Ermənistan və Rusiya prezidentləri Moskvada Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişini müzakirə edirlər.
Serj Sarkisyan Moskvaya bu gün axşam saatlarında gedib və Dmitri Medvedevlə Moskva ətrafındakı prezident sarayında görüşüb. Qısamüddətli səfər Rusiya prezidentinin dəvəti ilə baş tutur.
Ermənistan prezidentinin mətbuat xidməti Moskvada Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsinin müzakirə ediləcəyini də istisna etməyib.
Bu görüş haqqında Rusiya prezidentinin rəsmi saytında yayılan məlumatda deyilir ki, dövlət başçıları ölkələri arasında iqtisadi əlaqələrin vəziyyətini, xarici siyasət məsələlərini və bir neçə ciddi layihələri müzakirə edəcəklər.
Dmitri Medvedev həmçinin bildirib ki, onlar Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər: “Ümid edirəm ki, iqtisadi böhranın pik vaxtı artıq başa çatır. Biz də biz iqtisadiyyat, hərbi və xarici siyasət sahələrində əməkdaşlığımızı daha da genişləndirəcəyik”.
Ermənistan prezidenti Serj Sarkisyan da rusiyalı həmkarına və Rusiyaya regionda sülh və təhlükəsizliyin qorunmasında yardımı üçün təşəkkür etdiyini bildirib.
Rəsmilər Rusiya ilə Ermənistan arasında daha çox ticarət və iqtisadiyyat, yanacaq-energetika, hərbi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini bildirirlər. Rəsmilər keçən ili Ermənistanla Rusiya arasında ticarətin 20 faizdən çox düşməsindən narahatdırlar.