Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

«Məntəqələrin çoxunda nəticələr ləğv edilməli idi»


Sabirabad sakinləri MSK-nın qarşısında seçkilərin nəticələrinə etiraz edirlər, 5 yanvar 2010
Sabirabad sakinləri MSK-nın qarşısında seçkilərin nəticələrinə etiraz edirlər, 5 yanvar 2010
Mərkəzi Seçki Komissiyası (MSK) 5 bələdiyyə üzrə 23 dekabr seçkisinin nəticələrini ləğv edib. Bu sırada Masallıdakı Boradıgah bələdiyyəsi də var. Seçkiyə həmən dairədən bələdiyyə üzvü kimi qatılan, sonradan isə nəticələrdən şikayətçi olan Ədalət Əhmədov deyir ki, seçkinin nəticələrinin 5 məntəqə üzrə saxtalaşdırılması haqqında ciddi faktları var. Saxtalaşdırma faktlarından MSK-ya seçkidən dərhal sonra şikayət göndəriblər. MSK isə öncə məsələnin DSK-da araşdırılmasını qərara alıb:

- 71 saylı Masallı DSK MSK-ya saxtalaşdırılmış protokollar göndərmişdi. Bizim protokollarla DSK-nın protokolları arasında ciddi fərqlər vardı. Seçkidə böyük üstünlüklə irəlidə olan 6 nəfərin yerinə DSK olduqca az səs toplayan 6 nəfəri qalib elan eləmişdi. Sonda şikayətlərimiz araşdırıldı və MSK seçkinin nəticələrini ləğv etdi.

KOMİSSİYANIN İŞLƏMƏSİNƏ POLİS İMKAN VERMƏYİB

Sabirabadın Qaragünə bələdiyyəsi üzvlüyünə keçmiş namizəd Bəxtiyar Ələkbərov isə deyir ki, onların çoxsaylı şikayətləri düzgün araşdırılmayıb. Bu səbəbdən bələdiyyə ərazisində yaşayan 500-ə yaxın vətəndaşın seçkinin nəticəsinin ləğv edilməsi haqda şikayəti təmin olunmayıb. MSK-nın kəndə göndərdiyi komissiyanın işləməsinə isə polis imkan verməyib:

- MSK komissiya göndərəndə polis şikayətçilərin heç birini onlara yaxın buraxmadı. Bu haqsızlığa dözə bilmirik. Nəticələrin ləğvini tələb edirik. Sənədlərimizi toplayıb məhkəməyə müraciət etməyə hazırlaşırıq.

Bəxtiyar Ələkbərov deyir ki, ən böyük saxtalaşdırma YAP-ın irəli sürdüyü qadın namizədlərlə bağlı olub:

- Elə məntəqə var ki, orada qadın namizəd 0 səs toplayıb, məntəqə sədri də bunu elan edib, protokolda yazıblar ki, həmin insan guya 150 səs toplayıb. Elə qadın namizədlər var ki, heç özlərinə səs vermək üçün də məntəqəyə gəlməmişdilər. Onları qalib elan ediblər. Bu yaşa gəlmişik, belə saxta seçki görməmişik.

Sabirabad polisindən isə bildirirlər ki, nə seçki günü, nə də seçkidən sonra polis seçki prosesinə qarışmayıb.

Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı yekun protokolu imzalayır, 11 yanvar 2010
Öncə DSK-da bələdiyyə üzvü seçildiyi elan edilən, 2 gün sonra isə MSK-nın saytında seçkini qazananlar arasında adını tapmayan İmişlinin Qaragünə bələdiyyəsinə keçmiş namizəd Hörmət Salahov da seçki şikayətlərinin bütünlüklə araşdırılmamasından şikayətçidir:

ŞİKAYƏTLƏRİMİZİN HEÇ BİR NƏTİCƏSİ YOXDUR

- Nəticələr elan olunandan 2 gün sonra 8 nəfər qalibin adını çıxarıb 8 nəfər olduqca az səs toplayan insanı qalib elan ediblər. MSK-dan başlayaraq ölkə prokurorluğuna qədər bütün instansiyalara şikayət göndərmişik. Nəticələrin elan olunmasına 2 gün qalıb, şikayətlərimizin heç bir nəticəsi yoxdur.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi Bəşir Süleymanlı düşünür ki, budəfəki seçki Azərbaycanın çağdaş tarixinə nəticələrindən ən çox şikayət olunan seçki kimi düşəcək:

MƏNTƏQƏLƏRİN ÇOXUNDA NƏTİCƏLƏR LƏĞV EDİLMƏLİ İDİ


- Həm siyasi partiyalardan, həm bitərəflərdən, həm də hakim YAP-dan MSK-ya görünməmiş sayda şikayətlər göndərilmişdi. Dəfələrlə etiraz aksiyaları keçirildi. Bizim də araşdırmalarımız göstərir ki, məsələyə ədalətli yanaşma olsaydı məntəqələrin çoxunda nəticələr ləğv edilməli idi. Çox təəssüf ki, MSK yalnız bir neçə məntəqənin nəticələrini ləğv eləməklə şikayətlərin araşdırıldığı görüntüsü yaratmaq istəyir. Bu addımlar seçkinin nəticələrinə təsir edəcək gücdə deyil.

MSK sədri Məzahir Pənahov isə qurumun yanvarın 11-də keçirilən toplantısında seçkinin ədalətli keçirildiyini elan edib və MSK üzvlərini seçkinin başa çatması münasibətilə təbrik edib:

- Hörmətli komissiya üzvləri, mən seçkinin - xalqımız üçün əhəmiyyətli bir prosesin uğurla başa çatması münasibətilə sizin hamınızı təbrik edirəm. MSK sədri kimi sizə minnətdarlığımı bildirirəm ki, bu proseslərdə qanunun tələbinə uyğun olaraq bütün addımları həm komissiya üzvü, həm də Azərbaycan vətəndaşı olaraq çalışmısınız ki, bu proseslər yüksək səviyyədə, demokratik standartlara cavab verən səviyyədə həyata keçirilsin.

MSK sədri onu da bildirib ki, quruma daxil olan bütün şikayətlər cəddi araşdırılıb, nəticələr isə yaxın 2 gündə elan ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG