Konstitusiya Məhkəməsinə şikayət edən ana müxalifətdəki CHP-nin sözçüsü Mustafa Özyürek isə məhkəmənin qərarına münasibətini bu sözlərlə bildirib:

«Konstitusiyaya zidd dəyişiklik ləğv edilmişdir. Biz inanaraq verdiyimiz bir ərizənin qəbulundan çox məmnun olduq».

AKP hökuməti qanun dəyişikliklərinin Konstitusiya Məhkəməsindən qayıtmaması üçün bəzi qanunları referendum yolu ilə dəyişdirməyi planlaşdırır.

Referenduma hazırlıq müddətinin 120 gündən 45 günə endirilməsini nəzərdə tutan qanun layihəsi Məclisə təqdim edilib.

Konstitusiyada dəyişiklik edə bilmək üçün Məclisin 367 millət vəkilinin səsinə ehtiyacı var.
Qanun dəyişikliyinin referenduma təqdim edilə bilməsi üçün isə ən azı 330 millət vəkili qanunun lehinə səs verməlidir.

Hazırda AKP-nin Məclisdə 337 millət vəkili var. Məclisin AKP-dən seçilən sədri Məhmət Əli Şahin səsvermədə iştirak edə bilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG