Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:20

Haitidə ölənlərin sayı 200 minə çata bilər


BMT baş katibi Ban Ki Mun evsiz-eşiksiz qalmış Haiti sakinləri söhbət edir. Port-a-Prins, 17 yanvar 2010
BMT baş katibi Ban Ki Mun evsiz-eşiksiz qalmış Haiti sakinləri söhbət edir. Port-a-Prins, 17 yanvar 2010
Beynəlxalq təhlükəsizlik qüvvələri 7 ballıq zəlzələ nəticəsində xarabalığa çevrilmiş Haitinin paytaxtı Port-a-Prins şəhərində həm yardım işini sürətləndirir, həm də qarət və zorakılıq hallarına qarşı mübarizə aparır. Zəlzələdən sonra səhiyyə problemi də get-gedə pisləşir. Rəsmilər ölənlərin sayının 200 minə çatacağından ehtiyatlanırlar. Haiti hökumətinin üzvü bildirib ki, artıq 70 min meyit basdırılıb. Onların çoxu kütləvi məzarlıqlara gömülüb.

Bu arada köməyə gələn qruplar təhlükəsizliyin pisləşməsinə görə böyük çətinliklərlə üzləşdiklərini deyiblər. Valideynlərini itirən on minlərlə uşaq isə yetim qalıb. Belə bir çətin vəziyyətdən onları xilas etmək üçün övladlığa götürmək, Amerikaya, ya da başqa ölkələrə göndərmək işi də sürətləndirilib.

Evsiz-eşiksiz qalan minlərlə haitili isə qarət qrupları yaradırlar. Hadisə yerində olan jurnalistlərin məlumatlarına görə, bir çox hallarda əhalinin təhlükəsizliyini təmin etməli olan polis və hərbçilərə rast gəlmək olmur.

BMT Sülhməramlılarının rəhbəri Alen Le Roy deyib ki, zorakılıqların və qarətlərin artmasının əsas səbəbi zəlzələdən sağ çıxmış, lakin vaxtında ərzaq və suyla təmin olunmayan insanların ümidlərinin puç olmasıdır.

Port-a-Prinsin aeroportunun böyük zərər görməsi Dünya Ərzaq Proqramının ən azı yüklə dolu iki təyyarəsinin enməsinə imkan verməyib. Hətta aeroporta enə bilmiş təyyarələr belə gətirdikləri yardımı yanacaq çatışmazlığı və yolların bağlı olmasına görə yerlərə çatdırmaqda çox çətinlik çəkirlər. Aeroportun bərpa olunmasına həftələr, bəlkə də aylar lazımdır.

Dünəndən Amerika ordusu təyyarələrlə Port-a-Prinsin yardım çata bilməyən ərazilərinə havadan ərzaq və su atmağa başlayıb. BMT Sülhməramlılarının rəhbəri Alen Le Roy jurnalistlərə deyib ki, BMT-nin mərkəzi qərargahı paytaxt Port-a-Prinslə qonşu Dominikan respublikası arasında humanitar dəhliz yaratmağa başlayıb:

«Biz bu dəhlizi yardımda iştirak edən ölkələrlə birlikdə yaradırıq. Şübhəsiz ki, bu dəhlizi qorumaq üçün bizə hərbçilər lazım gələcək. Dominikan Respublikası bizə artıq 800 nəfərlik tabur göndərməyə söz verib».

BMT-nin Təhlükəsizlik Şurası da günün sonuna qədər Haitiyə əlavə 3500 sülhməramlı göndərməyi təsdiqləyəcək. Bu təkliflə BMT-nin baş katibi Ban ki-Mun Haitidən qayıtdıqdan sonra çıxış edib:

«Mən Təhlükəsizlik Şurasına tövsiyə etmişəm ki, 6 ay müddətində polis qüvvələrini əlavə 1500, hərbçiləri isə 2000 nəfər artırsınlar».

Hazırda BMT-nin Haitidə 9 minlik qüvvəsi var. ABŞ da adaya 2000 dəniz piyadası göndərməyi planlaşdırır. Adada Birləşmiş Ştatların 1700 hərbçisi var. Ümumilikdə isə həm Haitidə, həm də dəniz tərəfdə 2000 qoşun gələndən sonra Amerika qüvvələrinin sayı 10 minə çatacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG