Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:57

İlin şikayətləri…


Yola saldığımız ildə AzadlıqRadiosunun «Qaynar xətti»nə elə gün olmadı ki, şikayət gəlməsin. İl boyu dinləyicilərimiz müxtəlif problemlərin həllinə köməyi bizdən istədi. Əgər şikayətləri saf-çürük etsək, onların arasında qaz, su, işıq kimi oxşar problemlərə də rast gəlmək olar, şərikli mal üstündə mübahisədən tutmuş - şəxsiyyət vəsiqəsi ala bilməməyə qədər.

MƏHKƏMƏ ƏDALƏTSİZLİYİ, POLİS ÖZBAŞINALIĞI


«Qaynar xətt»ə həm yazılı, həm şifahi gələn şikayətlər arasında məhkəmə ədalətsizliyindən, polis özbaşınalığından olan şikayətlər də var. Məğrur Bədəlsoy adlı bir dinləyicimiz isə ağac kəsildiyinə görə məhkəməyə vermədiyi dövlət qurumu qoymamışdı.

İl boyu «Qaynar xətt»ə zəng vurub kömək istəyən, doğum şəhadətnaməsində Özbəkistanda anadan olduğu göstərilən Amin Həsənovun dərdi isə ümumvətəndaş pasportu almaqla bağlı idi. «Qaynar xətt» bu problemi Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı İdarəsinə çatdırmışdı. İnsafən, onun problemini həll etmək üçün göstəriş verilmişdi, amma Amin Həsənov Azərbaycan vətəndaşı olmaq istəmədi, dedi ki, ona bu ölkənin vətəndaşı olmadığını göstərən sənəd lazımdır, ölkə vətəndaşlığını qəbul etsə, əsgərliyə getməlidir. «Qaynar xətt» uşaqlarına şəxsiyyət vəsiqəsi ala bilməyən başqa bir dinləyicə isə kömək edə bildi.

Evinə telefon çəkdirə bilməyən vətəndaş isə «Qaynar xətt»in müdaxiləsindən sonra bu qayğıdan canını qurtardı.

KÖMƏK EDƏ BİLMƏDİKLƏRİMİZ

Amma kömək edə bilmədiklərimiz də oldu. Ötən ilin əvvəlində evi yanan məcburi köçkünün problemini dəfələrlə işıqlandırsaq da, aidiyyətli qurumlar onun dərdinə laqeyd yanaşdı.

İl boyu ən çox şikayət dövlət obyektlərinin tikintisi üçün yaşadıqları yerlərdən köçürülən Bakı sakinlərindən gəldi. Kiminin evi dövlət bayrağının, kimininki qış bulvarının, bir başqasınınkı isə yeni prezident iqamətgahının zavalına gəldi.

«Qaynar xətt»ə il boyu yadda qalan daha iki şikayət barədə isə bir az sonra danışacam.

Vətəndaşların il boyu hansı məişət problemləri ilə üzləşdiyinin mənzərəsini Heydər Əliyev Fondundan öyrənmək istədik. Çünki şikayətlərin bir ünvanı da buradır. Amma oradan dedilər ki, fonda gələn şikayətlərlə Prezident Adminstrasiyasının birinci xanımın işlər təminatı şöbəsi məşğul olur. Ancaq nə bu şöbədən, nə də adminstrasiyanın qəbul otağından suallarımıza cavab ala bildik. Yeri gəlmişkən, «Qaynar xətt» il boyu Prezident Adminstrasiyasının şöbə rəhbərlərinin qəbuluna düşə bilməyən şikayətçilərə yardımçı ola bilmişdi. Qəbul otağının müdiri Süleyman İsmayılov «Qaynar xətt»in şikayətçilərinə həssas yanaşmışdı.

QƏZETLƏR O GÜN OLMUR, OXUCUDAN PROBLEM DOLU ŞİKAYƏT ALMASINLAR

Vətəndaş şikayəti həm də ölkə qəzetlərinə də ünvanlanır. «Yeni Müsavat»a gələn şikayətləri araşdıran Sevil Hilalqızı deyir ki, o gün olmur, oxucudan problem dolu şikayət almasınlar.

«Azadlıq» qəzetinə isə daha çox məhkəmə ədalətsizliyi, hüquq pozuntusuyla üzləşən oxucular üz tutur. Bunu qəzetin əməkdaşı Nigar Vaqifqızı deyir.

Yuxarıda vəd elədiyim kimi «Qaynar xətt»in 2009-cu il arxivində diqqəti çəkən iki şikayət barədə də danışım. Biri - Amil Həsənov ANS TV-yə şikayət elədiyi üçün polis vəzifəsindən çıxarılıb.

Digəri isə mahnı bəstələyib oxuduğu üçün prokuror vəzifəsi əlindən alınan Fərman Əfəndiyevdir.

Ölkə ombudsmanı Elmira Süleymanova isə il boyu onlara gələn şikayətlərlə bağlı hesabatını gələn ilin əvvəllərində parlamentə təqdim edəcək.
XS
SM
MD
LG