Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:47

Ərdoğanın Kreml gündəliyi


Türkiyə və Rusiyanın baş nazirləri Rəcəb Tayyib Ərdoğan (solda) və Vladimir Putin (sağda) Ankarada mətbuat konfransında, 6 avqust 2009
Türkiyə və Rusiyanın baş nazirləri Rəcəb Tayyib Ərdoğan (solda) və Vladimir Putin (sağda) Ankarada mətbuat konfransında, 6 avqust 2009
Moskvada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putin və prezident Dmitri Medvedevlə görüşəcək.
Ərdoğan bu səfərə Xarici İşlər, Enerji, Xarici Ticarət nazirləri ilə gedib.

Bu, Rusiyanın baş naziri Vladimir Putinin keçən ilin avqustunda Türkiyəyə səfərinə cavab görüşüdür. Həmin səfər zamanı Putin Cənub Axını qaz kəmərinə dəstək almışdı.

Bu kəmər Qara Dənizdə Türkiyə sularından keçməklə Avropaya qaz çatdırmaq üçün nəzərdə tutulur. Rusiyanın bu layihəsi Avropa Birliyinin himayəsində olan Nabukko qaz kəmərinə alternativ hesab edilir.


TÜRKİYƏ AVROPANIN YANINDA DEYİL?
AzadliqRadiosunun müxbiri Brian Whitmore söhbətdə regionu izləyən ekspertlərin əksəriyyəti, o cümlədən də ABŞ-dakı Rusiya üzrə ekspert Nikolas Qvosdev müxbirimizə bildirib ki, son illər Türkiyə öz müstəqil addımları ilə “Vaşinqton nə istəsə, Ankara da onu edəcək” kimi çoxdan formalaşmış təsəvvürləri aradan qaldırmaqdadır:

- Uzun illərdir ki, formalaşmış fikirlər var. Qərbdə elə düşünürlər ki, Türkiyə bütün məsələlərdə avtomatik olaraq, ABŞ, Avropa, NATO xəttini müdafiə edir. Halbuki artıq, belə deyil. Bugünlər Türkiyə daha müstəqil siyasət aparmaqdadır. Onun addımları öz maraqları üçündür, təsəvvür edildiyi kimi Vaşinqtonun maraqları üçün yox.
Rusiyanın tikmək istədiyi Cənub Axını qaz kəmərinin xəritəsi

Amma heç də bütün ekspertlər Türkiyə ilə Rusiya arasında sıx əlaqələrin Avropanın maraqlarına zidd olduğunu düşünmürlər.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə layihəsinin direktoru Bülənt Əlirza müxbirimizə bildirib ki, Türkiyənin addımları ABŞ prezidenti Barak Obamanın Rusiya ilə münasibətləri yenidən başlamaq siyasətinə uyğundur:

- Türkiyənin baxışına görə onlar Rusiya, Avropa və ABŞ-la siyasətləri arasında bir balans yaradırlar. Ankara hesab edir ki, Vaşinqton buna qarşı olmamalıdır.

“Reuters” agentliyi üçün Ərdoğanın Moskvaya səfərini təhlil edən Orhan Coşkun adlı müəllif bu səfərdə Ankara üçün bəzi risklərin də olduğunu yazır. O qeyd edir ki, Qərbin Rusiya ilə rəqabəti kəskinləşəcəyi halda Moskva ilə əlaqələrini sıxlaşdırmış Ankara olduqca çətin seçim qarşısında qala bilər.

MOSKVA İLƏ ANKARANI YAXIN EDƏNLƏR
Brian Whitmore isə yazır ki, hazırda Ankara ilə Moskvanın ortaq maraqları çoxdur. Onların hər ikisi Qərbdən – Avropa Birliyindən gileylidir, hər ikisində keçmiş imperiyanın nostalgiyası qalır. İranın nüvə proqramına görə yaranan vəziyyətə də Ankara ilə Moskvada təxminən eyni fakir var.

Onlar yalnız Balkanlarda rəqabət aparırlar. Rusiya ortodoks xristian Serbiyanı, Türkiyə isə müsəlman Bosniya, Kosovo və Albaniyanı müdafiə etməkdədir.

ANKARA İLƏ MOSKVA NƏLƏRİ SÖVDƏLƏŞİR?

Avropanın çıxarlarına zidd olsa da Türkiyə artıq Rusiyanın Cənub Axını qaz kəmərinə razılıq verib. Amma Cənub Axını Ərdoğanın səfəri zamanı müzakirə olunacaq çox sayda enerji layihələrindən cəmi biridir.
Türkiyə və Rusiyanın baş nazirləri Vladimir Putin (solda) və Rəcəb Tayyib Ərdoğan (sağda) Ankarda kəmərə dair razılaşma imzalayırlar, 6 avqust 2009

Türkiyə də Samsundan Ceyhana neft kəməri çəkməyi planlaşdırır. Moskva da bu kəmərə neft verməyə razılaşıb. Rusiyanın enerji nəhəngi “Qazprom” Türkiyə və İtaliyanın Eni şirkətinin ortaq olduğu bu yeni kəmərdə pay almaq istəyir. Sabah Kremldə bu məsələ də dəqiqləşdiriləcək.

Bundan başqa, Rusiyadan Türkiyəyə qaz nəql edilən Mavi Axın kəmərinin ikinci qolunun tikintisi də gündəlikdədir.

Müzakirədəki başqa bir enerji mövzusu Rusiyanın Türkiyə üçün tikmək istədiyi atom elektrik stansiyalarıdır. Keçən il Putinin Ankaraya səfəri zamanı bu da ilkin olaraq razılaşdırlmışdı.

Təhlilçilər deyirlər ki, Kreml Türkiyə ilə siyasətində Almaniya siyasətindən istifadə edir. Almaniyada olduğu kimi Türkiyə şirkətlərinə də elə sərfəli layihələr təklif edilir ki, bundan imtina etmək sadəcə mümkün olmur.

ƏRDOĞANIN QARABAĞ XAHİŞİ
Rəsmi məlumata görə Rəcəb Tayyib Ərdoğanın gündəliyindəki məsələlərdən biri də Qafqazda təhlükəsizlikdir. Qarabağ münaqişəsini Türkiyənin xarici siyasətində əsas problemlərindən biri olduğundan Ərdoğanın Putindən həmin münaqişənin həlli üçün daha fəal rol oynamağı xahiş edəcəyi gözlənir.

Sabah Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Ermənistana gedir. Onun Türkiyə ilə Rusiya arasında müzakirələrdən Yerevanda yaranan narahatlıqları yumşaltmağa cəhd edəcəyi haqqında fikirlər var.

Amma ekspertlər arasında Lavrovun bu səfərindən sonra Ermənistandan narazılıqların alovlanacağını gözləyənlər də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG