Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:02

"Burada Kilroy olmuşdur"


İbrahim Safi
İbrahim Safi
NAXÇIVANLI RƏSSAMIN TABLOSU YARIM MİLYON DOLLARA

83 yaşlı Naci ağabəy yenə öz böyüklüyünü göstərir.

Egey dənizi sahilindəki Kuşadası qəsəbəsinə 10 ildir ki, köçüb-ancaq İstanbula ayağı dəyər-dəyməz, sağ olsun, görməyə gəlir. İçəri girər-girməz İbrahim Safidən danışmağa başlayır - ta ki, gözləri dolana qədər.

3 ay qabaq gələndə dedi ki, Safinin 2 məktubu var - onları sənə verəcəyəm. Hay-hay, Naci ağabəy. İbrahim Safinin məktublarını gözləycəyəm...

Xüsusilə, 90-cı illərin əvvəlində Azərbaycandan Türkiyəyə gələn rəssamların əksəriyyəti uzun müddət bazara “Türkiyədə təsviri sənət yoxdur” - əda və təkəbbürü ilə hava basırdılar.

Üstündən 20 il keçəndən sonra bu “hava”nın qoxusu səngiyib, çünki ağlı başında olan hər kəs baxıb gördü ki, Türkiyədə təsviri sənət də var, sənətkar da.

Mənə manənd bir divanə

surət bağlamaz guya kim,

Qələm sındırdı təsvirim
çəkəndən sonra nəqqaşım.


Məhəmməd Füzuli
Müqayisə aparanlar buna da əmin oldular ki, Azərbaycanda Bəhruz Kəngərli ilə başlayan (Əlibəy Hüseynzadənin başda “Bibiheybət məscidi” olmaqla bir neçə tablosunu saymazsaq) professional rənggarlığın təxminən 90 yaşı var.

Türkiyədə isə yağlı boya rəssamlığının tarixi XVİİİ əsrdən başlayır və burdakı təsviri sənətin 200 ilə yaxındır ki, Avropa ilə üzvi bağları vardır.

Bəhruz Kəngərli dedik, 90 il dedik. Elə 90 il əvvəl oradan buraya gələn bir sənətkar Türkiyənin təsviri sənət tarixinə “Burda Kilroy olmuşdur” - sözlərini yazıb-gedib.

Buradakı adı - soyadı İbrahim Safidir. 83 yaşlı kolleksiyaçı Naci Tərzi İbrahim Safi barədə danışanda, bir qayda olaraq, göz yaşı yanaqlarını isladır...

Ordakı adı - Rəhman Səfiyev olub. 1898-ci ildə Naxçıvanın Baş Noraşen kəndində anadan olub.

İrəvan gimnaziyasında rəsm təhsili görüb. Naxçıvan Qərb cəbhəsi komandanı Kazım Karabəkir paşanın nəzarəti altında olanda - 1918-ci ildə Türk ordusuna qoşulub İstanbula gəlib.

İbrahim Safi "Eminönü"
Yol təəssüratını indi qiyməti 500 min dollar olan “Karvansaray” adlı iri həcmli tablosunda ifadə edib.

ATATÜRKÜN PORTRETİNİ NATURADAN ÇƏKİB

İstanbulda 20-ci illər Türk rəsm sənətinin öncüllərindən olan İbrahim Çallı və Namık İsmailin emalatxanalarında özünü püxtələşdirən İbrahim Safi 1924-25-ci illərdə iki dəfə Atatürkün naturadan portretini çəkib.

Maddi sıxıntılar uzun müddət Türkiyədə tablo bazarının inkişafına imkan vermədiyinə görə, İbrahim Safi də bu sıxıntılardan artıqlaması ilə nəsibini alıb.

Günün 15-16 saatini rəsm çəkməklə keçirən Safinin menyusu illər uzunu balıq-çörəkdin ıbarət olub.

Bəlkə elə bu maddi sıxıntının təsiri ilədir ki, 1953-də - 55 yaşında ikən yunan qadın Zaxarina ilə evlənib.

Naci ağabəydən soruşanda ki, “Safi niyə 55 yaşında - özü də nəvə-nəticəsi olan bir yunan qadınla evləndi?”- cavabı həmişə belə olur: ”O vaxt rəssama qız verən kim idi? Rəssamda pul var idi?

Safi və yaxın dostu Naci Kalmıkoğlu Çiçək pasajındakı qaraçılarla vəziyyətdən çıxış yolu tapırdılar”. (Sosialist inqilabından sonra Rusiyadan qaçan Nikolay Kalmıkov Türkiyədə Naci Kalmıkoğlu kimi tanınır. İbrahim Safi ilə yaxın dost olublar. 1959-da vəfat edib).

60-70-ci illərdə Türkiyədə yağlıboya tablolarına meyl yarananda İbrahim Safinin də, “bazarı açılır”.

O illərdə tablo satışından xeyli pul qazanmasına baxmayaraq, İbrahim Safi heç vaxt özünü xoşbəxt hiss edə bilmir.

AZƏRBAYCANLI RƏSSAMIN ŞƏKİLLƏRİNİ SATMAQLA ÖZÜNƏ EV ALDI

Naci Tərzi bunun səbəbini belə izah edir:”Mənə həmişə deyərdi ki, həyatda çox maddi sıxıntım olub.

İndi rahat həyat yaşasam da, özümü xoşbəxt hiss etmirəm.

Çünki doğulduğum torpağın həsrəti məni heç vaxt tərk etməyəcək.

Onun qədər əli açıq rəssam bir daha Türkiyəyə gəlməyəcək.

Tez-tez Yunanıstana gedib-gəlirdi. Avropanın bir çox ölkəsində sərgi açdı.

Oralara getmək üçün sənəd-mənəd işlərini mən həll etdiyimə görə, həm tabloları mənə ucuz qiymətə verirdi, həm də arada-bərədə tablo hədiyyə edirdi.

Onun 20 tablosuna o vaxtlar özümə bir ev aldım.

Səlim Turan
Türkiyəyə “rəng” anlayışını gətirən adam - İbrahim Safidir.

Müştəriləri, əsasən, yəhudilər idi. Yaşayarkən qiymətini onlar vermişdi. Türk və Avropa bazarında 10 mindən artıq tablosu satıldı.

Doktoru vardı - Ənvər Tali. Ona da həm ucuz, bəzən də hədiyyə tablo verirdi. Ənvər Talidəki 350 tablo bu gün ən azı 7 milyon dollar edər”.

İbrahim Safi 1983-cü il mayın 5-də 100-cü fərdi sərgisinin açıldığı gün 85 yaşında vəfat edib.Ölümündən sonra yunan qadın Zaxarina ən yaxşı əsərlərini Afinaya aparıb, qalanların böyük qismini isə İstanbulda satıb.

1990-da Roche dərman firması İbrahim Safinin iri həcmli kitabını buraxıb. İbrahim Safi Türkiyənin son 150 ildə yetişdirdiyi rəssamlar - Halil Paşa, Nazmi Ziya, İbrahim Çallı və Hikmət Onatla birlikdə 5 önəmli peyzaj rəssamından biridir.

“TOĞRUL NƏRİMANBƏYOV MƏNƏ HƏRARƏTLİ MÜNASİBƏT GÖSTƏRMƏDİ”

1924-cü ildə Naxçıvandan Türkiyəyə gələn ikinci rəssam Kazım Muğandır.Sosialist inqilabından əvvəl Moskvadakı Surikov adına Rəssamlıq akademiyasında oxuyan Kazım bəy daha sonra Kiyev universitetinin hüquq fakültəsini bitirib.

Türkiyənin tanınmış vəkillərindən olmasına baxmayaraq, sənət həyatından heç vaxt uzaqlaşmayıb.30-cu illərdə Karsda İstiqlal savaşının qəhrəmanlarına heykəl qoyub.

