Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Ermənistanın öz Elvis Preslisi var


Yanvarın 8-də bütün dünyada məşhur Amerika müğənnisi, rok-n-roll kralı sayılan Elvis Preslinin 75 illiyi qeyd edilir. 30 il əvvəl dünyasını dəyişsə də, Preslinin hələ də bütün dünyada yüzlərlə oxşarı var. Onlardan biri də Yerevanda yaşayır.

Narek Markaryan etiraf edir ki, üzdən rok-n-rol kralına çox oxşamır. Deyir ki, əsas məsələ odur ki, o, Preslinin xatirəsini yaşadanlardan biridir.

26 yaşlı “Erməni Elvis” Preslinin kasetlərini hələ məktəbdə oxuyarkən toplamağa başlayıb.

"Mən əsasən onun mahnılarını yığırdım. Mahnılar Elvisin bizə qoyub getdiyi böyük bir xəzinədir”.

Onun Yerevandakı evi tamamilə rok-n-roll kralına həsr edilib. Burada Preslidən bəhs edən yüzlərlə plakat, kaset, CD, kitab görmək olar.

Yerevandakı Bryusov adına Dilçilik İnstitutunda müəllim işləyən Narekin gecələr ikinci həyatı başlayır.

O ölkəni gəzir və Elvis kimi parıldayan əlvan paltarlar geyinərək, çevik hərəkətlər edə-edə rok-n-roll kralının məşhur mahnılarını klublarda ifa edir.

Erməni Elvis Amerikada da çıxış edib və 2007-ci ildə Bişkekdə Elvis qiyafəsində xeyriyyə konsertində mahnılar oxuyub.

Markaryan deyir ki, o, səhnədəki çıxışlarından həm də Elvisin – haqqında az danışılan cəhətlərindən insanlara məlumat vermək üçün istifadə edir. Klassik mahnılar da ifa edir.

"Elvisin çox böyük repertuarı olub – 700-dən çox mahnı.

Mən həmişə öz repertuarıma onun geniş auditoriyaya az tanış olan mahnılarını da salıram. Belə olanda insanlar indiyəcən yüz dəfə qulaq asdıqları mahnıları yenidən dinləməyə məcbur olmurlar".

Amma Ermənistanda Elvisin fan klubu yoxdur və Markaryan rok-n-roll kralının Rusiyadakı fan klubunun üzvüdür.

Erməni Elvis günlərin bir günü öz albomunu buraxdırmaq istəyir və oraya əsasən Preslinin mahnılarını daxil etmək arzusundadır.

Bu reportajı Azadlıq Radiosunun Ermənistan xidməti hazırlayıb.
XS
SM
MD
LG