Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:26

Müxalifət parlament seçkilərinə necə hazırlaşır?


Parlament seçkilərinə cəmi 10 ay qalsa da, müxalif düşərgədə bu prosesə hələ ki, ciddi hazırlıq müşahidə edilmir. Hərçənd onlar bu məsələylə bağlı müəyyən planlarının olduğunu söyləyirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, əsas məqsədləri cəmiyyətin fəallığını artırmaqdır. Bundan başqa seçki qanunvericiliyinin təkmilləşməsinə və əsas müxalifət qüvvələrinin inteqrasiyasına nail olmaq istəyirlər. Ancaq müxalifət bunu artıq bir neçə dönəmdir deyir və vəziyyət dəyişmir. Belə olan halda müxalifət görəsən parlamentdə neçə yerə ümüd edir?

MÜXALİFƏT PARLAMENTDƏ NEÇƏ YERƏ ÜMİD EDİR?

AXCP sədri bununla bağlı hər hansı bir rəqəm dilə gətirmir. O bütünlükdə etiraf edir ki, ölkədə azad və ədalətli seçkilər imkanı sıfıra yaxındır:

«Əlbəttə demokratik seçki şəraiti yoxdur. Ancaq bundan vətəndaşlar pessimizməmi qapılmalıdırlar? Hər şeyi atıb bir tikə çörəyin dalıncamı getməlidirlər? Yox! Bu şərait gələcək. Bu ildə olmasa növbəti illərdə gələcək».

İndisə görək, müxalifət bu vəziyyəti dəyişmək üçün hansı addımları atmaq niyyətindədir?

MÜXALİFƏT VƏZİYYƏTİ NECƏ DƏYİŞMƏK İSTƏYİR?

Müsavat partiyasının başqanı İsa Qəmbər deyir ki, onlar vəziyyətin dəyişməsi üçün ilk növbədə qanunvericilik təşəbbüsləri ilə çıxış etmək niyyətindədirlər. Bundan başqa qaldırdıqları məsələləri cəmiyyət daxilində də aktuallaşdırmağa çalışacaqlar:

«Eyni zamanda kütləvi tədbirlər barədə düşünəcəyik. Çünki kütləvi aksiyalar həm ideyaların cəmiyyətə yayılması və həm də sərbəst toplaşmaq azadlığının təmin edilməsi baxımından çox vacibdir».

Başqa müxalifət partiyalarının rəhbərlərinin də dilindən seçkiyə hazırlıqla bağlı oxşar fikirlər eşidilir. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev üstəlik deyir ki, onlar artıq dairələr üzrə namizədlərini müəyyən etməkdədirlər. Bir sıra dairələrdə də müxalifətin daha münasib namizədlərinin dəstəklənməsi istiqamətində müzakirələrə hazırdılar:

«Bu hakimiyyətlə daha ciddi mübarizə aparılmalıdır. Bu da birlikdə mübarizə aparmaqla mümkün ola bilər».

Ancaq bütün hallarda əksər müstəqil təhlilçilər müxalifətin vəziyyəti dəyişə biləcəyinə inanmırlar. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, yalnız fors major hadisə bu vəziyyəti dəyişə bilər. Əks halda nə müxalifət, nə də Azərbaycan cəmiyyəti dəyişiklik gücündədir. Rauf Mirqədirov deyir ki, bu parlament seçkilərində az-çox rəqabət hakimiyyət daxili quruplaşmalar arasında gedəcək. Ancaq bu da seçkidə heç həlledici amil olmayacaq.

MÜXALİFƏT HƏR SEÇKİ ZƏİFLƏYİR…

Rauf Mirqədirov deyir ki, müxalifət hər seçki zəifləyir. Onun hesablamalarına görə, əgər son parlament seçkilərində YAP-dan başqa bütün partiyalar cəmi 10 faiz yer tutmuşdularsa, son bələdiyyə seçkilərində bu göstərici 5 faizə endi. Vəziyyətin dəyişməyəcəyi təqdirdə bu göstərici sıfıra da düşə bilər:

«Sovet dövrü seçkilərdə belə bir şüar vardı. «Kommnistlərlə bitərəflərin sarsılmaz blokuna 100 faiz nail olmaq». Biz bu 100 faizə yaxınlaşmaqdayıq».

Rauf Mirqədirov deyir ki, bütün bunlar da artıq Azərbaycanda seçkilərin formal bir prosedura çevrildiyindən xəbər verir.
XS
SM
MD
LG