Daha çox portret janrında işləyib.Sağlığında əsərlərinin çoxunu satdığına və ya hədiyyə verdiyinə görə, oğlu, İstanbul universiteti diş həkimliyi fakültəsinin keçmiş dekanı, professor Nuri Muğanda portret janrında işlədiyi bir neçə tablosu qalıb.

Atası ilə bağlı xatirələrinə Nuri bəy həmişə burdan başlayır:”Baş Noraşendəki məktəbin binası atamgilin olub.

Naxçıvan Türkiyənin himayəsində qalsaydı, məktəb də əlimizdən çıxmayacaqdı.

Nərimanbəyovlar bibim uşaqlarıdır.

85-də Bakıya gedib Arifi tapdım.

Toğrul mənə o qədər də hərarətli münasibət göstərmədi.

Atam rəsm çəkəndə hər şeyi unudurdu.

Barmaqlarının arasındakı siqaret axıra qədər yanıb bitirdi-ancaq atam bunu hiss etmirdi.

İndi mənim də həyatda ən çox zövq aldığım şey-rəsm çəkməkdir.

Emalatxanama gəlməyini istəyirəm.Ən çox nəyə sevinərəm-bilirsənmi?

Azərbaycanın mədəniyyət nazirliyinin bircə dəfə bu rəssamlarla maraqlanmağına”...

Səlim Turan "Sarıkız efsanesi"
Şairliyi, filosofluğu, həkimliyi, mühərrirliyi ilə tanıdığımız Əlibəy Hüseynzadənin rəssamlığı da o biri işləri qədər kamildir.

Əlibəyin oğlu Səlim Turan avanqard Türk rəsminin qeydsiz-şərtsiz bayraqdarıdır.

1915-ci ildə İstanbulda anadan olan Səlim Turan, Qalatasaray litesyi və İstanbul universitetində təhsilini başa vurandan sonra 1947-də Parisə gedib.

ƏSGƏRLİYƏ GEDƏ BİLMƏDİYİ ÜÇÜN TÜRK VƏTƏNDAŞLIĞINDAN MƏHRUM EDİLDİ

O dövrün məşhur fransız rəssamları ilə çiyin-çiyinə işləyən Səlim Turan əvvəllər Türkiyədən Avropaya gedən rəssamlardan fərqli olaraq, cəsur addımlar atıb və kubizm də daxil olmaqla Türk rəsm sənətini Avropa modernizmi ilə tanış edib.

Astma xəstəliyinə görə Türkiyədə əsgərliyə gedə bilməyən Səlim Turan, vətəndaşlıqdan çıxarılıb.

1977-də prezident Fahri Korutürkün fərmanı ilə vətəndaşlığa bərpa edilən Səlim Turan, Parisdə maddi sıxıntılar içində keçən illərdən sonra 80-ci illərin ortalarında Türkiyənin rəsm bazarında görünməyə başlayıb.

Qalareyaçı Yahşi Barazın dediyinə görə, o, 6-7 ildə Səlim bəyin təxminən 500 min dollarlıq tablosunu satıb.

1994-cü ildə Parisdə vəfat edən Səlim Turanın məzarı İstanbuldadır.

İndi Türkiyənin auksion salonlarında tablolarının qiyməti getdikcə aratn 3 rəssamdan biri İbrahim Safi, digəri Səlim Turandır.

Adından da göründüyü kimi, bu “gəzinti” Azərbaycandan gələn rəssamların ilk nəsli barədə bir təsvirdir.

Bu rəssamların Türk rənggarlıq sənətindəki yeri barədə gələcəkdə mütəxəssislər, qalareya və auksion evi sahibləri danışacaqlar.

Rəssamların ikinci dalğası 90-cı illərin əvvəllərində gəlməyə başlayıb.Onlarla bağlı təsvirimiz suallardan ibarət olacaq.
Gözünüzü "Azadlıq"ın “Oxu zalı”ndan ayırmayın.

Haydi oğlum, Siyavuş, sən də az danış, çayları tez gətir. İşimiz çoxdur.

Çaylarrrrrrrr.......

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG