Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

Küfr danışanı cərimə edəcəklər


Danimarkada Məhəmməd peyğəmbər haqqında karikatura çəkən rəssamın dövlət tərəfindən qorunduğu bir vaxtda başqa bir Avropa ölkəsində küfr danışmağa görə cəza tətbiq ediblər.

İrlandiyada yanvarın 1-də qüvvəyə minmiş yeni qanuna görə, "əgər hər hansı şəxs istənilən dinin müqəddəs saydığı məsələlər haqqında təhqiramiz fikir söyləsə, yaxud həmin fikri yazısında ifadə etsə, bununla da həmin dinə sitayiş edən çoxlu sayda insanda hiddət doğurmuş olsa, təminən 35 min dollar məbləğində cərimə edilə bilər".

Amma yeni qanunda o da qeyd edilir ki, ittiham edilən şəxslər yalnız dediklərinin, yaxud yazdıqlarının ədəbi, sənətkarlıq, təhsil, yaxud siyasi aspektdə dəyər kəsb etdiyini sübut etdikləri halda cəzalanmaya bilərlər. (CNN)

Bu qanunun söz azadlığına zərbə olduğunu düşünən bir qrup ateist isə məşhur şəxslərin, o cümlədən Mark Tven, Byork, Salman Rüşdünın küfr hesab edilən fikirlərindən ibarət kitab buraxıblar.

Ateistlər yeni qanunu “axmaq və təhlükəli” adlandırıblar. Onların fikrincə, bu, dini zəmində zorakılığa rəvac verir.

Sözügedən qrup öz İnternet saytında yazır ki, sitatların müxtəlif dinlərin müqəddəs saydığı məsələlər haqqında təhqiramiz səslənməsinə baxmayaraq, “biz insanların həmin fikirləri səsləndirmək, yaxud çap etmək hüququnu tam dəstəkləyirik”.

Irlandiya sakinlərinin çoxu katolikdir. Küfrə qarşı mübarizə haqqında qanun keçən ilin iyulunda qəbul edilsə də, bu ilin yanvarına qədər qüvvəyə minməmiş qalırdı.

İrlandiya ateistləri hökumətdən təkcə, yeni qanunu ləğv eləməyi yox, həm də referendum keçirib ölkə Konstitusiyasından Allahla bağlı bütün fikirləri çıxarmağı tələb edirlər.

Axır illərdə Avropa dövlətlərində dinlər haqqında təhqiramiz sayılan fikirlərə münasibətdə fərqli mövqelər müşahidə olunur.

Xüsusən bir neçə il qabaq Danimarka qəzetlərinin birində Məhəmməd peyğəmbərin karikaturaları çap olunandan sonra bu, İslam ölkələrində böyük etirazla qarşılanmışdı.

Baş verən iğtişaşlarda ölənlər də olmuşdu.

Bəzi müsəlman ölkələri hətta Danimarka ilə münasibətləri pozmuşdu.

Bəzi ruhanilər danimarkalı karikaturaçı Kurt Vesterqordun başına mükafat da qoymuşdu.

Bir neçə gün əvvəl balta ilə silahlanmış bir müsəlman onun evinə daxil olmağa cəhd etmiş, amma Danimarka polisi hücum edəni zərərsizləşdirə bilmişdi.

Hollandiyalı deputatın İslamın zorakılığa çağıran bir din olması haqqında filmi də müsəlman ölkələrində hiddət doğurmuşdu.

Avropadakı xristian dindarlar isə 2003-cü ildə Amerika yazıçısı Den Braunun “Da Vinçi kodu” adlı əsərində onların sitayiş etdiyi dini təhqir etdiyini deyərək etirazlar təşkil etmişdilər. Kitaba Vatikan da etirazını bildirmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG