Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:19

Bakının Ən gözəl qızı?.. Yox, Azərbaycan gözəli!


Leyla Bədirbəyli
Onun yaşadığı dönəmdə sovet Azərbaycanında gözəllik yarışları keçirilmirdi. Amma şəhərin sayılan gözəlləri, şübhəsiz ki, var idi. Birisinin nə qədər gözəl olduğunu sübut etmək üçün, onu mənim qəhrəmanımla tutuşdururdular. “O filankəsdən də gözəldir” deyirdilər. Demək, mənim qəhrəmanım yaşadığı zamanda gözəlliyin etalonuna -məhək daşına çevrilmişdi. Lap amerikalıların Merilin Monrosu kimi.

“Çürüməkdə olan kapitalizm” öz gözəlini tezcə yedi. Amma “çiçəklənən sosializm” öz ilahəsini uda bilmədi, udmadı. Onu zamanının ən məşhur aktrisalarından birinə çevirdi.

Hər sahədə “xarüqələr yaradan” Sovetlərə ulduzlar da gərək idi, axı...

Bir şərtlə ki, kefləri istəyəndə, onu göydən yerə (və ya əksinə) endirib-qaldıra bilsinlər...

Xoşbəxtlikdən, Leyla xanımın sənət ulduzu daim işıq saçdı. Amma həyatının sonlarında bir kitab yazdı və orada 1937-ci ilin göydən endirilən ulduzlarından da söz açdı...

Söhbətin kimdən gedəcəyini təxmin etdiniz yəqin. Bu gün - yanvarın 8-i Azərbaycan teatr və kinosunun gözəl üzü Leyla Bədirbəylinin 90 yaşı tamam olur. Düzdür, xatirələr kitabında Leyla xanım doğum tarixini 1923-cü il yazır. Amma üz tutduğum bütün qaynaqlar (o cümlədən teatrşünas İlham Rəhimli) onun məhz 1920-ci ildə doğulduğunu göstərir. Fərq etməz. Ən önəmlisi odur ki, Leyla xanım 3 il tez, ya gec də olsa, yanvarın 8-də Bakıda bu dünyanı dadlandırmaq, şadlandırmaq, yaraşıqlandırmaq üçün doğulmuşdu.

İçərişəhərdə anadan olmuşdu

Özünün yazdığına görə, ziyalı ailədə. Atası Ağalar bəy Bədirbəyov Şəmkir bəylərinin nəslindən idi. Ağalar bəy gimnaziyadan sonra yüksək hərbi məktəb də bitirmişdi. Anası Bikə xanım xan qızı idi. Cümhuriyyət dönəmində Bakıya yerləşən ailə Sovetlərin gəlişindən sonra yeni həyat tərzinə də öyrəşir. Leyla xanım kitabında atasının sonrakı taleyindən heç nə yazmasa da, anasının (xan qızının!) dövrün fəal qadınları ilə ünsiyyətdə olduğunu, Əli Bayramov adına qadınlar klubuna gedib-gəldiyini, Ayna Sultanova, Ceyran Bayramova, Hökümə Sultanova ilə birgə çalışdığını yazır.

Leyla lap balacalıqdan rəqs etməyə başlayır. 13 yaşında Filarmoniyanın mahnı və rəqs ansamblının üzvü idi. O, burada sonralar “həyatımın günəşi” adlandıracağı bir ustadla tanış olur - Üzeyir Hacıbəyli ilə. Mahnı və rəqs ansamblı Üzeyir bəyin təşəbbüsü ilə yaranmışdı. Və Leyla bu ansamblla 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də iştirak edir.

Leyla İ. Stalini Kremldəki ziyafətdə görür

Siyasi Büronun bütün üzvləri orada imiş (Əvvəlcə “Koroğlu” və “Arşın mal alan” Böyük Teatrda göstərilib). Üzeyir bəy, Bülbül, Şövkət Məmmədova Stalinin yanında əyləşibmişlər. Leyla “Bəri bax” mahnısı əsasında qurulan rəqsi oynayıb. Stalin rəqsi yəqin ki, bəyənib (Leyla xanım təvazökarlıqdan bunu yazmır).

Stalin “Bəri bax” mahnısını oxuyurmuş!

Mahnıdan və rəqsdən təsirlənən Stalin Bakıda gizli fəaliyyətdə olduğu illərdə inqilabçı dostları ilə bu mahnını parol kimi oxuduqlarını xatırladıb. Ömrünün qürub çağlarında Leyla xanım uzun zaman Georgiev salonunda gerçəkləşən o möhtəşəm gecənin təsirindən çıxa bilmədiyini yazır. Adları “əfsanələşən” sovet liderlərini lap yaxından görməyin gənc bir qız üçün nə qədər təsirləndirici olduğu təəccüb doğurmamalıdır... Bir az keçəcək, Leyla xanım Stalinin adını daşıyan mükafatın laureatı olacaq. Və Sovetlər İttifaqında bu mükafatı daşıyan üç qadından biri olduğunu fəxrlə söyləyəcək...

Müharibə xəbərini qatarda eşidirlər

Gözəl rəqqasə qız lap kiçik yaşlarından kino çəkənlərin diqqətində olub. İnanmayacaqsınız, amma Leylanın cəmi 9-10 yaşı olanda, Moskvadan gələn məşhur sənədli filmlər ustası Dziqa Vertov onu “Lenin haqqında 3 söz” adlı filminə çəkib. Sonra ilk qadın kino rejissorumuz sayılan Qəmər Salamzadənin “Çılğın dəstə” filminə çəkilib. İyirmi yaşında onu hətta baş rola çəkirlər—“Ayna” filminə. Sonra “Səbuhi” filmində Tubunu oynayır. 1942-ci ildən o həm kinoda, həm teatrda, həm də radioda çalışırdı. Bu illərdə Leyla xanım qastrollara da çıxır. Müharibənin başlandığı xəbərini də elə Moskva qastroluna gedərkən, qatarda eşidir...Kitabında Bakıya qayıtmaq üçün hansı əziyyətlərdən keçdiklərini, ancaq Üzeyir bəyin xahişindən sonra geri dönə bildiklərini yazır.

Mənə xanım demə, adım Gülçöhrədir...

“Arşın mal alan”dakı Gülçöhrə yəqin ki, Leyla xanımın həyatının roludur. Sınaq çəkilişinə qatılan 50 qızın içindən onu seçirlər. Məşqlər başlayır. Ancaq Leylanın oyunu quruluşçu rejissor Rza Təhmasibin xoşuna gəlmir. Tez-tez aktrisanın üzünə “yəqin səni dəyişməli olacağam” - deyir. Leyla bir gün səhər məşqdən əvvəl Üzeyir bəyin “Monolit”dəki evinə gedir. Ancaq illərdir tanıdığı bu şəxsi görən kimi boğazı quruyur. Birdən göz yaşları içində başını qaldırıb “Üzeyir bəy, mən Gülçöhrəyə çəkiləcəyəm...” deyir və ağlayır. Dünyagörmüş Üzeyir bəy məsələnin nə yerdə olduğunu anlayır. Və başlayır Gülçöhrə obrazını necə görmək istədiyini ona danışmağa. Axırda da bir xahişini çatdırır: “İstəyirəm ki, sən mənim Gülçöhrəmi ürəkdən sevəsən”.

Leyla sanki böyük ustaddan güc alır. Elə həmin gün məşqə baxan rejissorlar onu tərifləyirlər: “Bu başqa məsələ. Əhsən, yaxşı çalışıbsan!” Leyla susur, “sirrini” yalnız Əsgər rolunun ifaçısına—Rəşid Behbudova açır...

Mən ki, gözəl... idim

Leyla xanım şöhrətli bir həyat yaşadı. Saysız-hesabsız filmlərə çəkildi. Dövrün ən məşhur tamaşalarında baş rolları canlandırdı. Adı dillər əzbəri oldu. Dövrünün ən tanınmış simaları ilə (Səməd Vurğun, Nazim Hikmət, Rəşid Behbudov, Hüseynqulu Sarabski və b.) bağlı yazdığı xatirələr kitabını “Ömrümün nağılları” adlandırdı. Uzun illər ona verilmiş “Azərbaycan gözəli” (onu təkcə Bakının ən gözəl qızı adlandırmağıma baxmayın) titulunu şərəflə daşıdı. Amma kitabında bircə dəfə də olsun özünü “tacsız kraliça” adlandırmadı. Bircə dəfə də olsun özünə gözəl demədi, özünü öymədi. Ancaq əhatəsində olduğu, həyatını gözəlləşdirən dostlarından danışdı. Bəzən hətta çox sadəlövhcəsinə danışdı...

Bir gülməcə: Evində tank gizlədib?

1937-38-ci illərdə - tuthatut vaxtı gənc Leylanı adı bəlli orqana çağırıb soruşurlar ki, sən Hacıağa Abbasov (tanınmış teatr xadimi) haqqında nə bilirsən? Deyir, ancaq yaxşılıq. Bir məsələ var ki, bu yaxınlarda eşitdim, guya o evində bir tank gizlədib. Leylanı dindirən gülməkdən keçir və daha heç nə soruşmayıb onu yola salır...

Hələ gəlməyiblər?

Leyla xanımın bircə xatirəsini də sizə danışıb, yazıya son verəcəyəm. 37-nin repressiya qurbanlarının içində məşhur aktyorlar da olub—Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb. Damokl qılıncı isə o birilərin başının üstündən asılıbmış. Aktrisa Fatma Qədri Leyla xanıma danışarmış ki, onu, Kazım Ziyanı, Mirzağa Əliyevi ləkələməyə çalışırlarmış. O üzdən gecələr gözünə yuxu getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub soruşarmış: Necəsən? Hələ gəlməyiblər? Fatma xanım da deyərmiş: Yox! Mirzağa Əliyev qayıdarmış: Allaha şükür!
Fatma xanım əlavə edərmiş ki, hər gün ölə-ölə yaşayardıq...

Tanrı gözəllərə də qıyarmış...

Leyla xanım 1999-cu il noyabrın 23-də Bakıda dünya ilə vidalaşdı...

Nisgilli getdi. Bir az öncə cavan qızını yol qəzasında itirmişdi. Onu bu dərd apardı. Amma Leyla xanım ABŞ gözəli Merilin Monronu üstələdi, uzun ömür yaşadı və gənc yaşlardan ona verilmiş missiyanı şərəflə daşıdı.

Ölənəcən Azərbaycan gözəli qaldı.

Hələ indiyədək Azərbaycanda heç kim, təkrar edirəm, heç kim bu titulu qazanmamışdı...
XS
SM
MD
LG