
Ötən gün girov müqabilində azadlığa buraxılan İbrahim Asimani deyir ki, Çingiz Bəxtavərin dəfn mərasimindən dönərkən 12 nəfərlə birgə həbs edilib. Həbs olunan gün hamı bir otaqda beton döşəmənin üstündə yatıb. Hərdən-bir onlara işgəncə də verildiyini bildirən İ.Asimani deyir ki, onlara böhtan atılırmış ki, guya ölkənin ali dini lideri haqqında hansısa təhqiramiz ifadələr işlədiblər.
İ.Asimani deyir ki, onunla birgə Məhəmmədriza Yusifi də azadlığa buraxılıb. Onun sözlərinə görə, 30 milyon tümən girov müqabilində İbrahim Fərəczadənin də yaxın vaxtlarda azadlığa çıxacağı gözlənilir.
Qalan azərbaycanlı fəallar - Hadi Mürtəza Salib, Əli Təhmtan, Riza Əbri, Huşəng Rizayi, Fərzin Əsgəri, Əli İmani, Yaqub Vücudi isə iki həftədən çoxdur ki, həbsdə saxlanılır.
Dekabrın 29-da Təbrizdə milli faəl Çingiz Bəxtavərin dəfn mərasimi mitinqə çevrilib və orada çıxış edənlər milli şüarlar səsləndiriblər. Mərasim zamanı 20-dən artıq azərbaycanlı fəal həbs edilib.
Həbs olunanların bəzilərinin ailələrindən AzadlıqRadiosuna verilən məlumata görə, onlara həbslərin səbəbi və həbs olunanların harada saxlanıldıqları barədə məlumat verilmir. Onların sözlərinə görə, xüsusi xidmət orqanları tərəfindən təzyiq və təqib olunurlar.
53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində vəfat edib. Həkimlər onun infarktdan dünyasını dəyişdiyini bildirirlər. Yaxınları isə Çingiz Bəxtavərin səhhətindən heç bir şikayətinin olmadığını əsas gətirərək ölümün müəmmalı olduğunu deyirlər.