Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:41

«Bu, vətəndaşı ələ salmaqdır»


Bakının mərkəzində yerləşən notarial kontor, 15 yanvar 2010
Bakının mərkəzində yerləşən notarial kontor, 15 yanvar 2010
Notarial kontor işçilərinin sözlərinə görə, yanvarın 1-dən vətəndaşlar notariusa daha çox şəxsiyyət vəsiqələrinin surətinin təsdiq edilməsi üçün müraciət edir. Bakının mərkəzində yerləşən notarial kontorda çalışan Sevinc Qasımova deyir ki, hər iki nəfərdən biri kontora məhz bunun üçün gəlir:

«DAHA ÇOX ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİN SURƏTİNİ TƏSDİQ ETDİRMƏK ÜÇÜN GƏLİRLƏR»

- Yeni ildən müraciət edənlər çoxalıb. Daha çox şəxsiyyət vəsiqələrinin surətini təsdiq etdirmək üçün gəlirlər.

- Şəxsiyyət vəsiqələrinin surəti daha çox hansı orqana təqdim edilmək üçün verilir?

- Dövlət Sosial Müdafiə Fonduna.

Əlində şəxsiyyət vəsiqəsinin surəti notariusun qapısındakı uzun növbədə gözləyən bir yaşlı insana yaxınlaşıdıq. Özünü Vaqif Cəbrayılov kimi təqdim edən Bakı sakini deyir ki, ondan da şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini Dövlət Sosial Müdafiə Fondu tələb edib:

- Təqaüdümlə bağlı sənədlərimdə yeniləşmələr olmalıydı. Başqa sənədlərlə yanaşı Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsindən mənə bildirdilər ki, şəxsiyyət vəsiqəmi notariusda təsdiq etdirib gətirməliyəm.

«HANSI ORQANLAR TƏLƏB EDİR, BİZ DƏ TƏSDİQ EDİB VERİRİK»

Notarius İlham Məmmədov isə deyir ki, yeni ildən heç bir yeni qayda və ya təlimat almayıblar:

- Hər hansı sənədin notarial qaydada təsdiqi ilə bağlı qərarlara düzəliş edilməyib. Yanvarın 1-nə qədər də bir sıra dövlət orqanları vətəndaşlardan şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsini tələb edirdi. Hansı orqanlar tələb edir, biz də təsdiq edib veririk.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya Şöbəsinin müdiri Elşən Məmmədəliyev isə bu qaydanın 2009-cu ildən qüvvədə olduğunu deyir:

İntiqam Əliyev
- Vətəndaş hər hansı dövlət orqanına sənəd təqdim edəndə, ondan həmin sənədin notarial qaydada təsdiq edilmiş surətini tələb edirlər. O sıradan da Dövlət Sosial Müdafiə Fondu. Biz bu sənədi vətəndaşla bağlı yanlış informasiyaların qarşısının alınması üçün tələb edirik.

«BU, VƏTƏNDAŞI ƏLƏ SALMAQ DEMƏKDİR»

Hüquqşünas İntiqam Əliyev isə deyir ki, vətəndaşdan şəxsiyyət vəsiqəsinin surətinin notariusda təqdim edilməsini tələb etmək dövlətin öz verdiyi sənədə şübhə etməsi anlamına gəlməklə yanaşı, həm də qanun pozuntusudur:

- Dövlətin adından verilən hər hansı sənədin notariusda təsdiqini tələb etmək vətəndaşı ələ salmaq deməkdir. Dünyanın heç bir sivil ölkəsində vətəndaşdan belə bir sənəd tələb edilmir. Normal ölkələrdə bu informasiyalar dövlət reyestrində toplanır. Dövlətin əgər vətəndaşın təqdim etdiyi sənədin saxta olmasına şübhəsi varsa, bunu vətəndaşın hesabına etməməlidir. «İnzibati icraat haqqında» qanunda dövlət orqanlarına vətəndaşın üzərinə belə bir öhdəlik qoymaq qadağan olunur, bu vəzifə dövlət orqanının öz üzərinə qoyulur. Bu məsələ açıq-aşkar özbaşınalıq, qanunsuzluqdur.

«SADƏ MƏNTİQ BUNU İNKAR EDİR»

İqtisadçı Rövşən Ağayev isə deyir ki, bu yolla əlavə gəlir mənbəyi yaradılıb:

- Vətəndaş şəxsiyyət vəsiqəsini özü ilə hər hansı orqana aparırsa, onun təsdiqinə hansı ehtiyac ola bilər? Sadə məntiq bunu inkar edir. Heç bir vətəndaş hər hansı dövlət orqanında haqqında yanlış informasiyanın qeydə alınmasında maraqlı ola bilməz. Çünki bu, onun özü üçün problemə çevrilə bilər.

Rövşən Ağayev deyir ki, dövlətin bir sıra sahələrdə «bir pəncərə» sisteminə keçidlə bağlı dediklərinin arxasında reallıq dayanmır. Onun sözlərinə görə, hökumət bu cür absurd qaydalarla əslində vətəndaşa yeni maneələr yaradır.
XS
SM
MD
LG