Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Amerikaya uçmaq istəyənlər tualetsiz qalmalı olacaq


Yeni qaydalarda sərnişinlərə hava limanına lap tez gəlmələri tövsiyə olunur
Yeni qaydalarda sərnişinlərə hava limanına lap tez gəlmələri tövsiyə olunur
Bazar günündən başlayaraq, Amerikaya birbaşa uçuş həyata keçirən hava limanlarında təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Ötən cümə günü «Detroyt» hava limanının uçuş zolağındakı bir təyyarədə, bir nigeriyalı yanğın törətməyə cəhd edərkən həbs edilmişdi. Təyyarə hava limanının digər təyyarələrdən uzaq bir güşəsinə aparılıb, orda həm sərnişinlər, həm də yüklər total şəkildə yoxlanılmışdı.

TUALETDƏ UZUN MÜDDƏT QALDI VƏ HƏBS OLUNDU

Bazar günü isə eyni hava limanında başqa bir təyyarədə sərnişinlərdən birinin tualetdə uzun müddət qalmasından şübhələnən uçuş heyəti həyacan siqnalı verəndən sonra eyni prosedur təkrarlanmışdı. Təyyarəni yenə təhlükəsiz bir yerə sürüb, orda başdan-ayağa yoxlamışdılar. Tualetdə oturan nigeriyalı isə həbs olunub, Federal Təhlükəsizlik Xidməti tərəfindən sorğuya alınmışdı.

Amerika Milli Təhlükəsizlik Departamentinin sözçüsü Sara Kyuban sonra bəyan eləyib ki, həyacanlanmağa səbəb yox imiş. Həbs olunan şəxs sadəcə xəstəliyi üzündən tualetdə həddindən artıq vaxt keçirməyə məcbur olub.

Ancaq ard-arda iki belə hadisənin baş verməsindən sonra Amerikanın Nəqliyyatda Təhlükəsizlik İdarəsi aeroportlar və hava nəqliyyatı şirkətlərinə təhlükəsizli tədbirlərinin gücləndirilməsiylə bağlı yeni qaydaları göndərib.

Həmin qaydalara görə, Amerikaya birbaşa uçuşlar olan hava limanlarında və ABŞ-ın aeroportlarında təhlükəsizlik tədrbiləri, yoxlamalar artıq elə qapıdan başlanır. Əl baqajları və yüklər iki dəfə, lazım gəlsə, xüusi təlim görmüş itlər tərəfindən də yoxlanacaq. Bundan başqa, sərnişinlər də üstlərində yoxlama aparılmasına hazır olmalıdırlar.

TUALETƏ GEDƏRKƏN UÇUŞ HEYƏTİNİN RAZILIĞINI ALMALI


Bu qaydalarda təyyarənin salonuna ancaq bir əl baqajının keçirilməsinə icazə verilir, 8-15 saatlıq uçuş boyu sərnişinlərin ayağa qalxması və baqaj yerlərinə müdaxiləsi qadağan edilir. Üstəlik, sərnişinlərin dizlərinin üstündə hər hansı elekron avadanlıq saxlamaları da. Sərnişinlər tualetə gedərkən də uçuş heyətinin razılığını almalı və onlardan biri tərəfindən müşayiət edilə bilərlər. Uçuşun başa çatmasına bir saat qalmışdan isə sərnişinlərin ümumiyyətlə yerindən qalxmasına, tualetə getməsinə, hətta yastıq və ya yorğanlardan istifadəsinə də icazə verilmir.

Yeni qaydalarda sərnişinlərə bütün bu təhlükəsizlik tədbirlərinin əvvəlkindən daha çox vaxt apara biləcəyini nəzərə alıb, hava limanına lap tez gəlmələri tövsiyə olunur.

Bazar günü və bazar ertəsi Asiya, Yaponiya, və Avropadan Amerikanın müxtəlif şəhərlərinə uçuşlar azı 2-3 saat gecikməylə həyata keçirilib. Ancaq hələ ki aviaşirkətlər əlavə təhlükəsizlik tədbirləri üzündən tranzit uçuşlarına gecikən sərnişinlərdən cərimə almayacağına təminat verir.

Bu əlavə təhülkəsizlik tədbirlərinin nə qədər davam edəcəyi məlum deyil. Çünki Amerikanın Nəqliyyatda Təhlükəsizlik İdarəsi Milad və Yeni il bayramları dövründə, qeyri-müəyyən vaxta qədər belə güclənidirilmiş təhlükəsizlik rejiminə ehtiyac olduğunu bildirib.
XS
SM
MD
LG