Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

Rusiya 20 Yanvarla bağlı istintaq materiallarını Azərbaycana vermir


“20 yanvarla bağlı Rusiya hüquq mühafizə orqanları Azərbaycana hələ də cavab vermir”. Respublika Prokurorluğunun 20 Yanvar faciəsinin istintaqı ilə bağlı yaydığı məlumatda bildirilir ki, 20 yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb. Baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinib və 1990-cı il 20 dekabr tarixli qərarla cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu isə 1992-ci fevralın 14-də xitam qərarını ləğv edib. Həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətfən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Respublika Prokurorluğu bildirir ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxsin qətlə yetirilməsi, 612 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyməsi istintaqla müəyyən edilib.

Hadisə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək, axtarış elan edilib. Cinayətdə təqsirli bilinən, həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Mətbuat xidməti qeyd edir ki, cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

XS
SM
MD
LG